Baş xəbər, Mədəniyyət, Ədəbiyyat
11.07.2016 / 12:13

Unudulmaz Vaqif müəllim

Unudulmaz Vaqif müəllim
Aydın Hüseynov

Hər dəfə Masallı şəhərindəki keçmiş “Çağırış” qəzeti redaksiyasının qapılarından keçib içəri daxil olanda xatirimə mərhum həmkarım Vaqif Hüseynov düşür. Onun işıqlı çöhrəsi, xoş qılığı,rəvan nitqi, şirin və lətif, məzmunlu söhbətləri hafizəmdə canlanır.

Mən onu yaxından tanıyırdım, bütün tərcümeyi-halına yaxşı bələd idim, qonşu rayonlarda jurnalistlik fəaliyyəti ilə məşğul olmuşduq.
Vaqif mqəllimYaradanın nizamı ilə qurulmuş bir duruma malik, qeyri-adi dərəcədə təvazökar, nəvazişli bir insandı. Vəzifə borcu, gündəlik iş rejimi inzibati qaydalar ona xaricən bir qədər rəsmi görkəm versə də, rəhmətliyin daxili aləmi çox yumçaq, mülayim və olduqca həlim idi. Həyatın özündən süzülən ilhamı, maraqlı və sərrast publisistikası, gözəldən gözəl poeziyası ilə hamımıza örnək olmuşdu. Sağlığında dörd kitabı nəşr olumuşdu.

Vaqif Hüseynov əslən Lənkəranın Separadi kəndindən idi, 1936-cı ildə Cənub bölgəsinin bu dilbər guşəsində dünyaya göz açmışdı. Filologiya üzrə ali təhsil almışdı.Və o, həyat yollarında öz zəhməti ilə yüksəlmişdi, ömrü boyu heç kəsdən vəzifə tutmaq üçün kömək istəməmişdi, kürsü ummamışdı, haraya göndərmişdilərsə, “baş üstə”, deyib getmişdi, ürəyinə yatsa da, yatmasa da, tapşırılmış hər bir işə can yandırmışdı, yaradıcı işə həvəs isə onu mətbuata gətirib çıxartmışdı.

“Çağırış”ın redaktoru olmaq da onunçün göydəndüşmə deyildi, şəxsi intellektinə verilən qiymətin bəhrəsi idi. Heç zaman görmədik ki, əlləri işdən soyusun, redaksiyanın fəaliyyətinə ikinci dərəcəli məsələ kimi baxsın. Qəzet işinə öz evinin, ailəsinin problemlərindən artıq can yandırırdı. Dəfələrlə vurğulayardı ki, mətbuat cəmiyyətin arteriyasıdır, onun formalaşması mətbuatdan başlanır, insan gərək bu iş üçün heç nəyini əsirgəməsin, canını və qanını sərf etsin. Redaksiyada yeniliklərin əksıriyyətinin təşəbbüskarı özü olmuşdu və rayonun bütün ziyalıları Vaqif müəllimin yaradıcı təşəbbüskarlığını xüsusi qiymətləndirirdilər, onun ideyalarına hörmətlə yanaşaraq səs verirdilər, həm də kömək göstərirdilər.
Ətrafındakılardan özünü fərqləndirməzdi, üstün cəhətlərini heç vaxt gözə soxmazdı, əgər kiminsə yad ideyaları ilə razılaşmırdısa, ona da yad münasibət bəsləməz, dərhal üzə vurmazdı, xeyli ürəyində gəzdirib dəqiq nəticə çıxarar, sonra yeri düşdükcə ünvanına çatdırardı, fikrini anladardı. Onun üçün insan münasibətləri təzadlardan ibarət idi, həyatın əsas qanununun məhz bundan ibarət olduğunu nəzərə alsaq, Vaqif müəllimin nə qədər müdrik şəxsiyyət olduğunu təsəvvürə gətirmək çətin deyildir.

Unudulmaz Vaqif müəllim


O, bütün iş yoldaşlarını öz ailəsinin üzvləri hesab edirdi, özü də müdrik ağsaqqallardan öyrənirdi, öyrəndiklərini həyata fəallıqla tətbiq edirdi. Kimin işlərində çatışmazlığı olsaydı, kara gəlirdi, toya-yasa hamını özü ilə aparırdı, xeyir işlərin təşəbbüskarı olurdu, məclislərdə başda əyləşirdi. Təşəxxüs nə olduğunu bilməzdi, heç kəsə yuxarıdan baxmazdı, təbiidir ki, əlində olan imkanlardan da heç vədə sui-istifadə etməzdi. Düşünərdi ki, nə edirsə, hamı üçün edir. Ona görə də Vaqif müəllim böyük hörmət-izzət sahibi idi, bu etibarı və etimadı təkcə jurnalistlər tərəfindən qazanmamışdı, respublika təşkilatlarında da onu yaxından tanıyırdılar, xətrini istəyirdilər.

Beləcə Vaqif müəllim hər zaman şəxsi nümunə göstərdi, həm öz başını, həm də el-obasının başını ucaltdı.
Bir müddət xəstəlikdən əziyyət çəkdi. Ancaq bunun üçün heç vaxt başqalarını narahat etmədi, hətta öz yaxınlarını və qohumlarını da incitmədi. Səhhətinin kəskin şəkildə pozulmasının əsas səbəbi isənahaq yerə sevimli işindən kənarlaşdırılması idi.Rayona yeni təyin olunmuş rəhbərin ambisiyalarına tuş olmasını üzə vurmasa da, biz bunu yaxşı bilirdik. Yer gəlmişkən deyim ki, həmin yüksək çinli partiya məmurunun da karyerası uzun sürmədi.

İşdən gedəndən sonra bir növ mənəvi dayaq durmaq nöqteyi-nəzərindən onun şeirlərini dərc edirdik. Mən onda “Yeni gün” qəzeti redaksiyasında məsul katib idim, xatirimdədir ki, ona hər ay qonorar da göndərirdik. Amma onu da bilirdik ki, çox gözü-könlü tox insan idi, heç şübhəsiz, həmin 10-15 rubl ona lazım deyildi, elə bir maddi təmənnası da yox idi. Amma kövrək və incik şair qəlbi üçün kiçik bir təsəlli idi. Çünki unutqanlıq yaman şeydir! Bunu da yaxşı bilirdik.

Gözəl insan, səmimi dost Vaqif Hüseynovun ölümü onu tanıyanlardan ötrü gözlənilməz zərbə oldu. Söz vaxtına çəkər, o, elə qızmar yay günlərindən birində ömrünü qəflətən bağışladı.
Ustadımızın yoxluğu bizim hamımızı, xüsusən onu tanıyanları indinin özündə də ağrıdır. O, dəmbədəm yadımıza düşür, heyifsilənirik, təəssüf hissimizi gizlədə bilmirik.
Vətənimiz son onilliklərdə minlərlə şəhid verib, neçə-neçə mərd oğullarımız yurdumuzun müstəqilliyi və səadəti uğrunda şirin canından keçib, ömrünü müqəddəs amallar yolunda qurban verib. Vaqif müəllim də öz işıqlı ömrünü insanların səadəti yolunda məşələ döndərib fəda etdi. O, cismən aramızda olmasa da, düşünürük ki, sağdır, bizimlə bir cərgədə addımlayır, yazıb-yaradır, adı isə dilimizdə abidədir. Biz, həmkarımız vəustadımız Vaqif Hüseynovun fədakarlığı, əziz və parlaq xatirəsi qarşısında baş əyirik, ona Yaradandan qəni-qəni rəhmət diləyirik.

İnform.az

Baxış sayı: 592