Baş xəbər, Ədəbiyyat
23.09.2016 / 11:52

"Pəncərəmi döyür Sibir küləyi..."- Ülvi Bünyadzadənin bibisinə məktubu

"Pəncərəmi döyür Sibir küləyi..."-Bu gün özünü anladığı gündən amalı millətinə sevgi olan vətənpərvər Azərbaycan övladı, vətənimizin şəhdi balası, arzuları nakam qalmış gənc şair Ülvi Bünyadzadənin doğum günüdür.
İnform.az Ülvinin hərbi xidmətdə olarkən bibisi Almaz xanıma yolladığı məktubu təqdim edir. Öncə Ülvi haqqında qısa arayış:

Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açıb. Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yazır.
Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində almışdır. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən şəhərinə köçmüşdür.

12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış edir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilir.Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili alır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarırdı.

1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə vermiş, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmiş, Daşkəsən şəhərinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləməyə başlayır. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olur. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilmiş, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınmışdır. İnstitutun qəzetində yazıları mütamadi çap olunur.

Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. 1987-1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü olub. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmətdə olan Ülvi əsgəri xidmətini yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissədə Sov.İKP üzvlüyünə qəbul edilir.

1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olundu və APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin gün mitinqdə iştirak edir və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olur.

10 sentyabr 1989-cu ildə Ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs "And"ını yazır.

Ülvi Bünyadzadə Xarici Dillər İnstitutunda Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstəsinin və Şimali Azərbaycan Azad Tələbələr İttifaqının (ŞAATİ) yaradılmasında fəal iştirak edirdi. O, AXC-nin institutdakı dayaq dəstəsinin fəaliyyət proqramını hazırlayanlardan biri olmuşdur.[2]

Sov.İKP-nin bütün sovet xalqlarının həyatında oynadığı mənfi rolu başa düşərək Bakıya qayıtdıqdan sonra Azadlıq meydanında (dekabr) mitinq zamanı "Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazım olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq" deyərək kommunist biletindən imtina etdiyini bildirmiş, bileti oradaca ovcunun içində nümayişkaranə surətdə yandırır.

19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş və saat 00.20-də həlak olmuşdur. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapdılar.

Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunub.

Ülvinin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir.

Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən küçəyə) "Ülvi Bünyadzadə küçəsi" adı verilib. Həmin evin (babasının evinin) divarına "Burada 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır" yazılı barelyef-lövhə vurulmuşdur.

"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalayıb.
29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adi haqqında Əsasnamə təsdiq edilib.



ALMAZ, SALAM!

