Baş xəbər, Mədəniyyət
22.07.2016 / 11:00

Bizim taleyimiz...

Bizim taleyimiz...

Xalidə Xalid və jurnalist Aydın Hüseynov

Dialoq


-Öncə sizi milli mətbuat günü münasibətilə təbrik edirəm.

-Mən də sizi və bütün həmkarlarımı təbrik edir və salamlayıram.

- Mətbuatımızın yaranmasından keçən 141 il Azərbaycan milli mədəniyyətinin inkişafında geniş mənada mətbuatımızın sayəsində təkamül illəri olub, xalqımızın qabaqcıl fikir xadimləri məhz mətbuatımızın səhifələrindən öz işıqlı ideyalarını doğma xalqa aşılaya biliblər. Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yaranıb, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm tədbirlər həyata keçirilib. Hələ Azərbaycan Xalq Cümhuriyyəti illərindən sonra, rüşeym halında inkişafını dayandırmış proseslər yenidən dirçələrək demokratik mətbuatın inkişafına xidmət etməyə başlayıb.
Mətbuat öz işi ilə ümummilli lider Heydər Əliyevin milli dövlət quruculuğu sahəsində parlaq ideyalarının həyata keçirilməsində yaxın köməkçi olub. Ulu öndər milli mətbuatı ölkənin gələcəyi üşün mühüm amil hesab edirdi, onun daimi qayğısı və dəstəyi sayəsində Azərbaycan mətbuatının sürətli inkişafı isə respublikamızda dünya standartlarına cavab verən kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxarıb. Hazırda hüquqi demokratik və dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanda 4500-ə yaxın müxtəlif kütləvi informasiya vasitələri – qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri qeydiyyata alınıb. Sözsüz, Azərbaycan mətbuatının inkişafında onun qazanında qaynayan insanlar ən mühüm rol oynayırlar. Onlar bilavasitə mətbuata, onun xalqın malı olmasına var qüvvələrini sərf edirlər. Belə hesab edək ki, bu əziz gündə özümüzdən bəhs etməyə, bir-birimizlə fikir mübadiləsi etməyə haqqımız çatır.


Bizim taleyimiz...

- Siz düz buyurursunuz, illər ötür, həyatımıza yeni amallar, arzu və istəklər, işıqlı ideyalar daxil olur. Ölkəmizin reallıqları hər bir vətəndaşın mənəvi kamillik problemini prioritet kimi irəli sürür. İnsanın, mənəviyyatı, dolğun varlıq kimi təşəkkül tapması çox hallarda mətbuatdan keçir. Bu vəzifəni həll etməkdə mətbuat böyük rola malikdir, milli mətbuatımız yeni insan tərbiyəsinin, hər cəhətdən kamil insan yetişdirilməsinin mərkəzidir. Buna görə də bütün müsbət dəyərlərə malik cəmiyyət üzvü yetişdirməkdə fasilə ola bilməz. Həmin məqsəd uğrunda çalışmaq isə mövqeyimizdən, yaşımızdan, vəzifəmizdən asılı olmayaraq hamımızdan ötrü müqəddəs işdir.

-Uzun illərdir ki, `müxtəlif mətbuat orqanlarında imzanızı görürük, bir neçə kitabınız nəşr olunub. Son vaxtlar əməkdaşlığınız, açıq deyim ki, bizi olduqca sevindirir. Təcrübəli və peşəkar jurnalistlərin məsləhətlərinə həmişə ehtiyacımız var. Yaradıcılığınızın bu çağında özünüzü necə hiss edirsiniz?Mən geniş anlamda soruşuram, nə var, nə yox? İstilərlə aranız necədir?

-Öncə deyim ki, qlobal istilər barəsində neçə illərdir ki, sensasion müzakirələr gedir, bu söhbətlər də hələ ortaya atılmamışdan qabaq medianın mətbəxində bişirilir. Deməli istilərdən bütün mənalarda şikayətlənməyə dəyməz. Təbiətin işidir, yaradıcılığa dəxli yoxdur, qələmi ki, əlimizdən almır. Mətbuatda keçirdiyim otuz ildən artıq dövr bir ömür payıdır, mənalı yaşasan, bəsindir. Dünyanın elə ölkələri var ki, orada insanlar bircə il yaşamağı, ancaq heç olmasa qarınları tox yaşamağı taleyin bəxşışı hesab edirlər.

