Ədəbiyyat
23.09.2016 / 12:40

Azərbaycan poeziyasında "Ceyran" motivi

Azərbaycan poeziyasında "Ceyran" motivi
Almaz ÜLVİ/filologiya elmləri doktoru


(Klassik ustadlarımız Aşıq Ələsgərin, Səməd Vurğunun
və gənc şəhid-şair Ülvi Bünyadzadənin “Ceyran” şeirləri əsasında)


Klassik Azərbaycan aşıq şeirində gəraylı ədəbi üslubunda yazılmış şeirlər içərisində Dədə Ələsgərin (1821-1926) yaradıcılığı xüsusi yer tutur. Belə bir ədəbi formada ilk baxışda şeir yazmaq heç də asan deyil, sanki bədahətən deyim tərzini xatırladır. Sadə və çətin, lirik və oynaq səs və söz oynatmaları həm də yaddaqalan olur. Dədə Ələsgərin “Ceyran” adlı gəraylısına göz yetirək:
Durum dolanım başına,
Qaşı, gözü qara, Ceyran!
Həsrətindən xəstə düşdüm,
Eylə dərdə çara, Ceyran!
Dədə Ələsgər bu gəraylısını məzmundan da göründüyü kimi, Ceyran adlı bir gözələ ithaf edib. Ustadlar ustadı Aşıq Alıdan (onun da ustadı Ağ Aşıq olmuşdur) dərs alan, el şənliklərində, toy məclislərində, aşıqlar deyişməsində ustadlaşan Dədə Ələsgər yaradıcılığında gözəlləri vəsf edən belə şeirlər çoxdur. “Ceyran” şeirində də ilk olaraq Ceyran adlı bir qızın gözəlliyinə söz qoşur, qaşının-gözünün gözəlliyi ilə onu əsil ceyrana oxşadır, sonra isə “həsrətindən xəstə düşdüm” deyə aşiq halını təsvir edir.
Söz eşidib, ərzim qansan,
Mən yanana sən də yansan.
Özün bir tülək tərlansan,
Niyə uydun sara, Ceyran?
Könlündə alovlanan eşq atəşinə həmdəm olmağı diləyən yar tülək tərlana bənzətdiyi gözəlinin sara - özgələrə uymasını qınayır.
Ələsgərəm abdal ollam,
Eşqin girdabında qallam.
Küsdürmüşəm, könlün allam,
Yalvara-yalvara, Ceyran!
Və öz aşiq könlünün atəşinə bələdliliyinə və fəhminə inanaraq küsdürdüyü gözəlin könlünü yalvara – yalvara ələ alacağına inanır. Qəlbində saf və dumduru bir eşqin çağladığının şahidi oluruq. Ta əzəldən aşiq könlünün nəğmələri - klassik şeirdən günümüzəcən deyilən poeziyada, xüsusən xalq poeziyasında eşq onda inandırıcı və səmimi görünür ki, orada yanan qəlbin hərarəti duyulur.
Aşıq Ələsgər “Ceyran” şeirindən başqa bir çox şeirlərində gözəllərə olan iltifatını sözə düşüb-qoşarkən ceyrana bənzər təşbehlərindən istifadə etməkdən çəkinmir. Ceyranlar da can ovlayan gözləri ilə ovçuları belə ovsunlayıblar. Bəli, bu gözəlliyə valeh olaraq sevdikləri, bəyəndikləri qızlarda bir ceyran gözəlliyi arayırlar: “Öldürür” şeirində ərzi-halını andıraraq yazır:
Dərdim çoxdu, dindirməyin, həzarat!
Məni bir alagöz ceyran öldürür.
Qılıncsız, tüfəngsiz alır canımı,
Kimsə bilmir, pünhan-pünhan öldürür.
El məclisində gözünə dəyən qıza qoşduğu “Gözəl” şeirinin sətirlərindəki düzüm insanı saz üstə musiqi ovqatına kökləyir:
Görcəyin valeh oldum,
Həbəşi xəttü xalına;
Zənburam, sızıldaram,
Dodaqlarının balına.
Yaylaqlar ceyranısan,
Əhsən o gül camalına!
Mərmərdən bəyaz sinən,
Savalanın qarı, gözəl!
Zamanında Aşıq Ələsgərin sənətkar şanı-şöhrəti təkcə mahalında yox, cəmi yaxın-uzaq ellərə-obalara yayılmışdı. İmkanı olan hər kəs aşığı öz məslisində görmək istəyirdi. Bir toy məclisinə dəvət olunan aşıq gəlinin tərifini edərkən dediyi sözlər xalq yaddaşında günümüzəcən gəlib çatıb:
Camalın şöləsi nuri-təcəlla,
Çiraqban eyləyib mahalı, Xurşid!
Aşıldı niqabın ay qabağından,