Sənin birinci məktubunu aldım - dünən (18 fevral). Aydın məsələdir ki, çox sevindim - bu barədə heç yazmağa dəyməz. Məktubundakı hərarət məni o qədər qızdırdı ki, dünəndən bəri hələ də oxuyuram... Birinci dəfə oxudum, özüm-özümə vuruldum: çox güclü, həm də düzgün təşbehlər işlətmisən. Xüsusilə mənim boyumu çinara bənzətməkdə, mənimlə ayrılığın sənə Qarabağ kimi çox əzab-əziyyət verdiyini söyləməkdə qarğanı lap gözündən vurubsan. Əlqərəz, "Ədəbiyyat və incəsənət"in təsiri o saat hiss olunur. Bircə şeydə azacıq "sol" gedibsən, o da bundan ibarətdir ki, yazırsan: mənim adım gələndə ürəyin elə əsib-titrəyir ki, elə bil 45 dərəcə şaxtada oturubsan çöldə. Vallah, xüsusilə burada, Sibirdə (-45 dərəcənin adi bir şey olduğu yerdə) bu sözlərə heç inana bilmədim. Çünki -45 dərəcədə nəinki (çöldə!!!) otursan (!!!), hətta saatda 120-lə qaçsan belə, sənin ürəyin qətiyyən əsib-titrəməyəcək. Çünki bu şaxtada adamın qanı donur, ürəyi dayanır, qulaqları da bürüşüb bir hala düşür ki, qağamın kərə toğlusu onun yanında toya getməli olur. (Yaxşı ki, dünyada +45 dərəcə olan yerlər də var. Yoxsa "Leyli və Məcnun" dastanı lap "Molla Nəsrəddin lətifələri" təsirini verərdi).
Əziz Almaz! Məndən narazılığını bildirirsən ki, şeir yazıb göndərmirsən. Sənin məktubunu gözləyirdim, - gəldi, indi buradaca kasıb (əlbəttə, kəmiyyətcə) yaradıcılığımdan böyük ədəbiyyatımızın "şedevrləri" sayılmağa layiq olan 3 şeirini sənə göndərirəm. Zarafatla deyirəm. Əsgərlik şeirləridir hamısı, yəni mövzu əsgər həyatından götürülüb:
I.
Pəncərəmi döyür Sibir küləyi,
Qəm sovurur kipriyimdən, qaşımdan.
Düşündükcə ötüb-keçən günləri,
Burum-burum duman qalxır başımdan.
Bu torpağa Allah qarğayıb nədir -
Günəşi buz, adamları buzdu, buz.
Gecəsi də, gündüzü də bilinmir,
İkisindən biri qara, biri boz.
Arzularım, xəyallarım ilahi,
Pərvazlanıb qanadların çalammır.
Gözəllərə həmdəm olan könlümü,
Rus gözəli ovudammır, alammır.
Bizim yerdə günəş gülümsəyəndə,
Torpaq da öz al rənginə bələnir.
Bizim yerdə qar gözləri üşütmür,
Bizdə qar da çiçək kimi ələnir.
Pəncərəmi döyür Sibir küləyi,
Qəm sovurur kipriyimdən, qaşımdan.
Düşündükcə ötüb keçən günləri,
Burum-burum duman qalxır başımdan.
II.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun
şaxtasından,
soyuğundan mən qorxmuram.
Mən qorxmuram, uzaq yola çıxmaqdan.
Bu yolun
acısından,
ağrısından,
"Ölüm" adlı yuxusundan mən qorxmuram.
Yollar saysız,
Yollar sonsuz,
Yollar ötür.
Dünənimdən,
bu günümdən,
sabahımdan ötür keçir.
Mən qorxmuram uzaq yola çıxmaqdan.
Çünki
dünyadakı bütün yollar,
Anamın təndir evinin qabağından ötür keçir.
III.
Yığışdı başıma qohum-qonşular,
Hərənin gəlişi bir toy, bir fərəh,
Boyumu sevdilər; qürrələndilər...
- Ay bala, bir sənsən ömrümə dirək!...
- Dayı, mənə şapka...
- Mənəsə ulduz...
- Əmi, dediklərim yadda qalacaq?...
Hərə öz könlündən gələni dedi,
Sevindi babamdan qalma bir ocaq
Bir elin xeyiri-bərəkətiylə,
Sənin nəfəsinlə, ay doğma kəndim,
Vətənə borcumu verməyə gəldim.
Anam alqış dedi, öpdü alnımdan,
Həsrətlə başımı köksünə sıxdı.
Arxamca su səpdi, dondu bircə an
İslandı kirpikləri...
Süzüldü, axdı...
Səndən ayrılsam da, ana, ay ana,
Mən borcumu sənə verməyə gəldim.
Vətənə borcumu verməyə gəldim.
Bu bahar görüşüb, sevişdiyim qız,
Darıxma, vaxt ötər, dönüb gələrəm.
Sənin çiçək kimi tər yanağından,
Həsrəti, hicranı özüm silərəm.
Bilirəm ən ağır günümdə, gülüm,
Həyata sən məni səsləyəcəksən.
Bilirəm sevgilim, yolumu mənim,
Gecə də, gündüz də gözləyəcəksən.
Ulu anamızdan qalan mirasa -
Bu böyük inama - bir də baş əydim,
Vətənə borcumu verməyə gəldim,
Vətənə borcumu verməyə gəldim.
Almaz, şeirlərdən birini daha çox bəyənirəm. Əlbəttə, bu o demək deyil ki, yaxşı şeirlərdir, əsl sözü səndən gözləyirəm. Onu da nəzərinə çatdırmağı özümün ən təcili borclarımdan biri hesab edirəm ki, sənin "d.g." adlı qorxunc zərbəndən ehtiyat məqsədilə, öz "ürəkaçan menyu"mda şeirə daha çox yer ayırmağı qəti surətdə qərara almışam.
Almaz, məktubunda Hüseyn əminin, Şəkibə və Qurbanın didərginlərimizə göstərdiyi köməkdən də yazıbsan. Bilirəm, Almaz, onlara hər cür təşəkkür, minnətdarlıq azdır. Elə bizim kimi "tələbə qohumbalalara" onların nə qədər köməyi dəyib. Başa düşürəm ki, onlar üçün bu nə deməkdir. Ancaq eyni zamanda hamının (bizimkilərdən savayı) bir yerə yığışması böyük xoşbəxtlikdir. Cicimin daim sənin yanında olmağına isə, elə görməyə-görməyə də paxıllıq edirəm - "g.g." (bunu başa düşməzsən, mənim təxəyyülümün məhsuludur).
Almaz, sənin o vaxtdan heç bir şey yazmadığın təbii ki, məni xeyli məyus elədi. Bakı mitinqləri görünür sənə bərk təsir edib.
Almaz, mən burada Pribaltikada yaranan Milli Cəbhənin, Beynəlmiləl Cəbhənin, Belorusiyada yaranan xalq cəbhəsinin (bundan bəlkə də xəbərin yoxdur), Erm. tələbələr ittifaqının proqramları ilə yaxından tanış olmuşam. Təsəvvür elə ki, Estoniya iyunun 1-dən təsərrüfat hesabına keçir. Bu artıq respublikanın öz iqtisadi suverenitetliyini qazanmağa inamını göstərir. Onu nəzərə al ki, bu iqtisadi müstəqilliyin arxasınca siyasi müstəqillik gəlir. Çox təəssüf edirəm ki, bu cür cəbhə-ittifaqlar, müstəqil tələbə qrupları və s. hələ də bizdə yoxdur. Bu günkü tələblərimiz dünənkilərdən çox da irəli gedə bilməyib. Doğrudur, Topxana uğrunda 20 günlük mitinq özü böyük şeydir. Ancaq mitinqlər daha çox hisslərlə, emosiyalarla oynayır, qazanılan isə çox az şey olur. Məsələn, Ermənistan tələbə ittifaqı (SAS) mübarizə forması kimi mitinqlərdən imtina edir, dil, mədəniyyət, iqtisadiyyat müstəqilliyi uğrunda mətbuat mübarizəsi edir, qeyd edirlər ki, SSRİ-nin bütün paytaxt şəhərlərində (o cümlədən Moskvada) Erm. nümayəndəliyi (mənim sözümlə konsulluğu) olmalıdır. Bu, açıq-aşkar SSRİ-dən ayrılmağı bir tələb kimi qarşıya qoymur, ancaq məntiq aydındır. Mübarizə forması isə mitinqlər yox, mətbuatda ideoloji təbliğatdır. SAS-ın öz qəzeti var - Erm. KGİ MK buna yardım göstərir. Bu tələblər qarşıya elə şəkildə qoyulub ki, etiraz eləməyə heç bir əsas qalmır. İttifaqın rəhbəri Erm. Universitetinin tələbəsidir - familiyası yadımda deyil. Bax, bu cür mübarizə aparmaq lazımdır - keyfiyyətli, intensiv və getdikcə genişlənən şəkildə.
Əlbəttə, təəssüflənirəm ki, o hadisələrin Bakıda canlı şahidi olmamışam. Digər tərəfdən isə hadisələr kənardan daha obyektiv şəkildə müşahidə olunur. Bax, elə buna görə də deyirəm ki, çox şeydə başqa millətlərdən yenə geridə qalırıq. Azərbaycanda "Türk gəncləri ittifaqının", "Tələbələr cəmiyyətinin" xüsusilə "Cənubi Azərbaycanla birləşmək uğrunda mübarizə cəmiyyəti" və s. yaratmaq vaxtı çatıb. Bu məsələlər ancaq aşağıdan başlanmalıdır, yuxarı isə öz köməyini (mətbuat və s.) onlardan əsirgəməməlidir. İran Sovet İttifaqı ilə əlaqədən imtina edir. Ancaq mənə belə gəlir ki, müstəqil şəkildə yuxarıda adlarını çəkdiyim cəmiyyətlər İranla bir millətin adından çıxış edib, Cənubi Azərbaycan barədə bəzi məsələləri həll edə bilər. Nə isə fikirləşdikcə adam çox dərinlərə gedib çıxır, ən yaxşısı budur ki, fikirləşməyəsən.
Almaz, göndərdiyin qəzetləri də aldım. Bunlara görə xüsusi təşəkkürümü bildirirəm. Mümkün olduqca bu cür köməklərini əsirgəmə. Mayıl əmiylə yəqin gündə görüşürsən - onun qəzetində də maraqlı bir şey çıxırmı, əvvəllər heç o qəzetə evdə abunə də yazılmaq istəmirdik. Yəqin Qannılı balasının gəlişi qəzetdə "inqilabi yenidənqurma" işinə öz müsbət təsirini artıq göstərib. Kolleqaya çoxlu salamlar çatdır.
Almaz, bununla da bu "qısacığaz" məktubumu başa vururam. Dostlarına, tanışlarına, qohumlara mənim qaynar salamlarımı çatdır.