Şükürlər olsun ki, bizlər o günə qalmamışıq və bizim üçün mənəvi toxluq hər şeydən vacibdir. Mənəvi təminatın yetərincə olanda yaxşı da işləyirsən. Mən də həmişə nə isə yazıram, yazmaq mənim taleyimdir. Və ətrafımdakıların taleyini də özümünkündən ayırmıram, hamının haqqında söz deyirəm. Sualınızın da cavabı budur: hamı necə, mən də eləyəm. Qəzetçilikdən maddi cəhətdən yox, mənən daha çox qazanmışam, o qədər qazanmışam ki, düşünürəm, hələ yaşamağa dəyər.

-Jurnalist üçün mövzu məhdudiyyəti yoxdur. Amma son zamanlar nədənsə yaşlı qələm sahibləri sanki mövzu seçməkdə çətinlik çəkirlər. Əslində sizin üçün yaradıcılıqda çətinlik məsələsi gerçək deyil, amma deyəsən bir qədər taqətsizlik görüntüsü var. Yəqin günümüzlə bağlıdır, siz axı hər şeyi görüb gəlmisiniz. Hər halda nədən yazırsınız?

- İki əsas mövzu var: VƏTƏNİN TALEYİ və YERDƏ QALANLAR.
Vətənin taleyi hər bir vətəndaşın taleyidir. Bu tale bizə elə zəmanədə, elə geosiyasi bir məkanda yaşamağı qismət edib ki, tarixi-mənəvi ucalığımızın mühafizəsi indiki kimi aktual olmayıb. Bizim gücümüz, qüdrətimiz milli birliyimizdədir və bu amilin alternativi yoxdur. Qədim, yeni, və ən yeni tariximizin olayları, Atropatdan, Cavanşirdən, Şah İsmayıldan Heydər Əliyevədək keçilmiş yol bunun sübutudur. Dünya azərbaycanlılarının bir etnik-siyasi toplum kimi tanınmasının ilkin şərti isə azərbaycançılıq ideologiyasıdır. Harada yaşamasından asılı olmayaraq, bu ideologiyaya xidmət etmək hər birimizin, hər bir soydaşımızın və həmvətənimizin şərəf işi, müqəddəs missiyasıdır. Vətən öz övladlarının nəfəsi və qanı ilə yaşayır. Biz hər gün bu işlə məşğul olmalıyıq. Üsulları rəngarəngdir, nə qədər desəniz, var, onları aşkara çıxarıb məqsədə yönəltmək lazımdır.

Bizim taleyimiz...


-Əlbəttə, biz yaxın keçmişdə “SSRİ mənim vətənimdir” və buna oxşar mövzularda inşa yazılar yazırdıq, beynəlmiləlçiliyimizlə öyünürdük. Etiraf edim ki, özümüz bu barədə o qədər yazmışıq ki, cildlərə sığışmaz. Dilimizə, dinimizə vurulan buxovları, babalarımızın nəfəsini, nənələrimizin laylalarını, igidlərimizin nərəsini yaşadan kəndlərin, dağların, çayların adlarının dəyidirilməsini sanki görmürdük. İndi isə başqa zamandır və məlum olduğu kimi zaman məhək daşıdır, hər bir həqiqəti üzə çıxardır, hərəni öz adı ilə adlandırır, hər şeyi özyerinə qoyur.

-Son onilliklərdə birlik və həmrəylik problemlərinin dövlət siyasəti səviyyəsinə qaldırılması milli özünüdərk prosesinin formalaşdırılmasında möhkəm dayaq rolunu oynayıb. Fikrimizcə, bu yaxınlarda dünya azərbaycanlılarının Bakıda keçirilmiş IV qurultayı da azərbaycançılıq ideyasının möhkəmləndirilməsində, milli-mənəvi birliyimizin, dövlətçilik prinsiplərimizin inkişafı yolunda daha bir tarixi addım oldu. Prezident cənab İlham Əliyevin qurqltaydakı nitqi, cənab Ramiz Mehdiyevin bu günlərdə dərc olunmuş geniş məqaləsi bu istiqamətdə öyrədici xarakter daşıyırlar. Onlardan doğrudan da öyrənməyə dəyər. Biz, azərbaycançılığı, azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərimizi, mütərəqqi adət və ənənələrimizi yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Məncə, məlum oldu, əsas mövzumuz nədir.