Aldı başdan ağlı, kamalı, Xurşid!
Bağçaların bülbülü, göllər sonası,
Dağların ceyranı, maralı Xurşud!
Yeri gəlmişkən, ceyrandan savayı, marallar da şair qəlbləri ovsunlayan, onlardan təşbeh kimi istifadə də geniş yayılmışdı. Dədə Ələsgər poeziyasında da belə misralar çoxdur. Onlardan bəzilərini diqqətinizə yetirmək maraqlı olardı: “Bu dağlar mənim” şeirindəki –
Kamil ovçu itirəndə maralı
Kəsilər aramı, səbri, qərarı.
və ya “Ay “sin”ə, “sin”ə” adlı təcnisindəki-
Ovsunçular əllərinə mar alı,
Zənbur fəmə şaqayıqdır mar alı,
Kamil ovçu yəqin görüb maralı
Gedir bərəsinə ay sinə, ay sinə.
- sətirlər poetik məzmunu ilə rəngarəngdir. Hər iki şeirdə kamil ovçudan bəhs edilir: birində sevən qəlbin həyəcanı kamil ovçunun ovunu əlindən qaçırma həyəcanı ilə üst-üstə düşürsə, digərində isə ovçunun ehtiyatı, fəhmi, bacarığı, ustalığı diqqətə çatdırılır. Gözəlliyi ilə “Cilvələnib bir marala” dönən gözələ göz yetirib “Hansı dağın maralısan? - deyə sual edilir.
Dədə Ələsgərin “Ceyran” şeirindən sonra xalq məhəbbəti, el sevgisi bir əsrlik zaman ötsə də heç tükənməyən XX əsr klassik şairi Səməd Vurğunun (1906-1956) “Ceyran” şeiri yada düşür. Bu şeir şairin məşhur “Muğan” poemasının qoşma janrında yazılmış bir hissəsidir. Burada əsas obraz təbiətin gözəl varlığı, meşələrin gəlin gözəli, könüllərin butalandığı gözəlin bənzəri, nəhayət də ovçu əlindən zinhara gələn alagözlü, zərif baxışlı, çiynindəki xalları gözəl qızın yanaqlarındakı çillərə bənzəyən ceyrandır:
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb.
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran!
Şair bu sətirlərdə ceyranın özünü qorumaq üçün bir anda gözdən itməsini olduqca gözəl bənzətmə ilə təsvir edir – yerdən ayağını quş çevikliyi ilə götürməsi və qaçma startını yaydan çıxan oxa bənzətməsi çox uğurlu təsvirdir. Həmişə sürü ilə gəzən ceyranların başçısına - təkəyə üz tutub baş alıb hayana getmələrini sorur.
Əzəldən meylini salıb çöllərə,
Bəxtini tapşırdın bizim ellərə,
O qara gözlərin düşdün dillərə,
Dişlərin oxşayır mərcana, ceyran!
Şairin vəsf etdiyi təbiətin nadir varlıqları olan ceyranların, cüyürlərin, maralların bir Vətəni də Azərbaycandır. Bir az əvvəlki illərdə -
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma Vətənimsən,
Azərbaycan, Azərbaycan!
– deyə əzizlədiyi Azərbaycan -
Bir məsəl qalmışdı ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran.
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb, hər yana ceyran!
Dişlərini mərcana, uçmasını turaca, qaçmasını elə özünə-ceyrana bənzətdiyi təbiət gözəlinin hüsnünə heyranlığını gizləyə bilməyən lirik “mən” qəhrəmanının şöhrətindən bəhs edir.
Sükuta qərq olmuş ürəyimlə mən,
Keçirəm yenə də Muğan çölündən,
Yanında balası, yağış gölündən,
Əyilib su içir bir ana ceyran!
Elə ki, son bahar min büsat qurur,
Kolları-kosları yıxıb uçurur,
Sıxnaşıb bir yerə baş-başa durur,
Düşəndə çovğuna, borana ceyran!
Ceyranların yaşam tərzi nəzmə çəkilib: onların sürü halında gəzməsi, sıx-nalaşaraq yatıb-durmaları və bu zaman onların keçiyini çəkən təkənin həyəcanı, bir qaraltı, xışıltı eşidincə bütün ceyranları duyuq salması təsvir edilir,
On addım kənarda yatmayır təkə,