Hörmətlə: ÜLVİ BÜNYADZADƏ. 19.02.89.

"Pəncərəmi döyür Sibir küləyi..."-


Tamam yadımdan çıxmışdı, məktubu niyə köhnə ünvana göndərmisən. Hiss olunur ki, ya konvert çoxdan yazılıbmış, ya da məktubu çoxdan yazıbsan, 2-3 aydan sonra poçta atıbsan. Köhnə yerimdəki yoldaşlarım gətirib mənə çatdırdılar.
Məni yaddan çıxarmaq üçün məktub yazmamağın isə düzgün deyil. Sən ürəyinə qulaq asma, o adamı çox vaxt aldadır, beyninlə işlə - yalan sözdür ki, şairlər ürəkləri ilə yazırlar, əksinə, şeir də beyinin məhsuludur. Bax, onda görərsən ki, Ülvini unutmaq o qədər də çətin deyil, görərsən ki, Ülvini unutmaq lazım da deyil, ən yaxşı yol ona məktub yazmaqdır. Çünki Ülvi də yazıqdır axı, onun da dayağı ancaq sənin məktublarındır.
Almaz, Asimin məktubunun son cümləsi məni ağlatdı. "Göyçə mahalında yaşayan azərbaycanlıların hamısı köçüb gəlib".

Kansk-14. v/ç 93791 "Ş-B", 03714 "ç".


İnform.az

Baxış sayı: 931