-Bəs müasir ədəbi prosesin aparıcılarından necə, razısınızmı?

- Bəli, estafeti qələmi ilə aparanların özəyi ömrünün xeyli hissəsini mətbuatda keçirmiş insanlardan ibarətdir. İndiki ədəbiyyat isə, məni qınamayın, “ağlar” ədəbiyyata çevrilib. Hamı sınaqlar qarşısında özünü asır, hamı uğursuz məhəbbətin girdabında yüz dəfə “ölür”, təzədən dirilib aşiq olur. Bu dünya sanki, bəzi şairlərimizin sinəsinə çalın-çarpaz dağlar çəkib, onlar da ağrısından fəryad çəkib hıçqırır, az qala dəli-divanə olub çöllərə düşürlər. Mənim ən sevimli müəllimlərimdən biri olmuş Əzizə xanım Cəfərzadə bir dəfə dizinə döyüb ah-vay edən şairlərə belə müraciət etmişdi: “Ağlamayın, balalarım!” Gəlin yaxşı-yaxşı düşünək. Füzuli idi ki, ahından fələklər yanırdı, lakin onun gözlərindən axan qanlı su fəsli-gülün suları idi, bahardan vəcdə gəlib bulanırdı. Müasir cavan şairlərimizin isə, çox nadir hallarda gözləri sevincdən, həyat eşqindən yaşarır. Elə qəzetlərimizin bir çoxu, səhnəmiz də, ekranımız da vəfasız yardan ötrü iztirablara düşar olmuş aşiqlərin deyişmə meydanıdır. Dərddən-ələmdən nə qədər bəhs edib ah-nalə etmək olar? Bu millətin Qarabağ boyda dərdi var, bəs deyilmi? Onu da ağlaya-ağlaya dilə gətirmək yox, mərd-mərdanə, düşmənin acığına gülə-gülə tərənnüm etmək gərəkdir, sızıldaya-sızıldaya yox. Qoy ağını nənələr desinlər, siz isə “Heyratı”, “Cəngi” pafosu ilə yazın, mənim əziz və cavan qələm dostlarım. Onda mən sizi oxuyaram və kitablarınızı başımın altına qoyaram.

- Orasıı elədir. Bizim şəhidlərimiz erməni dığaları ilə döyüşlərə ağlaya-ağlaya getməyiblər, Mübariz kimi gediblər! Poeziya da, nəsr də, publisistika da döyüşkən olmalıdır. Bir də var ki, əsgər analarının göz yaşları, millətin itirdiyi qızıl fondun-dəyanətli oğulların şəhadətindən gələn ağrı və kədər. Burda qələm hər şeyi olduğu kimi təsvir etməlidir. Bizim analar torpaq uğrunda gedən şəhidlərlə həmişə fəxr ediblər, amma bir şeyi də nəzərə almaq gərəkdir ki, ana qəlbinin telləri çox kövrək olur, o səsi dinləyib olduğu kimi oxucuya və ya tamaşaçıya çatdırmaq son dərəcə böyük istedad, zəhmət, o ağrının özü qədər bir ağrını fikrinin süzgəcindən və qəlbinin damarlarından keçirməyi tələb edir.Bizim hər birimiz döyüşçü olmlıyıq. Xalqa döyüşçü ruhu gərəkdir.Vətən oğullarını, bütün vətəndaşlarımızı daim Mübariz qeyrətli, mərd və cəsur görmək istərdik.

-Yeri gəlmişkən deyim də, Xalidə xanım. Mən bir dəfə sosiial şəbəkədə bir əksinizə təsadüf etdim. Siz Milli Qəhrəmanımız Mübariz İbrahimovun qəbri üstündə dayanmışdınız. Qəzetdə fəaliyyətə foto-müxbir kimi başlamışam, foto yaradıcılığı, necə deyərlər, gənclik çağlarımda “çörək ağacım” olub. Ancaq etiraf edirəm ki, mən bu qədər təbii bir şəkil çəkə bilməzdim. Və bu şəkli görən kimi, inanın, tüklərim biz-biz durdu, şair olmasam da, qələmə əl atdım, çünki anoloji duyğular poeziyada daha obyektiv və zərif təsir bağışlayır. Məhz bu duyğulardan hələ bundan sonra neşə-neçə Mübarizlər doğulacaqdır., mətbuatımız da bunları dönə-dönə xalqa bəyan eləməlidir.

