Ədəbiyyat
26.07.2016 / 17:09

Bəlalı vətən- Esse

Bəlalı vətən-
Əmir Pəhləvan

ESSE


Küləkli, tufanlı Vətən! Günəşlı-atəşli Vətən, hardasan? Kimliyimi səsləyirəm: Tarixlərdən gəlir səsim - qayalardan, küləklərdən gəlir səsim.Çagırıram Ulu ruhu şahidliyə - buludların yağışıyla Selə dönsün, göyün Tanrı nəfəsilə Yelə dönsün, göy qurşağı özün öysün:
Şimşək çaxsın – Od püskürsün.Yer Tanrısı Odlandırsın ürəkləri. Aydınlığa çıxaq Odla, şaman Türkum atəşlənsin yeni adla: Azərbaycan....Azərbaycan....Azərbaycan....!
Duam Şaman duasidir – tabaq-tabaq ulduzlarla ruhumuza çıraqlanıb.Dualardan gəlir səsim, Günəş kimi
planetin şüasında alovlanıb yanır səsim. Hayqırıram Yer üzünə - səmalardan gəlir səsim - Gözün aydın məmləkətim!
Mən Yerlər şairiyəm –
söz sahibiyəm.
Sözümün rənginə bürünüb aləm.
Mən Yerlər şairiyəm –
qalxmam göylərə.
Od olub Şimşək tək –
çaxmam göylərə.
Mən Yerlər şairiyəm –
yerlər şahıyam.
S ö z ü m ü n a ğ a s ı y a m...
Bəzən yer üzündə də –
başa düşmürlər məni.
Ona görə də bir acı söz –
paralayır qəlbimi.
Bu gün hamı Şair –Padşahın əmrinə tabe olmalı:
Vətəni köləlikdən,
əsrlikdən qurtarmalı!
Mən Yerlər üçün doğulmuşam –
Göylər üçün yox!
Hamı göydən enməli –
Yerə tabe olmalı,
Milləti xilas etməli.
Mən Yerdə doğulmuşam –
Kainat möhtacıyam.
Bir gün Ruha dönüb –
Qanad açacağam,
Havanı qucaqlayıb –
Yox olacağam!
Nağıllarda goydən düşən almaların sehrləri açıldı, röyaların tərs düzümü, nəs yozumu açıldı:
- Gör necə uluyuq ki, biz--üzü Nuhdan bəri Türk oğlu Türk var, canimiz, qanimiz tək Vətənimiz var!
Sənə söykəndim Vətən, yıxılmadım: körpə ikən əlimdən tutdun, köksünə sığındım, qucağında isindim, torpağında böyüdum. Ağacın tək boy atdım. Dedin: ”qol-budaq aç!”
Budaqlandim Vətən, bir az da böyüdüm, böyüyə - böyüyə sevindim - öyündüm sənlə Vətən...
Elə öyündüm ki, ürəyim dağa döndü...
Elə öyündüm ki, yarpizim gülə döndü...
Elə öyündüm ki, bulağım selə döndü...
Bulağına, çeşmənə, yağışına, selinə üz tutdum.
Dağlarına söykəndim Vətən.Vüqarlı əzəmətli oldum. Əli külünglü oldum. Sənə gərəkli oldum.
Mənə Vətən ruhu verdin. Sənə baxıb vətənləşdim.
Dedin: qoru Vətəni !
Yagilara tuşlandın, Vətən. Mərmilər şaxə qalxib torpağımızı başımıza sovurdu. Kül oldu torpagimiz. Başımıza kul ələndi.
Ələndin Vətən, qoruya bilmədim səni! Anam Vətən, yaram Vətən, yarım Vətən, paralandım candan Və tən.
Quruca çöpün, dilsiz daşın, ovulmuş torpagin de bəsimdi. Suyuna, torpağına, havana, küləyinə qurban olum Vətən!
Ən çətini rəhmətlə – lənətin arasında qalmaqdi. Ya rəhmətlənməliyik, ya lənətlənməliyik. Urvatsız yollarda qalmışıq, Vətən.
İradəsi, zəkası, təpəri olmayanlar lənəti seçdilər.Lənət yiyələrinə.
Yaxşılığa, imanlığa, xeyrə üz tutanlardan qisas alırlar bu kafirlər.
Bu alçaqların lənətliklə mədhiyyə epoxası min illərdi vətənimdə yuvamızı uçurur.Bizi perik salirlar.
İndi mahnıların da mənə yad gəlir, Vətən.Yaltaqlığı bayraq edib, şöhrət üçün küt mahnılar bəstələyir, alim olub, şair olub məmurların.Ayıbları çöldə qalan qeyrət dərsi keçir bizə.
Nəşəxorun sənət dərsi verir bizə.
Səni yenə əvvəlki tək Novruz mehli, Bahar şehli görmək istəyirəm, Vətən… Pəncərəmdən Ayına, Ulduzuna, Gunəşinə baxmaq istəyirəm, Vətən!
"Sarı gəlin" payızını, "Ağca maya" qışını, "Qora­bişirən" yayını, bənövşə, nərgiz ətirli yazının iyini duymaq istəyirəm- Vətən...Vətən... Vətən...Vətən!
Son anda sənədir yenə gümanım,
Bəlalı başımın bəlası Vətən.
Tapşırıb gedirəm sənə Anamı,
Ey mənim Anamın-Anası Vətən!!!

Inform.az

Baxış sayı: 675