Ədəbiyyat
11.07.2016 / 08:12

Dünya Gənc Türk Yazarlar Birliyindən (DGTYB) yeni layihə

Dünya Gənc Türk Yazarlar Birliyindən (DGTYB) yeni layihə
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında Qqeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi” adlı beş aylıq layihə çərçivəsində tədbirlərə start veriləcək.

İnform.az Dünya Gənc Türk Yazarlar Birliyindən (DGTYB) daxil olan məlumata istinadən bildirir ki, layihə çərçivəsində 10-14 iyul tarixlərində Bakıda silsilə tədbirlər keçiriləcək.

Tədbirlərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbriz, Şəki, Gəncə və Şəmkir, Naxçıvan Muxtar Respublikasından gənc qələm sahibləri paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri, yeni nəsil yazarları iştirak edəcək.

Türk dünyası ədəbiyyatının bir qrup gənc nümayəndəsinin Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, deputat Cavanşir Feyziyev, “Kaspi” qəzetinin redaksiya heyəti ilə görüşləri nəzərdə tutulur.

İyulun 11-də Fəxri və Şəhidlər xiyabanları və “Türk Şəhidliyi” abidəsini ziyarətlə başlayacaq tədbirlər, AYB-nin “Natəvan” klubunda III Bakı toplantısının açılış mərasimi və qonaq yazarların öz ölkələrindəki ədəbi vəziyyət, ədəbi işbirliyi imkanları haqqında məlumat verməsi ilə davam edəcək.

Müzakirələr həmin gün Atatürk Mərkəzində davam edəcək.

İyulun 12-də Yunus Əmrə İnstitutu Bakı Mədəniyyət Mərkəzində ədəbi müzakirələr, iyulun 13-də isə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında türk dünyası gənc şairlərinin şeir axşamı keçiriləcək.

İnform.az

Baxış sayı: 447