-Çox sağ olun! Mübarizlər yaranacaq, qəhrəmanlıq köklərimizdən hələ milyonlarla qol-budaq şaxələnib səmalara dirənəcək. Mən buna varlığım qədər inanıram, istəyirəm hamı da inansın. Və o köklər şəhid qanı ilə suvarılır, ondan əmələ gəlmiş budaqlarda şəhidlərimizin ruhu yaşayır, nəsillər bu şaxələrin yaratdığı ab-hava ilə nəfəs alanda Vətənin səadəti təmin olunur. Deməli, tamamilə düz buyurulub ki, “TORPAQ, ONUN UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR!”Amma müharibələr bitmir, şəhid qanları aramsız olaraq tökülür. Deyirəm, bəs deyilmi bu davalar? Bəs deyilmi, torpaq qan və göz yaşları ilə suvarılır? Xatirimdədir, uşaqlıq çağlarımızda Zeynəb xanım Xanlarovanın ifasında bir mahnı bütün efirləri zəbt etmişdi. “Ananın səsi” mahnısını deyirəm. O ifa bütün dünyaya əzəmətli və ibrətamiz bir mesaj idi. Düzü, o vaxt bu nəğmə qulaqlarımızda səsləndikcə, müharibələrin axır ki, bitəcəyinə bizdə dərin inam yaranırdı.

-Bilirsiniz, bu, həmin mahnının müəlliflərinin və ifaçının uğurudur ki, bizləri tam sülhün bərqərar olacağına inandıra bilib. İnandirmaq sənətkarlıq məsələsidir ki, bu ilk növbədə mediaya aiddir. Platon ruhun ölməzliyi haqqında kitabını yazanda düşünməyib ki, nə isə bir ölməz əsər yaradır. Amma bu əsəri oxuyandan sonra özünü dənizə atanlar olub.
Servantes “Don Kixot”u həbsxanada bekarçılıqdan yazmışdı, amma dünya ədəbiyyatının şah əsərini yaratdı. Nəyə görə? Yəni yazanda gərək inandırasan, inandırmayacaqsansa, əhəmiyyəti yoxdur, zəhmətin hədər gedəcək, əsərlərin makulatura qismində karton istehsalına göndəriləcək. Qaldı, müharibələrə, sizə deyim ki, onlar heç vaxt bitməyəcək, bu, xeyirlə şərin əbədi mübarizəsidir, bu mübarizə olmasa, təkamül olmaz, həyatın əsas qanunu elə budur. Biz jurnalistlər isə bəzi məqamlarda diqqətli olmalıyıq. Bilməliyik ki, tarixdə müharibələr ya ədalətli olub, ya da ədalətsiz. Hər bir müharibənin öz tarixi var: o, hansı səbəbdən baş verib, onu kim başlayıb, nəticəsinin tarixi əhəmiyyəti nədən ibarətdir. Ədalətli müharibənin görüntüləri aydındır: sənə hücum edirlər, torpaqlarını zorla qəsb edirlər, sən öz azadlığın və istiqlaliyyətin uğrunda savaşa atılıb qan tökürsən. Ədalətsiz müharibənin xüsusiyyətlərini açmaq isə bir qədər çətindir, ona görə ki, onu ədalətsiz və hiyləgər diktatorlar başlayırlar. Bu müharibə hakimiyyətin maraqları əleyhinə olsa belə, istismar və hegemonluq məqsədini güdür, daxildə sabitliyi təmin etmək üçün mümkün qədər cavan kişilərin məhv edilməsi üçündür.