Gəzinir, oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!
Səməd Vurğun lirik səpkidə sətirlədiyi bu poetik nümunə elə qəhrəmanının -ceyranının sanki hüsnünə, boyuna biçilib. Və bu istək, bu məhəbbət o qədər canı- könüldən deyilir ki, onun ovlayan insanın peçimançılığını duymamaq mümkün deyil:
Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, -
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana, ceyran!
Məlumdur ki, şair ov həvəskarı olub. Bu şeirdəki səmimiyyət, məhəbbət də aydınlaşdırır ki, əlinə qələmə alıb belə misralar düzən şairin – ovçunun ceyran ovlamasını göz önünə gətirmək mümkün deyil. Əgər o bir başqa ovçuya yalvarıb “Ovçu insaf eylə, keçmə bu düzdən” – deyirsə, onun ceyran ovlaması da ağla batan deyil. Əksinə, onun Muğana yaraşıq verməsi ilə öyünür, fəxr edir.
Səməd Vurğunun bu şeiri illər uzunudur ki, orta məktəb şagirdlərinə öyrədilir. Təbiətin gözəl varlıqları olan heyvanlara qarşı istək hissini oyatmaq üçün, lirik və yaddaqalan, sadə poeziya nümunəsi olduğu üçün. Aşıqların sazında dinlənilib, bəstəkarların not dəftərindən xanəndələrin xoş avazınacan gedib çatıb. El misalı var, deyərlər ki, filan qız o qədər gözəl idi ki, gözləri sanki ceyran gözü idi, və ya elə yeriyir ki, sanki ahu süzür və s. və s.
Bir qız sevdim ahu baxışlı, ahu zəriflikdə...
– bu da el içində dolaşan sözlərdəndir. Səməd Vurğunun bu şeiri insan öz-özünə zümzümə edəndə dodaqlarında pıçıltıya dönür.
Səməd Vurğunun “Ceyran” şeiri bir çox tədqiqat əsərlərində təhlilə cəlb edilmişdir. Təbii ki, bütün bunlar bu əsərin poetik baxımdan uğurlu alınmasının nəticəsində yaranmışdı. Bir el şərqisinə, el nəğməsinə dönən bu şeir əlinə qələm alan bir çox gənclərin mövzusuna çevrilmişdi. Sanki elə hamının yazdığı ceyran Səməd Vurğunun “Ceyran”ı olacaqdı.
Səməd Vurğunun yaradıcılığından bəhrələnən, ondan təsirlənərək şairlik yoluna qədəm qoyan gənclərdən biri də Ülvi Bünyadzadə (1969-1990) olmuşdur. Onun bir çox əsərlərinin mayasında Səməd Vurqun poeziyasının izlərini görmək mümükündür.
Bütün şairləri oxusan əgər,
Qəlbinə girəcək yüz dürlü əsər.
Amma əsrimizə yaraşıq gəldi,
Gəldi Səməd Vurğun, Aşıq Ələsgər.
Ülvi Bünyadzadə bu sətirləri 1985-ci ildə yazmışdır. Bu məqalədə adlarını qeyd etdiyimiz, daha doğrusu, haqqında söhbət açdığımız “Ceyran” şeirlərinin müəllifləri Aşıq Ələsgər və Səməd Vurğun şəxsiyyətinə, ədəbi irsinə Ülvi məhəbbə-tindən bir nümunə. Və bu məhəbbət izi Ülvinin təkcə poetik düşüncələrində yox, eyni zamanda nəsrində də, dram əsərlərində də vardır.
Ülvi Bünyadzadə 1990-cı ildə Sovet Ordusunun Bakı təcavüzü zamanı Şəhid oldu. O, Vətən “And”ı içib milli mübarizlik yoluna çıxmışdı. Və bu yolda da, elə o gecə şəhid oldu. Cəmi 20 illik ömür yaşayan Ülvi Bünyadzadənin sonrakı ömrünü onun uca Şəhid adı və saysız-hesabsız poetik nümunələri – poema və şeirləri, poevest və hekayələri, dramları və tərcümələri, ədəbi-tənqidi məqalələri və publisistikası, məktubları və qeydləri. Bu gün həmin irsdən məşhur “Ceyran” və ceyran motifli bir neçə nümunə tədqiqat obyektimizdir.
