Araşdırma, Şərhlər
23.07.2016 / 11:43

Atlantida- Araşdırma

Atlantida-
Xalidə Xalid


Hava hava sərin idi. Külək qərbdən əsirdi. Okeanın dalğaları sahil boyu uzanıb gedən qayalara şırpılır, sular daşlar üzərindəki dərin oyuqlara dolur, köpüklənərək aşağı süzülür, ensiz qumluğa tökülürdü. Uzaqlarda göy guruldayır, səmanın içində çaxan zəif şimşək üfüqü parçalayırdı. Leysanın gəlişi duyulurdu.

Qayaların arasından bir dəstə insan göründü. Qabaqda qolları bağlı, bədəni göbəyinə qədər açıq, sarışın saçları sifətinə dağılmış qadın irəliləyirdi. Arxadan gələn iki nəfər öz aralarında sözləşiblərmiş kimi eyni anda onun çılpaq çiyinlərindən yapışaraq irəli itələdilər:

-Yaramaz! Ulu Günəşin dərgahında cavab verməlisən, irəli yeri!

İzdiham qumlu meydançaya yetişdi. Saqqallı kahin qadına yaxlnlaşıb onu acıqlı nəzərlərlə süzdü, sonra toplaşanlara tərəf çevrilib dedi:

-Bu ifritə dünən əsgərlərin kef məclisində olub, bir gecədə üç əsgəri əyləndirərək yoldan çıxarıb, sərhəd yiyəsiz qalıb. Vəhşi adamlar hamilə qadınları oğurlayıb döllərini yeməkdən ötrü aparıblar. Ona görə də qanunlarımıza əsasən o, dəniz heyvanlarına yem olmalıdır. Ulu Günəş bizləri xəyanətlərdən qorusun!

Qadın başını azacıq arxaya əyib dağların zirvəsinə baxırdı, mavi gözləri dolmuşdu. Külək, çiyinlərinə və alnına tökülmüş sarı saçlarını yüngülcə oynadırdı. Günəşin şüaları buludun altından sızıb zirvələri işığa qərq edəndə o, vəcdə gəldi, hər iki əli ilə saçlarını alnından yığışdırdı. Çılpaq çiyinlərini dikəltdi, döşlərini qabardaraq əllərini göydəki parlaq dairəyə uzatdı:

-Ey ulu Günəşim! Ərim məni heç vaxt sevməyib, sən özün şahidsən ki, o, daim sərxoş olub, əyyaş həyatı sürüb, axırda məni əsgərlərə uduzub, onların ağuşuna atıb. Heyif ki, məni sənə qurban vermirlər, heyvanlara yem edirlər. Sən ləkə götürməzsən, ləkəlidən qurban olmaz! Günahımı bağışla, ulu Günəşim!

Həmin an okean təlatümə gəldi, uzaqda suların üfüqə qovuşduğu yerdə nəhəng bir su heyvanı göründü, bir qədər oynaqlayıb yenidən suya baş vurdu, bu dəfə izdihamlı sahildə peyda oldu, öz bədheybət ağzını açaraq sıra ilə düzülmüş mişar dişlərini göstərdi. Elə bil ki, qürrələnb gülürdü, qurbanını tələsdirirdi.

Qadın yenidən üzünü Günəşə sarı tutdu, sonra kahinə çəpəki baxıb heyvana doğru yeridi. Nəhəng su heyvanı ağzını daha geniş açdı. Qadın özüünü səssiz-səmirsiz onun yekə dişlərinin arasına atdı. Heyvan ağırlaşmış gövdəsini ləngərlətdi, suyun səthində iri şırımlar açaraq dərinliyə cumdu...

Bura qədim Atlantida idi.