-Maltus da bunu deyirdi. Doğrudan da dünyada baş verən hadisələrin şox maraqlı kökləri var, onun rişələrini hamı görə bilmir, ən qərəzsiz təhqiqatların müəllifləri mətbuat sahəsinin adamlarıdır ki, onların da müəyyən qismi, müti vəziyyətdə, bir çoxu isə təzyiqlər altında qan qusur. Elə şeylər var ki, bizim yeni nəsil üçün müəmma olaraq qalır, əlifba dəyişikliyi, son qərinənin olayları bunun əsas səbəbləridir, yəni mən kitabxanalarda dəfələrlə müşahidə etmişəm ki, kiril əlifbası ilə kitab verilişi getdikcə azalır. Şəxsi qənaətimcə, nə varsa, elə həmin kitablarda, toz basmış rəflərdə qalıb. Ötən savaşların tarixinə dair ən mükəmməl mənbələr ordadır.

-Uzağa niyə gedək? Misal üçün erməni təcavüzünə müharibə demək olmaz, bu, davadan da dəhşətli aktdır. Müharibəni belə etmirlər, onun da qaydaları var. Azərbaycan öz tarixi boyu neçə-neçə təcavüzə məruz qalıb, beləsi isə görünməyib. Hunların, xəzərlzərin, ərəblərin, monqolların və qeyrilərinin hücumları erməni təcavüzünün yanında nə idi ki? Qədimdə üstümüzə hücum çəkənlərin əksəriyyəti köçəri idilər, əslində torpaqlarımızı zəbt etməyə gəlməmişdilər, onlara at belində daşına biləcək sərvətlər, mal-qara, qoyun sürüləri, qısası yaşamaq üçün təminat lazımdı. Bu ermənilərin isə qəlbi kin-küdurətlə doludur, qarşılarına insanlıqla bir araya sığmayan məqsədlər qoyublar - xalqımızı bir etnos kimi Yer üzündən birdəfəlik silmək, kökümüzü-soyumuzu məhv eləmək. Bu, əsrlərlə məkr mayası və qanla yoğrulmuş xəmirdir. Nə vaxt kütə gedəcək, bilmirik, lakin orası bəllidir ki, şər, böhtan, qonşunun bağına daş atmaq, çörəyinə, ev-eşiyinə göz dikmək qazanılma deyil, ermənizmin genlərindədir. Onların ideyasından belə çıxır ki, erməniyə Antarktidanı da bağışlasalar, deyəcəklər, yox, ara, Cənub Qütbü də bizimdir.

-Riyakarlığın, mənəviyyatsızlığın dərəcəsinə baxın!

-Bəli, ədəbiyyatın da, jurnalistikanın da əsas vəzifəsi məhz bunu geniş insan təbəqələrinə çatdırmaq, hərtərəfli maarifləndirmə işi aparmaqdan ibarətdir.

-Siz ara-sıra bədii yazılarla çıxış etmisiniz. Ancaq buna rəğmən daim deyirsiniz ki, “mən yazıçı deyiləm, köhnə qəzetçiyəm”. Necə başa düşək, jurnalistin taleyi yazıçı taleyindən məgər bu qədər fərqlənir?

