Qəriblikdə kimimiz var?, Gündəm
11.07.2016 / 10:30

Dedilər doğum günündü...

Dedilər doğum günündü...
Xalidə Xalid

ÜAK-nin Yaroslavl vilayəti şöbəsinin sədri, vətənpərvər Azərbaycan övladı Söhrab İbrahimovun əziz xatirəsinə kiçik ithaf...

Dedilər doğum günündü... 42 yaşın olur...Yaşın mübarək qardaş!
Dedilər doğum günündü... Təbrikə gəlmək istədim...Ünvanı dəyişib dedilər..
Dedilər doğum günündü...Sənə verəcəyim hədiyyəni düşündüm...
Dedilər doğum günündü...Amma...
Amma, nə olduğun məkana gəlməyimə, nə də sənə sevdiyin, bəyəndiyin hədiyyəni almağım mümkün olmadı.
Çünki, məkanın əlçatmaz olduğu kimi, hədiyyən də sənə çatmayacaqdı...
Bir zamanlar da uzaqlarda idin, amma səsin gəlirdi, ünün yetirdi...
Yenə də uzaqlardasan, amma nə səsin gəlir, nə ünün yetir..
Şəkillərdən boylanırsan, qəmli gözlərində vətən nisgili ilə...
Bir zamanlar şəkillərinə baxıb, uğurlu gələcəyinə inanırdılar səni tanıyanlar, qohumlar, dostlar!
İndisə şəkillərə baxıb, " heyf səndən, niyə bizi belə tez tərk etdin" deyə hamı heyfslənir.
Bir zamanlar daş qəlbli insanlara örnək olacaq əməllərinlə, darda-çətində olan insanlara yardım edərdin.
Qapına gələn kimsəni peşman qaytarmazdın.
İndi isə, darda olan, səni tanıyan kəslər "kaş sağ olaydın ay Söhrab. Sən məni darda qoymazdln" deyə için-için qovrulurlar.
Sən fərqli idin deyirlər, çox fərqli...
Uşaqla uşaq, böyüklə böyük, varlıyla varlı, kasıbla kasıb kimi davranmağı bacarırdın.
Səni şəxsən tanımaq nəsibim olmadı, amma səni taniyan bir çoxlarından daha yaxşı tanıdım qardaş...
Sən vətənində vətənsiz olub, qəriblikdə məkan tutan soydaşım idin.
Sən Laçın yurdunun uşaqdan böyüyə hər bir sakininin yaxşı tanıdığı övladı idin.
Sən Azərbaycan boyda ürəyi olub,Azərbaycandan uzaqlarda azərbaycanlaşan igid idin.
Sənin haqqında nə desəm azdı. Ən qiymətli kəlimələrdən şəninə çələng hörsəm belə yenə də azdı.
Ona görə səni sən olaraq anaraq,səni belə təbrik etmək istəyirəm:
Sənsiz artan yaşın mübarək, Söhrab!
Bu həyatdan doymadın, görmək istədiyin çox işin yarımçıq, övladların boynubükük, valideynlərin gözüyaşlı, bacı-qardaşın, dostun-tanışın Söhrab həsrətli qaldılar.
Sənsiz anılan doğum günün mübarək Söhrab!

İnform.az

Baxış sayı: 856