Ötən günə gün çatmaz..., Mədəniyyət, Müsahibə
16.07.2015 / 11:50

“Reallıqla çətinlik çəkə-çəkə barışıram”

“Reallıqla çətinlik çəkə-çəkə barışıram”

Yasin Qarayev: "Yaşa dolmuş insanlara xoşbəxtlik və ya bədbəxtliyin qəfildən gəlməsi, cavanlıqdakı əməllərin məntiqi nəticəsidir"

İnform.az-ın “Ötən günə gün çatmaz...” layihəsinin növbəti qonağı ömrünün qırx ilini teatra verən, talehə və alın yazısına inanan xalq artisti Yasin Qarayevdir.

-Yasin müəllim xoş gördük, necəsiniz, səhhətiniz necədir?
-Səhhətimdə nasazlıq olsa da demək olar ki, ruhum hələ sağlamdır. Ruh da ki, sağlam oldu ha, adamı bütün bəlalardan xilas edə bilir. Bir işdə var ki: "Əgər qocalanda da sağlam qalsan, deməli sən hələ cavansan" Bu mənada səhhətimdən narazı, ruhumdan razıyam!

-Deyirsiniz qənd kimi hər şeydən nəm çəkirəm. Bu sağlamlığınızla bağlıdır yoxsa yaşınızla?
-Ümumiyyətlə, yaşa dolmuş insanlara xoşbəxtlik və ya bədbəxtliyin qəfildən gəlməsi, cavanlıqdakı əməllərin məntiqi nəticəsidir. Elə qənd kimi hər şeydən nəm çəkmək də cavanlıqdakı laqeyidliyə bağlıdır.

-Saçınızın ağlığı, üzünüzün cizgiləri yaşın əlamətidi yoxsa xəstəliyin?
-Ağarmış saçım da, üzümdəki cizgilər də yaşadığım illərin yadigarıdır. O illərin hər anı məni tez-tez çağırır. O anlar ki, orada sevinc də, kədər də var.

-Bu isti aylar da nə yaxşı şəhərdəsiniz?
-Azərbaycanda keçirilən ilk Avropa oyunlarının iştirakçıları, Azərbaycan standartlarının Avropa standartlarından üstün olduğunu kəşf elədikləri kimi, mən də isti Bakı qumunun da Avropa standartlarından üstün olduğunu kəşf elədim. Odur ki, isti Bakı yayını heç bir ölkənin sərinliyi ilə əvəz etməyəcəm!

-Yeni mövsüm haqqında artıq planlar var?
-Yeni mövsümdə "Bomba" planlarım var. Belə ki, Moskvadan Bakıya Azərbaycan əsilli, istedadlı bir kino rejissor gəlib. İnşallah sentiyabrın 25-dən "Bomba baba" adlı bədii filmin çəkilişləri başlayacaq. Mən həmin filmdə çox maraqlı personaj olan, kafe müdürü Şəmsəddin roluna təsdiqlənmişəm.

-Həyatın qəddar və məntiqsiz qanunları ilə çox mübarizə aparmısınz?
-Mən tale ve alın yazısına çox inanıram. Mən onu bilirəm ki, insan həyatın hansı qəddar və məntiqsiz qanunları ilə üzləşsə də əqidə və məsləki düz olmalıdır. Sədi Şirazi yazıb ki:
Düzlüyü çox sevir, talehi yazan.
Düz yolda görmədim yolunu azan!

-Həyat yolunuza nəzər salanda , bu ömrün hamarlığı yoxsa cadarlığı sizi daha çox düşündürür?
-Keçmiş xəyalıdır ona görə ki,o artıq yoxdur, gələcək isə hələ gəlməyib. Hərdən keçdiyim həyat yoluna nəzər salanda, keçmişdəki körpə cağlarımın hər anı qarşısında baş əyirəm və düşünürəm. Qaldı gecəçək həyat yolu, heç kim bu barədə heç nə bilmir! Çünkü, gələcək haqqında heç kimin heç bir təsəvvürü yoxdur. Düşünməyə dəyməz, çünkü gələcəkdən yaxa qurtarmaq çox cətindir!

