Araşdırma, Şərhlər
26.07.2016 / 14:43

Dünyanın sənət inciləri: "DANAYA” VƏ “ÇILPAQ MAXA"- Araşdırma

Dünyanın sənət inciləri: "DANAYA” VƏ “ÇILPAQ MAXA"-
Xalidə Xalid


1656-cı ildə məşhur hollandiyalı rəssam Rembrandt van Reyn müflisləşərək borca düşdü. Bu zaman onun əmlakı siyahıya alındı və bu siyahıda 347 sayla dünya rəssamlıq sənətinin şedevri “Danaya”qeyd olundu. 1666-cı ildə həmin əsər Eduard fon Domeslyar adlı şəxsin dul arvadının əlinə keçdi, bundan sonra bir neçə ünvan dəyişərək, baron de-Tyerin kolleksiyasında yer aldı. 1772-ci ildə Parisdəki rus səfiri knyaz D.N.Qolitsın və tanınmış filosof Deni Didro çariçə II Yekaterinaya məsləhət gördülər ki, həmin kolleksiyanı satın alsın.
Beləliklə, 1772-ci il yanvarın 4-də “Danaya” digər 158 şəkillə birlikdə Ermitaja qismət oldu. 1836-cı ildə Con Smit holland rəssamlarının əsərlərinin kataloqunu tərtib edərkən bu əsəri “Sevgilisini gözlərkən” adı ilə qeyd etmişdi. Sonralar Ermitajın kataloqunda tablonun əvvəlki adı bərpa olundu.

Rembrandtın bu məşhur əsərində Danaya sağ əlini uzadaraq öz məşuqunu yanına dəvət edir. O, bu anlarda olduqca xoşbəxtdir. Və bu xoşbəxt anlar kətana həkk olunmuş halda əsrlərlə yaşadı, dünyanı gəzib dolaşdı, milyonlarla insanın hisslərini fəth etdi. Ancaq taleyin gərdişi öz işini gördü, bədbəxtlik onu axır ki, yaxaladı, xoşbəxt qadın ağlar günə qaldı. 1985-çi il iyun ayının 15-də şənbə günü Ermitajın zallarından birində psixi cəhətdən xəstə olan bir tamaşaçı “Danaya”nın üzərinə kükürd turşusu atdı və ona iki bıçaq zərbəsi endirdi. Açıq vandalizmin təzahürü olan bu hadisə nəticəsində Danaya yaralansa da, ölmədi, bərpaçıların səyləri ilə yenidən həyata qaytarıldı.

Dünyanın sənət inciləri: "DANAYA” VƏ “ÇILPAQ MAXA"-

Bəs şəkildə təsvir olunan qadın kimin surəti idi?
Bu barədə uzun illər xüsusi tədqiqatlar aparılmış, müxtəlif fikirlər söylənilmişdi, lakin yekdil bir qərara gəlinməmişdi. Sənətşünaslar müxtəlif vaxtlarda 11 adamın adını göstərmişdilər. Bunların arasında Marsı gözləyən Venera, Yupiteri öz yatağına dəvət edən Semela, Roma imperatorunun öz məşuqunu çağıran arvadı Klavdiya Messelina daha çox yer almışdır. Yalnız 1960-cı ildə rentgen tədqiqatları sayəsində qəti müəyyən olundu ki, şəkildəki şəxsin cizgiləri rəssamın oğlunun dayəsi Gertye Dirskisə məxsusdur və tablo 1640-cı ildə təkrarən işlənilərkən bu cizgilər oraya daxil edilmişdir. 1636-cı ildə çəkilmiş ilk variantda isə Rembrandtın həyat yoldaşı Saskiya təsvir olunmuşdur. Lakin hər necə olsa, şəkil “Danaya” kimi tarixə düşdü.

Sənətsevərlərin mülahizəsinə görə Fransisko de Qoyyanın “Çılpaq Maxa”sı Rembrandtın “Danaya”sından heç də geri qalmayan sənət incisidir. De Qoyya Araqondakı kiçik dağ kəndi Fiyendetodosda dünyaya gəlmişdi. Lap uşaqlıq çağlarında atasının emalatxanasında köhnə şəkillərin, ikonaların, mebelin təmiri və bərpası ilə məşğul olmuşdu. Nəslində rəssam olmasa da, Fransiskoda birdən-birə rəssam istedadı üzə çıxmışdı. O, qısa müddətdə tanınmış sənətkara çevrildi, hersoqların, nazirlərin, onların ailə üzvlərinin portretlərini çəkmək üçün dəvət olundu. Bir dəfə hersoginya Kayetana Alba da həmin məqsədlə onu öz qəsrinə dəvət etdi. Buna qədər Qoyya onu kraliça Mariya Luizanın sarayında görmüşdü və bir könüldən min könülə məftun olmuşdu. Kayetana da rəssama məhkəmcə vurulmuşdu. Sən demə, qəsrə dəvət də görüşməkdən ötrü bəhanə imiş. Burada Kayetana ona bildirmişdi ki, falçının söyləməsinə görə o, maxa geyimində təsvir edildikdən sonra öləcəkdir. Qoyya bu dəm rahat nəfəs almışdı, çünki onun seanslarından sonra hələ heç kəs ölməmişdi. Deməli, hersoginya ilə sevgi macərası hələ davam edəcəkdi.

Dünyanın sənət inciləri: "DANAYA” VƏ “ÇILPAQ MAXA"-


Kayetana ertəsi gün maxa libasında Qoyyanın emalatxanasına gəldi. Onlar daha da yaxınlaşdılar və Qoyya Kayetananı maxa geyimində çəkdi, bundan sonra da məşuqəsinin yüzlərlə portretini yaratdı, nəhayət, onu çılpaq halda təsvir etdi. Hersoginyanın gözəlliyi o qədər mükəmməl idi ki, rəssam bu gözəlliyi geyim altında saxlamağı günah sanırdı. Hərçənd buna görə dindar inkivizatorların qəzəbinə tuş gəlib məhv edilə bilərdi. Lakin Fransisko elə bil heç nəyi görmürdü və duymurdu. Kar olduğu üçünsə təbii ki, heç nə eşitmirdi.
Kayetana doğrudan da maxa libasında çəkiləndən sonra öldü. Ancaq falçının öncədən söylədiyi səbəbə görə yox, Qoyyadan uşağa qalıb abort etdirdiyinə görə cavan çağında dünyasını dəyişdi.

Dünyanın sənət inciləri: "DANAYA” VƏ “ÇILPAQ MAXA"-


Bu hadisədən sonra həm rəssam kimi, həm də aşiq kimi Fransiskoya hər şey zövqsüz görünürdü. Rəssamın zövqü öləndə isə özü də ölür. Fransisko da daha gözəllikdən yox, cinləri, şeytanları, iblisləri və həyulələri kətan üzərinə köçürməkddən həzz alırdı. Bununla da taleyin qaranlıq məqamlarını, günahları yumaq imkanlarını göstərmək istəyirdi. Tale isə onu hələ yaşadacaqdı. 16 aprel 1828-ci ildə vəfat edəndə Qoyyanın 82 yaşı vardı. Onun cəsədinin qalıqları yalnız 70 ildən sonra Fransanın Bordo şəhərindən vətəni İspaniyaya köçürüldü.

İnform.az

Baxış sayı: 1530