Baş xəbər, Ədəbiyyat
08.08.2016 / 11:00

Səadətə aldanmış şair, yaxud Sergey Yeseninin Mərdakan dramı

Səadətə aldanmış şair,
Aydın Hüseynov


(Söz vaxtına çəkər, 1925 –ci ilin qızmar avqust günlərində Rusiyanın böyük qəlb şairi Sergey Yesenin Mərdəkanda yaşayıb yaradırdı. Bu mətndə deyilənlərin hamısı böyük şairə məhəbbətin səmimi ifadəsidir)

Rusiya ötən əsrdə Blok, Mayakovski, Rojdectvenski, Yevtuşenko, Brodski kimi şairlər yetirmişdir. Lakin Sergey Yeseninə bütün mənalarda çatan olmamışdır. Bu, başqa bir məsələdir ki, biz Yeseninin mahiyyətini, bu mahiyyətlə hansı zəka ilə, dillə ünsiyyət tapmağın öhdəsindən gələ bilmirik. Yeseninin faciəsini dərk etmək olduqca çətindir.

...Sankt-Peterburq şəhərinin Liteynı prospektindəki 33 saylı evin 2 saylı ikiotaql mənzili. Şəhərin tarixi mərkəzində uzanan prospektin bir-birinə bitişik evlərindən bu ev heç nə ilə fərqlənmir. Bəlkə ilk növbədə ona görə ki, binanın üzərində Sergey Yeseninin burada yaşadığını bildirən lövhə yoxdur.

Sergey Yesenin 1917-ci ildə Peterburqda kirayə etdiyi və yeganə ailə ocağı olan bu mənzildə ikinci arvadı Zinaida Rayxla birgə yaşayırdı. 1917-ci ildə bu ailə qurulanda Sergeyin 21 yaş vardı, çox keçmədən, 1921-ci ildə dünyaya iki övlad bəxş etdikdən sonra ayrılmalı oldular. Yesenin Anna İzryadnova ilə lap erkən, 1915-ci ildə mülki nikahda olmuşdu, lakin tale onları da çox tez ayırmışdı. 1923-cü ildə Moskvada Qalina Benislavckaya ilə nikaha girən Sergey bəlkə də xoşbəxt ola bilərdi. Çünki, bu qadın əsərlərinin nəşrindən tutmuş müalicəsinə qədər hər bir işdə ona fəal köməklik göstərirdi, şairi içgi məclislərindən, milis idarələrindən tapıb gətirirdi, hər bir məişət çətinliyini öz üzərinə götürürdü. Yesenin ondan ayrılarkən demişdi: “Əgər Qalya məni sevmirsə, deməli, daha heç kim sevmir...”

Sergey Yesenin – Aysedora Dunkan macərası o dövrün bəlkə də ən məşhur, eyni zamanda qalmaqallı hadisəsi idi. Burada məşhur rəqqasə asılı tərəf idi, şairə ilk baxışdan vurulmuşdu, Sergeyi isə cəlb edən onun şöhrəti idi. Aralarında xeyli cəhətdən - həyata və incəsənətə baxışlarında fərqlər çox idi. Yesenin əcnəbi dildə danışmağı xoşlamırdı, Aysedora isə rus dilini bilmirdi. Tez-tez mübahisələri düşürdü. Yesenin küsüb gedəndə məşhur rəqqasə göz yaşlarını axıdaraq yalvarırdı, onun ayaqlarına düşüb diz çökürdü, sərxoş şair isə onu küçə söyüşləri ilə ələ salırdı. İçgi dostlarının məclislərində rəqs etməyə vadar edirdi, buradaca rəqsi yarımçıq saxlayıb deyirdi: “Arxanı az yırğala! Sən artıq qoca qarısan axı! Yaxşısı budur, otur, mən şeir oxuyum”.
Aysedora itaətkarlıqa əyləşirdi. Sonra isə, “Dusya, şampan gətir, Dusya, siqaret ver” tələblərini yerinə yetirmək lazım gəlirdi. Rəqqasə, şeirlərində şəfqət və zəriflik motivlərinin çox güclü olduğu şairi sadəlövh bir məhəbbətlə sevirdi, öz “ağasının” şillə vurmaq üçün uzanan əllərini, qəzəb yağan gözlərini öpürdü, əvəzində ən yüngül mükafatı “qancıq” sözü olurdu. O vaxt həddən artıq içən şair özü etiraf edirdi ki, yalnız sərxoş halda özünü Aysedora ilə yatağa girməyə məcbur edə bilir.

Aysedora Dunkanla Avropaya və Amerikaya birgə səyahətdən sonra başa çatmış uğursuz ailə həyatından sonra Sergeyin növbəti həyat yoldaşı məşhur rus yazıçısı L.N. Tolstoyun nəvəsi Sofya Tolstaya olmuşdur. Onlar 1925-ci ilin iyun ayında evləndilər və iyulun 28-də Sergey Sofya ilə birlikdə o zaman Azərbaycan K(b)P Mərkəzi Komitəsinin katibi və “Bakinski raboçi” qəzetinin redaktoru olmuş Pyotr Çaginin dəvəti ilə Bakıya gəldi. Həmin gün onlar Mərdəkana getdilər.