1986-ci il idi. Sevimli şairimiz Səməd Vurğunun anadan olmasının 80 illik yubileyilə əlaqədar hər yerdə ədəbi-bədii gecələr keçirilirdi. M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası da belə bir məclis keçirməyə ciddi hazırlaşırdı. Bir axşam həmin məclisdə edəcəyim çıxışımın mətnini yazmağa hazırlaşarkən Ülvi qəribə (kövrək) bir həyəcanla dedi ki, “çox istərdim Səməd Vurğunun bu əziz günlərində mən də bir söz deyim. Şairin 80 yaşına bir şeir yazmışam. Oxuyuram, xoşuma gəlmir. Şeir ürəyimcə alınmadığından uşaqlıqda şahidi olduğum bir hadisəni xatırlayıb balaca bir hekayə quraşdırdım. Nə isə, hələ ki, nə şeir, nə də hekayəm babat deyil”.Amma Ülvinin həmin tədbirdə “Vurğun nə tez qocaldın sən?” şeiri səsləndi –
Cığır üstə yolun gözlər,
Ana ceyran səhər-səhər,
Oylaqlara yüz yol baxar,
Sonra küsər, ağlamsınar.
Dərdini göz yaşı deyər:
“- Daha ova da gəlməyirsən,
Şair, nə tez qocaldın sən?”
Bax elə bu şeirdə Səməd Vurğunun “Ceyran”, “Şair nə tez qocaldın?” şeir-lərinə yazılan duyğular nəzərdən qaçmır. Bütün bunlar barədə elə bu sətirlərin müəllifinin “Səksən dönüb yüz olacaq” (Almaz Ülvi.“Müharibə ağrılarım”, 2005,”Nurlan”, 1996, səh. ) məqaləsində ətraflı yazılmışdı.
Burada isə sadəcə olaraq Ülvi Bünyadzadənin poetik ceyran obrazlarından bəhs edəcəyik. Üzvü olduğu “Qoşqar” ədəbi birliyinin sədri, şair Namazalı Paşa-yev “Daşkəsən” rayon qəzetində (15 sentyabr 1987-ci il) dərc etdirdiyi “Ülvi” adlı məqaləsində yazmışdır: “Ülvini lap çoxdan tanıyıram. Tez-tez rayon qəzetində məqalələrini oxuduqca hiss edirdik ki, o, istedadlı bir oğlandır. Yaxşı yadımdadır, “Qoşqar” ədəbi birliyinin növbəti məşğələlərinin birində bir məktəbli oğlan çıxış etdi. Həmin ciddi şeirlərin müəllifi məlum oldu ki, imzasına tez-tez rast gəldiyimiz Ülvi Bünyadzadədir. Həmin dərnəkdə Ülvi özünün təhlil və mühakimə qabiliyyəti ilə özünü göstərdi.O vaxtdan onunla dostlaşdıq. Redaksiyaya birgə gedib-gəldik, tapşırıqlar aldıq.Qəzetin növbəti nömrələrinin birində onun yazılarını oxuduqca bilirdim ki, bu gün məktəbli olan Ülvi sabah özünə aydın yol seçməyi bacaracaqdır. O, həmişə arzu edirdi ki, gələcəkdə tərcüməçi olssun. İngilis dilindən tərcümə etdiyi kiçik hekayələr, yumorlar da həmin arzunun təsirindən idi. O, həmişə ingilis dili dərslərində fərqlənər, “əla” qiymətlər alardı. Ümumiyyətlə, dil öyrənməyə çox böyük həvəsi vardı”.
Bütün bunlarla, Ülvi evdə, yoldaşları arasında özünü bədii yaradıcılığa bağlayan bir şair-yazıçı kimi qabarıq şəkildə büruzə verməzdi. Ədəbiyyat haqda söhbətlərini atası yaşda olan kişilərlə — şairlərlə, üzvü olduğu Daşkəsən rayon “Qoşqar” ədəbi birliyində edərdi. “Bir tikə məktəb uşağı” olduğu halda, o boyda kişilərlə “razılaşmazmış” və çəkinmədən onların oxuduqları yazılara öz tənqidi münasibətini bildirərmiş. Həmin ədəbi məclisdə oxuduğu ilk şeir (“Ceyran”) “Qoşqar”ın təqdimatıyla (1986) rayon qəzetində dərc edilmişdi:
Sayaddan sayalanan
Ahlı nalalı ceyran,
Gəldi sayada sarı,
Qaldı yaralı ceyran.
Bu şeirdə daim ovçuların əlindən zinhara gələn ceyranın məlul taleyi qələmə alınmışdı. “Ceyran” şeiri xalq yaradıcılığı üslubunda yəni, dodaqdəyməz formasın-da yazılmışdır: lirik, gözəl, bir az kövrək, bir az titrək, bir az həssas və yanıqlı hisslərdən ibarətdir. Burada işlənən bütün səslər elə ifa olunur ki, dodaqlar biri-birinə toxunmur. Şeirin dodaqdəyməz formasında söz oynatmaları, yəni təcnisdən məharətlə istifadə olunmuşdur.