-Yazıçı o kəsdir ki, onun əsərlərini 50 min nəfərdən bir nəfər oxuya bilir, yəni dərk edərək oxuya bilir. Qalan qələmdaşlar tarixçidirlər. Qəzet, radio, televiziya, internet –media isə başqadır. Fikir plüralizminin açdığı imkanlardan eninə-uzununa bəhrələnən jurnalistlərimiz nə istəyirlər, onu yazırlar, ancaq lazım olanı az yazırlar. Bəzən media iççisinin böyüklüyünü yerə vururlar. Mən belələrinin sırasında olmağı bədbəxtlik hesab edirəm. Bu mətbuat bazarına girmək özü də üşəndiricidir. Bir para adamlar çayxanada oturub sənin yüz cür əziyyətlə ərsəyə gətirdiyin çap məhsulunu və ya internet səhifəsini heç oxuyub dərk etmədən məsxərəyə qoyurlarsa, belə nadanlara nə deyəsən? Kimdir bu adamlar? Jurnalistikanın qaynar qazanına təsadüfən düşmüş çiy, qeyri-professional müəlliflər.Yazmaqla yanaşı, daimi mütaliə ilə məşğulam. Əsasən öz klasssiklərimizi və xarici ədəbiyyat oxuyuram. 20 ildən çox idi ki, Drayzeri əlimə götürməmişdim. Bu günlərdə “Cenni Herhardt”ı təzədən oxudum. Ləzzət verdi. Yəni əsil ədəbiyyat, insan talelərinin mənzərəsi, həyat həqiqətlərinin inikası məhz budur.
Lev Tolstoyu da, Sergey Yesenini də bu cür maraqla oxuyuram. Bizim milli ədəbiyyata gəldikdə isə, mən özüm bu ədəbiyyatdan anamın döşlərindən əmdiyim süd kimi qida almışam. Biz bu ədəbiyyatdan tərbiyə almışıq, görüb-götürmüşük, bəhrələnmişik və öyrənmişik. Qoy heç bir yazar deməsin ki, anasının bətnindən yazar kimi düşüb. Bizim xalqın ədəbiyyatı, mətbuatı onun korifeyləri olmasaydı, yazarlar haradan əmələ gələcəkdilər? Və sözsüz, mənim üçün ana dilimdə yazılmış ədəbiyyatım, hər hansı əcnəbi ədəbiyyatdan doğma, təsirli və qüdrətlidir. Mən Füzulini ona görə həmişə oxuyuram ki, onun şeiri bütün zamanlarda moderndir, onun sözü, ifadəni necə işlətməsindən, əbədiyaşar ustalığından zövq alıram. Xətai bir əlində qılınc tutsa da, qələmi ilə əsərlər yaradıb, gərək onun azərbaycançılığına hörmətlə yanaşasan. Nəsimi də, Vaqif də, Sabir də, Azərbaycanın ən böyük sərvətinin sərmayəçiləridir. Onları oxumasaq, “əlacımız yoxdur”.

-“Ədəbiyyat və publisistika yoxdur, yaxud “boz ədəbiyyat, və mətbuat ” tüğyan edir” iddialarına münasibətiniz?

- Bilirsinizmi, “ədəbiyyat və jurnalistika yoxdur” fikri il razılaşa bilmərəm. Elə gəlin ədəbiyyatı götürək. Ədəbiyyat var, ancaq baxır, necə ədəbiyyatın varlığından söhbət gedir. Bizdə də ədəbiyyat var, yaponlarda da, ingilislərdə də, ərəblərdə də. Gəlin görək, onlarla ədəbi yarış meydanına girə bilirikmi?
Mən hərdən təəccüb edirəm ki, biz niyə texnika sahəsində, biznesdə bu qədər irəli gedə bilirik, informasiya dairəmizi genişləndirə bilirik, ancaq onun məzmununu dəyərincə açmaqda, ədəbi fikir meydanında baryerləri aşmaqda zəifik. Mən şəxsən mərhum Yusif Səmədoğlunun “Qətl günü” əsərindən sonra ona tay ola biləcək başqa bir əsərə rast gəlməmişəm. Kəmiyyətdən danışmıram, keyfiyyətdən danışıram. Sovet dövründə məğrur qədəmlərini atan ədəbiyyatımız nə gündədir, indi nə üçün iməkləyə bilmir? Yaxşı tərcümə də qeybə çəkilib. Biz, vaxtilə Çingiz Aytmatovun povestlərini rus dilində orijinaldan oxuyurduq, indi rus dili də yavaş-yavaş unudulur, ingilis dilini də fərli öyrənə bilmirik. Nə edək, kimi oxuyaq, necə oxuyaq?
Ən sərfəli yol sosial şəbəkələrdir, onlarda da nə redaktor var, nə korrektor, kim nə istəyir, onu yazır. Nəşr olunan kitablar da, maşallah olsun, qalaq-qalaq. Doğrudur, kitaba pis demək olmaz, amma kitabyazan onu abırlı yazıb cəmiyyətə təqdim etməlidir. Açıq etiraf etmək lazımdır ki, bizim oxucular çap edilən kitabları oxumurlar, az-çox maraqlananlar da “diaqonal” üzrə oxuyurlar. Füzulini, Vaqifi, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, İlyas Əfəndiyevi, Xətaini, Fərman Kərimzadəni oxuyub həqiqi zövq almış oxucu indi birdən-birə bəzi “xanəxarab” müəlliflərin yazılarından necə faydalana bilərlər?
Buradaca deyim ki, universitetdə bizə “Ədəbiyyat nəzəriyyəsi” fənnindən dərs demiş Təhsin Mütəllimov söyləyirdi ki, “bu qədər kitab yazıb beyinləri yormaqdansa, oturub bir “Dəli Kür” yaz, deyim yazıçısan”. Və yaxud bu qədər üzdəniraq qəzet buraxınca, yüzlərlə eyni məqsədlə yaradılan, lakin bu məqsədlərdən baş çıxarılmayan saytlar yaradınca bir-iki abırlısını işlət, deyim iş görürsən. Biz, Nurəddin Babayev, NərimanZeynalov, Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Cahangir Məmmədli kimi mətbuat bilicilərindən dərs almışıq, Azərbaycan jurnalistikasında iz qoymuş ustadlardan öyrənmişik, indi də öyrənirik. Onlar belə deməmişdilər.

