Diaspora Akademiyası, Baş xəbər, Ədəbiyyat
13.07.2016 / 11:00

Səməd Vurğunun Ukraynadakı evi

Səməd Vurğunun Ukraynadakı evi

Aydın Hüseynov/İnform.az


"Dostluq körpüsü" silsiləsindən

Ukraynanın paytaxtı qədim Kiyev şəhərinin Obolon rayonundakı sakit, lakin təmtəraqlı küçələrindən birində gözəl bir bina var və bu məkan illərdir ki, ukraynalılar üçün sözün əsil mənasında mədəniyyət və sənət məbədinə çevrilib. Bura Azərbaycanın ölməz şairi Səməd Vurğunun adını daşıyan kütləvi kitabxanadır. Və hər bir ukraynalı haqlı olaraq bu məkanı Səməd Vurğunun Ukraynadakı evi hesab edirlər.

Buraya bir dəfə gələn bir daha gəlmək istəyir. Çünki, bu müqəddəs məkanda Azərbaycanın min illərin keşməkeşlərindən keçib gəlmiş ulu tarixi, müdriklərin dəyərli hikmətləri, nəsillərin qəhrəmanlıq salnaməsi, xalqımızın maddi və mədəniyyət yadigarları ilə hər zaman tanış olmaq mümkündür.

Xalqımızın maddi və mədəniyyət irsini, S.Vurğunun söz sənətini insanlara çatdırmaqda olduqca mühüm və əvəzsiz rol oynayan kitabxana 1974-cü ildə yaradılmış, 1978-ci ildə buraya şairin adı verilmişdir. Buradakı ukrayna, rus, azərbaycan və digər dillərdə olan kitab fondu 34 min nüsxəyə yaxındır, həmçinin yüzlərlə vallar, notlar, biblioqrafik məlumat nəşrləri insanların ixtiyarındadır. Hər il 5 min nəfərə qədər istifadəçi bu zəngin fonddan bəhrələnir, ümumilikdə gələnlərin sayı il ərzində 26 min nəfəri ötüb keçir, kitab verilişi isə ildə 103 min nüsxəyə çatır.

Səməd Vurğun Ukraynanı və ukraynalıları çox sevirdi, ölkəmizin yaradıcı insanlarından ibarət nümayəndə heyətlərinin rəhbəri kimi bura tez-tez gələrdi.
O, Ukraynanın məşhur ədibləri M.Rılski, P.Tıçina, V.Sosyura, M.Naqnibeda, L.Pervomayski, A.Malışko və başqaları ilə ən səmimi dostluq əlaqələri saxlayardı. Şairin yaradıcılığında Ukrayna mövzusu böyük yer tuturdu, dost xalqın oğul və qızlarına, ədəbiyyatına və incəsənətinə xeyli əsər həsr etmişdi.
1942-ci ilin yanvar ayında “Ukrayna partizanlarına” şeiri Böyük Vətən müharibəsini ən ağır çağlarında düşmənlə mübarizədə iki xalqın birgə mübarizəsini parlaq surətdə əks etdirir, bu mübarizənin poetik himni kimi səslənirdi.

Təsadüfi deyildi ki, həmin əsər müxtəlif dillərə tərcümə olunaraq vərəqələr şəklində işğal altında olan Ukraynanın partizan birləşmələrinin döyüşdüyü ərazilərdə yayılırdı. 1943-cü ilin payızında S.Vurğun faşistlərdən yenicə azad olunmuş Melitopol şəhərinə səfər edərək, burada aldığı təəssüratları “Göyərçin” şeirində əks etdirmişdi.
Maraqlıdır ki, Ukrayna xalqının düçar olduğu faciəni, eyni zamanda onun mətanət və dözümlülüyünü canlı boyalarla əks etdirən bu əsər Taras Şevçenkonun “Qafqaz” poeması ilə üzvi şəkildə səsləşir, hərçənd zaman və məkan etibarilə ayrı-ayrı areallarda meydana gəlmiş nümunələrdir.

1953-cü ildə Kiyevdə keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri zamanı S.Vurğun “Bizim qardaşlığımız” və “ Böyük qardaşlıq” adlı iki məqalə yazıb dərc etdirir, həmin yazılarda yaxın dostluğun həqiqətlərini real cizgilərlə bir daha ortaya qoyur və bu yaxınlığın konseptual əsaslarını açıb göstərir. Həm də belə bir faktı təsdiq etdirdi ki, Taras Şevçenkonun, Lesya Ukrainkanın, İvan Frankonun və digər söz sənəti sahiblərinin bədii əsərləri azərbaycan oxucusunun təfəkküründə, onun qəlbində dərin köklər salmış, daim yaşayır, hörmət qazanır.

Budur, məhz hər iki xalqın üzləşdiyi bir sıra oxşar problemlərin mövcud olduğu hazırkı vaxtda da haqqında söz açdığımız mədəniyyət müəssisəsinin kollektivi öz sözünü deyir, müdrik şairimiz tərəfindən əkilmiş toxumların cücərtilərini qoruyaraq inkişaf etdirir, onu geniş ictimaiyyətə məharətlə çatdırır. Burada vaxtaşırı olaraq Ukrayna və Azərbaycanın siyasət, elm, ədəbiyyat bə incəsənət xadimləri ilə görüşlər, poeziya axşamları, ədəbi konfranslar, müzakirələr keçirilir. Bir qayda olaraq, hər il mart ayının 21-də - şairin təvəllüd günündə onun yaradıcılığının gərəstişkarları buraya toplaşırlar. Azərbaycanın milli bayramları, əlamətdar hadisələrlə bağlı tədbirlər həmişə dərin maraq doğurur. “Ukraynaya və Azərbaycana poetik səfərlər”, “Novruz”, “Xocalı faciəsi” mövzusunda keçirilmiş tədbirlər şəhərdə böyük əks-sədya səbəb olub.

Kitabxana Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi, Ukrayna Azərbaycanlıları Konqresi, diaspora fəalları, habelə qonşu dövlətlərdə yaşayan həmvətənlərimizlə daim sıx əlaqə saxlayır, bu isə Ukrayna və Azərbaycan xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsində mühüm vasitədir. Ukraynadakı səfirliyimizin təşəbbüsü və Kiyev şəhər rəhbərliyinin dəstəyi ilə şairin anadan olmasının 100 illiyi münasibətilə kitabxananın önündə onun abidəsi qoyulub.

Səməd Vurğunun Ukraynadakı evi

Son vaxtlar səfirliyin nəşr etdirdiyi, ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, M.F.Axundzadənin, M.C.Paşayevin, Kəlbəli xan Naxçıvanskinin həyat və fəaliyyətinə, Dağlıq Qarabağ həqiqətlərinə dair 11 adda kitab əsas fondda mühüm yer tutur.

Səməd Vurğunun Ukraynadakı evi

Qeyd edək ki, S.Vurğunun qızı mərhum Aybəniz Vəkilova iki dəfə kitabxanaya baş çəkərək, fəxri qonaqlar kitabında ukraynalılarla görüşləri barədə qızğın təəssüratlarıni qeyd edib.

İnform.az

Baxış sayı: 537