-Teatr tərbiyə məktəbidir. Bu gün bu məktəbdə gedən proses ürəyinizcədirmi?
-Bu gün Azərbaycan teatr məktəbinin kifayət qədər təcrübəsi və bu məktəbin çoxsaylı şərəfli nümayəndələri var. Amma onu da yaddan cıxartmaq lazım deyil ki, ölkəmizdə hələ də başa catmayan müharibə gedir. Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları hələ də qacqınlıq şəraitində fəaliyyət göstərirlər. Lakin son on ildə Azərbaycan teatr məktəbi təkamül dövrünü yaşayır. Yeni teatr binalarının bərpası, texniki vasitlərin təzələnməsi və sair kimi prosesler ürəkacandır. Keçmişdən fərqli olaraq bu gün Teatr kollektivləri Azərbaycan hüdudlarınından dünyanın bütün ölkələrinə gedirlər. Bax bu inkişaf prosesidir və sözün həqiqi mənasında ürək açandır.

-Gənc aktyorların işə olan münasibəti sizi qane edirmi?
-Sevindirici haldır ki, bizim teatrda ümidverən aktyorlar çoxdur. Bu gün Günel Məmmədovanın, Eşqin Quliyevin, Səbinə Məmmədovanın parlaq oyun tərzi məni tam qane edir.

-Yasin müəllim qohumlarınız deyir siz çıxıb efrlərdə gopa basırsınız sənət belə gəldi iş belə getdi. Amma sizdə də elə onlar kimi sadə yaşayırsınız. əzizləriniz sizin yaşayışınızı niyə bəyənmir?
-Mən 70 yaşlı yeganə Xalq artistiyəm ki, hökümətdən nə mənzil nə də təqaüt almıram. Bu dediklərimi mənim qohumlarım da yaxşı bildiklərindən və həmişə mənə irad tuturdular ki," Axı ictimai işlər sənin nəyinə gərəkdir?”
Düşünürəm ki, bu səbəblərdən əzizlərim mənim sadə həyat tərzimi bəyənmirlər.

-İsdedadlı ziyallı xalqın sərvətidir. Bu gün ziyallılar yetişirmi?
-Niyə yetişmir? Bakıda keçirilən ilk Avropa oyunlarında minlərlə könüllü gənclərimiz vardı. Tədbirin möhtəşəm olmasında gənclərin əməyi çox oldu. Mən inanıram ki, onların arasından ziyalılar yetişəcək!

-Dünya səbrli insanların oylağıdır. Səbrli insansınız?
-Bəzən hövsələdən çıxıram. Amma yaxşı bilirəm ki, səbr bütün bağlı qapıları aca biləcək açardır.

-Hansı rolun arzusundasınız?
-Demək olar ki, ürəyim istəyən rolların, hamısını oynamışam. Hal-hazırda isə nə versələr versinlər, o rolu parlaq sənət numunəsi etməyə çalışıram.

-Bu günkü serialları bəyənmirsiniz. Dəvət almırsınız yoxsa səbəb nədir?
-Böyük zəhmət, əmək və istedad tələb edən, kinoda çalışanlarnın hamısına böyük hörmətim var. Lakin bəzi seryallar mənlik deyil.

-Reallıqlarla rahat barışırsınız?
-Elə reallıq var ki, rahat və tez, eləsi də var ki, çətinlik çəkə- çəkə barışıram.

-Sonda… “Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli.” Sizcə ölmək asandır yaşamaq?
-Bəli, rəhmətlik Cavid əfəndi zərgar dəqiqliyi ilə gözəl yazıb: “Ölüm var ki,həyat qədər dəyərli, həyat var ki,ölümdən də zəhərli.”
Hz.Əli (ə.s) "Mən elə doğulduğum gün öldüm"- deyib. Yaşamaq üçünsə həyatla çarpışmaq, mübarizə aparmaq lazımdır.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 593