-Bir bəla da var ki, cavan yazarların bir qismi yaşlıları tanımaq istəmir, hətta inkar edirlər. Çox təəssüf!
Yaratdıqları, guya postmodernizmdir, o da ki... Azərbaycan ədəbiyyatına aid deyil. Nəyimizə gərəkdir o? Bu növdən olan yazılar bər-bəzəkli şarlara bənzəyir, şişirtdikcə şişir, adicə tənqid tikanına rast gələn kimi partlayıb dağılır. Bizdə 20 il əvvəl fəvvarə şəklində meydan sulayan “sarı mətbuat” necə qurudusa, qidasız modernizm də naşı calaq kimi tutmayacaq. Yazıçı və jurnalist olmaq istəyənlər də həddindən ziyadədir.


-Gərək adamın özündə insaf ola və hər kəs öz işi-peşəsi ilə məşğul olsun. Bir kənddə ki, əhalinin hər on nəfərindən biri müxbir, yaxud şairdir, buna nə deyəsən? Əyalət yazarlarına mənfi münasibətim yoxdur, ümumiyyətlə “əyalət-mərkəz” məsələsinə tərəfdar deyiləm. Amma, qoy yazmağı bacaran yazsın. Deyirlər ki, zona müxbirləri əsasən rayonlarda yaşayırlar, sədaları mərkəzə gəlib çıxınca xəbər öz əhəmiyyətini itirir. Əvvəla, kənddən gələn xəbər mərkəzdəkindən daha uzunömürlüdür, çünki meqapolisdə hadisələrin çeşidi geniş və rəngarəng, publika və zövqlər də çox müxtəlifdir. Əyalət yazarı deyəndə elə başa düşülməməlidir ki, o, məkan çərçivəsində sıxılıb qalmalıdır. Fikrin, təfəkkürün sərhəddi yoxdur, ola da bilməz. Mən rayonda yaşayıramsa, bu o demək deyildir ki, səfər təəssüratlarımı yaza bilmərəm, Qarabağ diyarını qələmə almağa ixtiyarım yoxdur, yaxud xaricdəki həmvətənlərimizdən yaza bilmərəm. Yaradıcı insanın fəaliyyətini məkan qəlibinə salmaq düzgün deyil. Yazarların sayı, internetdə cürbəcür kanalların, portalların sayı vurub çıxıb kəlləçarxa, bax buna təəssüflə yanaşıram. Eyni fikri, eyni ifadəni, eyni mövzuda eyni sözləri nə qədər təkrar etmək olar? Kimə lazımdır bu? Sözün canı var, söz başqasını düşündürdüyü kimi, özü də düşünür, utanır, qızarır, xəcalət çəkir, ora-bura diyirləndirilməkdən yorğun düşür və mənasını itirir. Ona görə də yazılar xəyallar əndazəsini aşır, müvazinətini itirir. Bu isə, real həyatdan sapmaq deməkdir. Heç yaradıcılıq romantikası da deyidir.