Atlantida-


Tarixin ən qədim mərhələlərindən birində heyrətamiz inkişaf səviyyəsinə yüksəlmiş, lakin sirli şəkildə məhv olmuş ölkə haqqında Platon öz dialoqlarında bəhs edərək, qitənin 9700 il əvvəl, yəni müasir tarixlə müqayisədə 12 min il qabaq suya qərq olduğunu göstərib.
Bu qitə barəsində “tarixin atası” Herodot isə ilk dəfə eramızdan əvvəl 452-ci ildə məlumat verib. Onun əlinə bir həbəş hökmdarının 500 il ərzində qorunub saxlanılmış məxfi sənədləri düşür. Bu salnamələrə görə Amerika və Afrika qitələri arasında, Atlantik okeanında Atlantida adlı daha bir qitə varmış. Buradakı dövlətə bütün Afrika xərac verir, bakirə qızlar və qullar bağışlayırmış. Bu məmləkətdə məbədləri və allahların heykəllərini təmiz qızıldan düzəldir, qab-qacağı gümüşdən və digər qiymətli metallardan hazırlayırmışlar. Pul qismində qırmızı və ağ balıqqulağılar işlədilirmiş ki, onları okeanın dərinliklərindən dalğıclar çıxarırmışlar. Həmin “valyutanı” əldə etmək üçün yüzlərlə dalğıc hər gün elə dərinliklərə baş vururmuşlar ki, onların qulaqlarından qan açılırmış və suyun dibinə gedirmişlər.

İldə bir dəfə Günəş günü keçirilərkən mərkəzi meydanda saray xidmətçiləri vulkanik şüşədən hazırlanmış bıçaqlarla 10000 qul qadının, 5000 yeniyetmə qulun, qürbətdə dünyaya gəlmiş 1000 körpənin başını bədənindən ayırırmışlar. Qan dizə çıxırmış, adamlar isti qanla üzlərini yuyar, belə hesab edərmişlər ki, bu halda Günəş onlardan heç nəyi əsirgəməyəcək. Həmin gecə minlərlə məşəlin işığı altında qızıl taxt üzərində hökmdarın qızı bir-birinin ardınca üç əyanla cinsi əlaqəyə girirmiş, bu təmasdan əmələ gələn uşaq Günəşin övladı sayılırmış və ona Allah qismində sitayiş olunurmuş. Bu uşaq üç il sonra öldürülüb “göylərə qaytarılırmış”.

Atlantida-

Açıq rəngli saçları, mavi gözləri olan atlantidalılar xaraktercə naqis, eqoist, insafsız adamlar olmuş, yadellilərə həmişə həqarətli münasibət bəsləmişlər. Ən qədim dünyanın ən qabaqcıl cəmiyyəti başdan-başa istibdad yuvası idi. Burada adam öldürmək iynə batırmaq kimi yüngül bir şey idi.
Səltənətin öz qəddarlığı ilə şöhrət tapan ordusunda xidmət ömürlük idi, buraya 6 yaşına çatmış uşaqları cəlb edir, sınaq zamanı çubuqla döyürdülər. Əgər uşaq ağlasaydı, onu öldürürdülər, sussaydı, ona ağlayan uşağı öldürməyə icazə verirdilər. 10 yaşına çatanda əsgərliyə namizədi cəngəlliyə atır, orada vəhşi heyvanların əhatəsində yaşamağa vadar edirdilər. Həmin əsgər döyüş zamanı heç vaxt əsir götürmürdü, ələ keçən rəqib hökmən ölməli idi. Atlantidalılar isə mişar dişli qılınclardan aldıqları yaralarından öz qanlarını gülə-gülə sorurdular, onda düşmənə bu mənzərəni görmək bəs edirdi ki, çaş-baş qalıb döyüş meydanından qaçsın.

Təmiz tiran məmləkəti olan Atlantida günlərin birində sirli şəkildə məhv oldu. Herodotun yazdığına görə həmin gün Afrika sahillərində, hətta Persiyada cənub səmasını işıqlandıran partlayış alovunu görmüşdülər. Bir neçə saniyə arzində hiddətlənmiş gəlmiş okean Atlantidanı uddu, cənubdan gələn fırtına super ölkənin qalıqlarını da məhv etdi...

