Qəriblikdə kimimiz var?, Ədəbiyyat
30.07.2016 / 12:40

Güneydən əsən külək…

Güneydən əsən külək…Dinməz/Təbriz















Haqqında:
Mürtəza Dostəlinicat 1974-cü ildə Təbrizdə doğulub.
2000-ci ildən Dinməz təxəllüsü ilə şeirlər yazmağa başlayıb
"Göy sancı çəkir" adlı şeirlər kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Şeirlər


Dilsiz bu millətdə dili yaşadaq

Bu günlər sözcüklər donub beynimdə,
Dilim tikilibdir dodaqlarıma.
İçərim eşiyim yalqızlıq yağır,
ölüm fişqalanır qulaqlarıma.

Baxışım günəşin son nəfəsləri,
Əllərim boşluğu yaşamdan paydır.
Gözüm AZƏRBAYCAN başım dumanlı,
Ürəyim çırpınan o tay bu taydır.

Dünyalar boyuca darıxmalarım,
Bir gün şəhərlərə sevgi yağacaq.
Dünyalar boyuca sıxılmalarım,
Göydə buludlardan dəniz doğacaq.

Özümü əlimdən yapışmalarım,
Səni sevməyimi bəsləyir türkan.
O tayın qızına bu tayın oğlu,
Salamlar sayqılar diləyir hər an.

Silinməz izinin acılıqları,
Demə günlərimə kölgə salacaq.
Silinməz izinin acılıqları,
Demə əllərimdən səni alacaq.

Bir gecəlik yol var ışıqlqlara,
İstəsək yenidən güləbilərik,
İstəsək yenidən birləşib türkan,
Yaxın uzaqları siləbilərik.

Bağlı gözlərini aç yollarıma,
Gecə gözlərinə ay gətirəcəm.
Sənə varlığımln qızıl tikəsi,
Təbrizi gözümdə pay gətirəcəm,

Sən mahnılar oxu mən şeir yazım,
Günləri ayları ili yaşadaq.
Günlərdən aylardan illərdən'dinməz',
Dilsiz bu millətdə dili yaşadaq.

Sevilə-sevilə ölməyəcəyəm

Sevilə - sevilə ölməyəcəyəm,
Elə öləcəyəm acığın gələ.
Elə öləcəyəm öləcəyəm ki,
Ağlamaq yerinə gözlərin gülə.

Sevilə - sevilə ölməyəcəyəm,
Özləm şəhərində yalqiz gəzəsən.
Mən elə acıqlı öləcəyəm ki,
Elə ölümümə rahat dözəsən.

Elə öləcəyəm ölümdən bətər,
Sən məni unudub itirəcəksən.
Nə birdə gözümə gözün düşəcək,
Nə məni dilinə gətirəcəksən.

Sevilə - sevilə ölməyəcəyəm,
Beynində bir diri xatirə qala.
Elə 'dinməz'kimi səsiz-səmirsiz,
Öləcəyəm ölüm səndən can ala...


Qaranlıq

Sevgimin gözləri
Gecələr yuxuma gələn
Gündüzlər başıma
Günəş yuxudan oyanmadan
Ürəyimdən uçan ümid quşları
Köçər qaranlıqlara
Qaranlıq
Hərdən atamın qılığına girər
Hərdən anamın çarqatını bürünər
Qaranlıq,qardaşım
qaranlıq,bacım
Qaranlıq
qaranlıq mən..!


İnform.az

Baxış sayı: 782