-Dediyimiz boz medianın yaranmasına səbəb də, fikrimcə, qeyri-peşəkarlıqdır. Bundan başqa, peşəkarların imkansızlığı, təlimatlardakı boşluqlar da burada ikinci dərəcəli rol oynamırlar. Nəticədə gülünc mübahisələr, adamın ətini tökən biabırçı materiallar, hətta adicə orfoqrafiya qaydalarına əməl olunmaması və çoxlu digər neqativ hallar baş alıb gedir. Gileylərin, narazılıqların aradan qaldırılması üçün hər il qanun qəbul etmək lazımdırmı? Məncə, qanunu, təlimatları tez-tez dəyişmək lazım deyil, onlara sadəcə hörmətlə yanaşmaq gərəkdir. Unutmamalıyıq ki, jurnalistika xüsusi qabiliyyət sahəsidir, belə qabiliyyəti olmayanın bu bazarda nə işi? Şablon söz, qarayaxma və şantaj yolu, cəmiyyətdəki sosial-iqtisadi və mənəvi durumun baş-ayaq göstərilməsi, “şeirin başına turp əkən” şairlərin kitablarına resenziyalar yazılması, yazar xəstəliyinə tutulmuş azarkeşlərin, adi korrektura işarələrindən xəbəri olmayanların şəxsi iddiaları bizim mətbuatımız üçün “cəllad kötüyü”dür. Bunlar hər gün təkrar olunanda azad fikir, düz söz qara geyir, həqiqət qərəzə və yalana təslim olur. Nəticədə yaxşıların ünvanına hədyanlar səslənir.

-Bəli, hər bir müxbirin əli də, ürəyi də təmiz olmalıdır, yüksək peşəkarlıqla obyektivliyin vəhdəti fəaliyyət düsturuna çevrilməlidir. Qələm adamı heç nədən asılı olmamalıdır. Rəhmətlik müəllimimiz Nəsir İmanquliyev deyərdi ki, “Jurnalistin çörəyi dizinin üstündədir”. Yəni qələm sahibi başqasının sədəqəsinə göz dikməməli, onun hökmünün qulu olmamalıdır. Hər şeyin həddi var axı. Başa düşmək lazımdır ki, bir idarə rəhbəri informasiya vasitələri haqında qanunun müddəasına hörmətlə yanaşıb eyni gündə bir-neçə “müxbir”ə müsahibə və ya arayış verirsə, bu halda qanun pis niyyətlərin həyata keçirilməsi vasitəsinə çevrilirsə, əsil peşəkarlar diplomlarına baxıb-baxıb acı ironiya ilə ah çəkirlərsə, buna ümumilikdə cəmiyyət yox, məhz bu sahənin daşıyıcıları günahkardırlar. Dəbə düşmüş “reket” sözünü də həzm etmək olmur. Kim ortaya çıxarıb bu sözü, mənə məlum deyil, ancaq onu deyə bilərəm ki, onu mətbuata və efirə yaxın buraxmaq olmaz. Reket – banditizmlə, cinayət aləmi ilə əlaqədardır. Mətbuat sahəsində baş verən destruktiv hallara başqa bir ad – “Molla Nəsrəddin”sayağı bir ifadə bəs edərdi. Bu da bir yana. Bəzi redaktorlar lovğalığın, eqoizmin daşını birdəfəlik atmalıdırlar. Görə-görə gəlmişik. Əsil jurnalist balaca bir xəbəri əldə etmək üçün palçığa-qara bata-bata qapı-qapı düşür, bəzən təşəxxüslü bir məmurun məsxərəsinə tuş gəlsə də, öz işini görür, ürəyinin içindəkilər onun üçün ağrıya çevrilsə də, bu cür olmağı üstün tutur. Əsil jurnalistin taleyi, alın yazısı belədir. Taleyimizin qədrini bilək.

Bizim taleyimiz...


-Göründüyü kimi, qarşıda duran vəzifələr heç də asan deyil, lakin media kollektivlərimizi, burada çalışan həmkarlarımızı heç bir çətinlik qorxutmur. Мüxbir əməyinə verilən qiymət onu həmişə mübariz olmağa, Vətənin gələcəyi üçün bütün qüvvələrini əsirgəməməyə səfərbər edir. Doğrudur, jurnalist özünü heç vaxt xoşbəxt hesab etmir, lakin bizə bəxş olunmuş taleyin qədrini bilmək ən geniş mənada xoşbəxtlikdir. Bayramımız mübarək olsun! Gəlin bütün həmkarlarımıza yaradıcılıq səadəti diləyək!!

Bizim taleyimiz...



İnform.az

Baxış sayı: 1057