Atlantida-


1935-ci ildə amerikalı milyonçu Ceykob Landsdau 3 sualtı qayıqdan ibarət ekspedisiya ilə Sakit Okeanda Atlantidanın axtarışına çıxır. Yarım ildən sonra Fici adaları rayonunda “Keyp” sualtı qayığından siqnal gəlir: "Tonqo adası ətrafında su altında şəhər aşkar edilir".
Məlumat sona yetməmiş efir birdən-birə susur, siqnallar kəsilir, hadisə rayonuna göndərilmiş ingilis sahil mühafizə gəmiləri suyun səthində yağ ləkələrindən başqa bir şey görmürlər. Sualtı qayıqlar müəmmalı şəkildə yoxa çıxır.

1984-cü ildə Los-Anceles Humanitar Universitetinin professoru Ervin Gildebrandt “Mu qitəsi” litabını nəşr etdirir. Bu kitabda göstərilirdi ki, atlantidalılar öz ölkələrini “Mu” adlandırıblar. Professor iddia edirdi ki, Atlantidada elektrik və nüvə enerjisi məlum imiş, kompüterlər, televizorlar, dəmiryol sürət qatarları işləyirmiş, nüvə silahı yaradılıbmış, Amerikada indiki elmi-texniki tərəqqi nailiyyətlərinin sələfləri isə məhz Atlantidadan əxz olunub. Misal üçün, “Kreysler-209” avtomobili Atlantida hökmdarının limuzininin eynidir, “F-117” qırıcı təyyarəsi məhv olmuş ölkədəki “İldırım quşu”nun surətidir.

Qitə əhalisi Yer kürəsinin digər sakinlərinə yuxarıdan baxırdılar, öz sirlərini başqa qəbiləyə vermirdilər. Yalnız varlı əcnəbi tacirlər ölkənin paytaxtına gələ bilir, səhv edərək və ya qəsdən müəyyən edilmiş sərhədi keçdikdə, onların boyunlarına geyindirilmiş elektron boyunduruq partlayırmış. Gildebrandt isbat etməyə çalışır ki, qitədə nüvə pozğunluqları nəticəsində çox güclü partlayışlar baş vermiş, bütün ölkə atom yanğınlarında külə dönmüşdür. Başqa versiyalara görə Atlantida öz yolları üstündə hər şeyi yerlə yeksan edən çoxminlik barbarların basqınlarına məruz qalıb.
Anlaşılmaz boğaz səsləri ilə danışan yarımvəhşi adamlar şimaldan qasırğa kimi gələrək, əsas yaşayış məntəqələrini viran qoymuş, gözətçiləri məhv edib hamilə qadınların döllərini çıxararaq ən ləziz təam kimi yeyirmişlər. Atlantidanın harın ordusunun əks-əməliyyatları isə kompüter qrafikasından başqa bir şey deyilmiş.

...Qəfil hücumlardan dəhşətə gələn Atlantida hakimləri mərkəzi saraya toplaşaraq qərara gəlirlər ki, əsir düşüb qul bazarlarında satıla bilməzlər, ixtiraları və digər sirləri düşmən əlinə keçməməlidir, Allahlara son qurbanları verərək şaxtalardakı atom bombalarını partladıb kütləvi şəkildə intihar etmək lazımdır. Və elə də tdirlər. Bir həftə ərzində insanların cəsədlərindən təpələr əmələ gəlir, uşaqları baş allahın közərdilmiş dəmir maketinə atb diri-diri yandırdılar. Bu zaman bakirə qızlar özlərini küçələrdə ilk rast düşənə təklif edir, əsgərlər zəhərli şərab içərək lazer toplarının yanında intihar edir, brilyantlarla bəzədilmiş pişiklər küçələrdə veyillənir, onların sahibləri olan varlı qadınlar öz rəfiqələrinin ərləri ilə əylənir, ərlər isə qul fahişələrlə kefə baxırdılar.