Yeriyir, təngilləyir,
Yıxılır, inilləyir,
Yar deyib, yar diləyir,
Yardan aralı ceyran.
“Sayaddan sayalanan” yəni ovçudan ürkən, ehtiyat edən ceyran dar məqamında onu yaralayan sayada doğru gedir. Olduqca qəlb ağrıdan bir mənzərə canlanır – ovçu əlindən aldığı yaradan yeridikcə təngilləyən, yıxılan, inildəyən ceyranın ən ağır yarası yarından aralı düşməsidir və bu anında onu bu hala salandan imdad umur. “Lirik mən” isə onun bu halına bayatı düzümləyir:
Dağlar sinəsin dağlar,
Ağlar, deyər ağılar,
Calalsız qalır dağlar,
Dağlar calalı ceyran.
Dağlar gözəli, dağların ən dəyərlisi, qiymətlisi can üstdədir, onun bu halı dağlar sinəsinə dağ olur, dağlar calalı ceyranın ölümü ilə dağlar calalsız qalır. Sanki 15 yaşın yox qələmi yox, püxtələşmiş, ustadlaşmış təfəkkürün nəğməsi, bayatısıdır.
Digər “Ceyran” şeirində də daim hürkək tale yaşayan ceyran obrazı təsvir edilir-
Bir yerdə dura bilmir,
Sel kimi axır ceyran.
Görəsən nə axtarır,
Dörd yana baxır ceyran.
Dəlidağdan keçəndə,
Göygöldən su içəndə.
Bərəyə yetişəndə,
Durub karıxır ceyran.
Olduqca lirik və lakonik ifadələrlə poetikləşən bu obrazın vəziyyəti, yaşam tərzi bir anlıq gözlərimizdə canlanır: daim ürkək, həyəcanlı, təlatümlü, hər məqamında oyaq ceyranın halına acımamaq yanmamaq mümkün deyil.
Ceyran motivi şairin bir neçə şeirinin mövzusuna çevrilmişdir. “Gözlərin” şeirində bir gözəlin gözləri təsvir edilir –
Hürkmüş ceyran gözütək
Yaman axır gözlərin.
Buludlu səma kimi,
Şimşək çaxır gözlərin.
Burada gözəlliyinə tamaşa edən baxışlardan gözlərinin hürkmüş ceyran gözlərinə bənzəməsinə işarə edilir. “Yer qaçır” şeirindəki əsas obrazın – Yer kürəsinin günəş ətrafında fırlanmasını ovçu görmüş bala ceyranın qaçış sürətinə bənzədir -
Günəşin ətrafıyla,
Ovçu görmüş bir bala ceyran kimi,
Yer qaçır,
Hey fırlanır, hey qaçır.
Nəhayət, digər bir şeirindəki bənzətmə oxucuda heyrət doğurur – “lirik mən” sanki öz taleyini poetikləşdirib:
Görünür beləymiş mənim qismətim,
Söküldüm, uçuldum, bütün olmamış,
Ürkək ceyran kimi yaraladılar,
İlk eşqim sinəmdə düyün olmamış.
Azərbaycan poeziyasında ceyran motivli istənilən qədər nümunə tapmaq mümkündür. Bu yazıda isə sadəcə Azərbaycan poeziyasında xüsusi dəstixətti və yeri olan sənətkarların yaradıcılığına müraciət olunmuşdu: Azərbaycan aşıq şeirinin klassiki Dədə Ələsgərin, XX əsr Azərbaycan poeziyasının klassiki Səməd Vurğunun və gənc yaşında Azadlıq mübarizi kimi şəhid olan - klassikləşən Ülvi Bünyadzadənin ölməz poeziyaları zaman keçsə də öz saf və səmimi poetik duyğu-duyumları ilə yadda qalacaq, ədəbiyyatımızın tər səhifəsində görünəcəklər.

P.S- Bu yazı elmi məqalə olsa da Ülviylə bağlı bəzi şəkilləri oxucularımızla paylaşmaq istədik:

Azərbaycan poeziyasında "Ceyran" motivi

Ülvinin doğulduğu ev (ermənilər iyrənc xislətlərini cansız divarlardan da çıxmaqdan həzz alırlar)

Azərbaycan poeziyasında "Ceyran" motivi

Ülvinin doğulduğu Kəsəmən kəndi dumana bürünüb...

Azərbaycan poeziyasında "Ceyran" motivi

Ülvi elə uşaqlıqdan kitaba aşıq idi...

Azərbaycan poeziyasında "Ceyran" motivi

Ülvini tələbə yoldaşlar da çox sevirdilər...

İnform.az

Baxış sayı: 1839