Səadətə aldanmış şair,


Və burada olarkən istər-istəməz bəxtsiz və sərgərdan şairin Mərdəkanda məşhur bağ evində yaşadığı məqamlar yada düşür. O, Bakıda 1923-cü ildən 1925-ci ilin avqustuna kimi 6 dəfə olmuşdur. Şübhəsiz, o illərdə Yesenin Şərqin nəhəng şairləri Firdovsi, Hafiz, Sədi, Xəyyam kimi məşhurların əsərləri ilə tanış idi və bu poeziyaya pərəstiş edirdi. Ən çox isə Sədiyə simpatiyası vardı. Son səfəri ərəfəsində o, yazırdı: “Mən öyrənməyə gedirəm. Hökmən Şiraza getməliyəm, ona görə ki, şərq şairləri məhz orada gözlərini dünyaya açmışlar”. Şair tələb edirdi ki, onu şirazlı şairlərlə tanış etsinlər. Ancaq Şiraz harada, Bakı harada? O vaxt Bakıda klassik manerada yazan şairlər demək olar ki, qalmamışdı, çoxları mühacirət etmişdilər. S.M. Kirovun tapşırığı ilə Yesenini aldatma yolu ilə Mərdəkana gətirdilər, o isə elə sanırdı ki, artıq İrandadır.

Bakı milyoneri Murtuza Muxtarovun bağındakı ekzotik bitkilər, burada indiyədək qalır. Biz bilmirik, bu gözıllik Yeseninə doğrudanmı lazım idi, ya yox. Amma o, bu cənnət məkanda heç olmasa istəyinin yarısını tapmışdı, eyvanın pəncərəsindən qonşu Şağanın təbiətini seyr edirdi, axşamlar gəzintiyə çıxaraq yerli şairlərin qonağı olurdu. Hər dəfə evə qayıdanda nədən söhbət düşürdüsə, axırda bildirirdi ki, köhnə və yeni Şərq haqqında şeirlər yazmalıdır. “İran motivləri” də belə yarandı.

Sofya Tolstayanın Mərdəkandan yaxın adamlarına göndərdiyi məktublarda Yeseninin Mərdəkan həyatı geniş təsəvvür yaradır. O, 1940-cı ildə şairin əsərlərinin nəşrinə yazdığı şərhlərdə də Mərdəkanda yazılmış şeirlərə dair konkret reallıqları qeyd etmişdi: “Yeseninin otağının pəncərəsi bağa açılırdı və səhərlər onu çox vaxt quşların cəh-cəhi yuxudan oyadırdı”. Belə səhərlərdən birində şair “Bakinski raboçi” qəzetinin 10 avqust 1925-ci il sayında dərc olunmuş “Sərçələrin cəh-cəh dənizi” şeirini yazmışdı. “Nədən Ay belə tutqundur” şeirində Yeseninin çox xoşladığı təbiət, onun hər gün keçdiyi sərv xiyabanlarından aldığı təəssürat öz əksini tapmışdır. “Parla, ulduzum, axma!”, “Şahanəm, mənim Şahanəm!”, “Stanslar”, “26-lar haqqında ballada” şeirləri də onda yazılmışdır.

Yeseninin dünyası təkcə gül-çiçəkli bağçadan ibarət deyil, həm də sönməkdə olan bir çırağın titrək alovla işıqlandırdığı bir ev idi. O, xoşbəxt deyildi, söz yox ki, böyük sözün sahibi idi. Ailə, məişət, mühit qalmaqalları, ağır depressiya, ümidsizlik, düşüncələrin və ziddiyyətlərin labirintlərində itginlik özünü həyatda sərgərdan görən şairi üzürdü. S.Tolstaya yazırdı ki, Sergey Yesenin o çağlarda özünü yaxşı hiss etmirdi, çox xəstəhal idi. Onda vərəm xəstəliyinin əlamətləri özünü göstərirdi. Mərdəkan şeirləri də bütünlükdə daxili iztirab, hiss və həyəcanların mürəkkəb qammasını əks etdirir. Bu şeirlərdə “zəfəran diyarı”nın gözəllikləri qoynunda sakitlik axtaran şair minüzlü ziddiyyətlər qarşısında istəyinə çata bilmir. Səadət arzusu ilə yanan Yesenin belə bir qənaətə gəlir: “Biz hamımız səadətə aldanmışıq”. Son “Sağ ol, dostum, sağ ol!” ölümqabağı şeirini də Mərdəkanda yazıb. Burada qələmə aldığı “Həyat cazibədar həsrətli yalandır”, “Bir fleyta ağlayır” şeirləri olduqca kədərlidir, həyata vida motivləri ilə doludur, hərçənd yüksək lirizmlə hasilə gəlmişlər. Onun təbirincə, haradasa “fleyta ağlayır”, ağlar notlar getdikcə güclənərək ayrıca qəmli mövzuya çevrilir...

Səadətə aldanmış şair,


Onlar Bakıdan nəzərdə tutulduğundan tez – şairin əsərlərinin nəşrində yaranmış problemlərlə bağlı 1925-ci sentyabrın 3-də getdilər. Noyabrın 29-da S.Tolstayanın əli ilə köçürülərək Bakıya göndərilmiş “Qara adam” poeması ilk dəfə “Bakinski raboçi”nin 29 yanvar 1926-cı il sayında işıq üzü gördü, dərhal “Novı mir” jurnalında dərc olundu. Bu zaman S.Yesenin həyatda yox idi. O, 1925-ci il dekabrın 28-də saat 11 radələrində özünü “Anqleter” mehmanxanasında qızdırıcının borusundan asmışdı.

İnform.az

Baxış sayı: 537