Atlantida-


Atlantida barəsində insanı heyrətə gətirən təsdiqedici faktlar kifayət qədərdir. Yayılmış sensasion xəbərlərə görə Atlantik okeanında tapılmış sualtı xarabalıqlar Platonun göstərdiyi əraziyə tam uyğun gəlir, birmənalı olaraq təsdiq olunur ki, əgər Atlantida olubsa, bu xarabalıqlar məhz onun qalıqlarıdır. Peruda Estameres şəhəri yaxınlığındakı mağaralardan birində “F-117” təyyarəsinə heyrətamiz dərəcədə bənzəyən maşınların yanında duran adamlar təsvir olunublar. Astek rəvayətlərində min illər əvvəl gəlmiş, hindulara dəmir alətlər düzəltməyi öyrətmiş, vulkanik şüşədən bıçaqlar bağşılamış göygöz, sarışın adamlar barəsində danışılır.
Asteklər onlardan qurban verməyi, qarınları xaç şəklində yırtmağı öyrənmişdilər. Eldorado gölü yaxınlığında hindu qəbilə başçısının öz bədəninə gül yağı sürtərək qızıl tozuna bələnib suya girməsi, qəbilə üzvlərinin suya qızıl əşyalar atması adətləri çox maraqlıdır. Tonqo adalarında valyuta kimi indi də qırmızı və ağ balıqqulağılar işlədilir. Havay krallığında isə 1898-ci ilə kimi kral qızlarının hamının gözü qarşısında “təmiz kral qanından” uşaq doğmaqdan ötrü doğma qardaşları ilə cinsi təmasda olmaq qaydası varmış.

Arxeoloq Maykl Ginni söyləyir ki, Yaşıl Burun aadaları rayonunda, Atlantik okeanının 1500 metr dərinliyindən götürülmüş suxur nümunələrinin tərkibində qəribə miniatür mexanizmlərə oxşayan, geramikadan hazırlanmış əşyalar tapılmışdır. Təhlil göstərmişdir ki, onlar 16 min il əvvəl radioaktiv şüalanmaya məruz qalmışlar. Afrikada 15-20 min il əvvəl tam gücü ilə işləmiş atom reaktorunun qalıqları açkar edilmişdir ki, bunlarda silah üçün plutonium istehsal olunduğu güman edilir. Hindistanda tapılmış qədim insan skeletində radioaktivlik təbii fonu 50 dəfə üstələmişdir.

Bu məqamda yenə də Atlantidanın atom bombaaları yada düşür. Maykl Ginni də hesab edir ki, nüvə enerjisindən fəlakətdən yaxa qurtarıb digər regionlarda ağalığa can atan atlantlar istifadə etmişlər.

Müasir ufoloqların bir qismi bu fikirdədir ki, arabir zühur edən uçan boşqabların heyətləri okean suları altında yaşayan, bizim hələ dərk edə bilmədiyimiz həyat tərzinə, biliklərə və gücə malik olan varlıqlardır ki, üzərimizdə təcrübələr aparırlar. Ötən əsrin əvvəllərində aamerikalı öncəgörən, 1925-ci ildə dünyasını dəyişmiş və təzyiqlərə, məsxərələrə rəğmən son nəfəsinə qədər öz fikirlərinin üzərində durmuş Edqar Keysi deyirdi ki, atlantidalılar Günəşdən enerji alırdılar, onun şüalarını məhvedici sursata çevirməyi bacarırdılar. Onlarda Günəşdən enerji toplayan Tuaoy adlı kristal varmış. Bu ölkənin kahinləri uzaq qalaktikalardakı varlıqlarla əlaqə saxlamaq qabiliyyətinə maalik imişlər. Keysi tutarlı faktlar gətirib Atlantidanın varislərinin Avropaya gəlib çıxmaları barəsində rəvayətləri həqiqətə uyğunlaşdırırdı.

Atlantida-


...Hollivudda çəkilmiş filmlərdən birində göstərilir ki, atlantların varisləri su altında yaşamağı öyrənmişlər və tezliklə onlar Yerin üzərinə qalxacaq, yeni qaydalar, ritual qurbanvermə mərasimləri, elektron boyunduruqlar gətirəcəklər. Ancaq bir qütbündə kristallar vasitəsilə Günəşdən həyat şüalarını mənimsəyən, o biri qütbündə bunun əvəzində minlərlə körpəni Günəşə pay verərək yandırıb külə çevirən Atlantidanın bir daha zühur etməməsi daha yaxşıdır.

Atlantida-



İnform.az

Baxış sayı: 814