Gündəm, Mədəniyyət
17.06.2016 / 10:09

Leyla Əliyeva məşhur rəssamın sərgisində - FOTOLAR

Leyla Əliyeva məşhur rəssamın  sərgisində - FOTOLAR

İyunun 16-da Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından olan Corc Kondonun fərdi sərgisinin açılış mərasimi olub. Həmçinin mərkəzin parkında “I love Baku” incəsənət kompozisiyası açılıb.
İnform.az Heydər Əliyev Fonduna istinadən məlumat verir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzin parkında incəsənət kompozisiyası ilə tanış olub.
“Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə yeni layihənin təqdim edildiyini diqqətə çatdırıb, layihənin Bakıda həyata keçirilməsi üçün bütün kollektivin 2 il onun üzərində işlədiyini bildirib.
Sərginin açılış mərasimində çıxış edən L. Əliyeva ABŞ-da çoxşaxəli və ekstravaqant üslubu ilə seçilən rəssamın yaratdığı əsərlərdən ibarət sərginin açılışı mərasiminin keçirildiyini qeyd edib: "Mən çox şadam ki, dünyada ən çox xoşladığım, pərəstişkarı olduğum rəssamın sərgisini biz məhz burada, belə gözəl, möhtəşəm bir binada keçiririk. Biz artıq Heydər Əliyev Mərkəzində öz maraqlı əsərləri ilə seçilən Endi Uorhol, Riçard Dikon, Bernar Buffe və digər istedadlı rəssamların və heykəltəraşların sərgilərini təşkil etmişik”.
İlk dəfə olaraq Corc Kondonun işlərini özü üçün 5 il bundan əvvəl kəşf etdiyini deyən L. Əliyeva həmin vaxtdan rəssamın yaratdığı əsərlərə vurulduğunu bildirib: “Çünki o, yaratdığı bütün əsərlərində çox müxtəlif üslubları, insanların məhz ürəklərindən keçən hissləri, çox böyük, canlı həyatı, emosiyaları, müxtəlif hissləri təcəssüm etdirib. Bu əsərlərdə həm qəmginlik, həm xoşbəxtlik, həm qorxu, həm qəzəb, həm də dostluq hisslərini görmək mümkündür. Qeyd etmək yerinə düşər ki, Corc Kondo, ümumiyyətlə, sırf bir üslubda, istiqamətdə işləmir. Adətən onun əsərləri haqqında danışarkən daha çox kubizm, ekspressionizm üsullarından istifadə etdiyini söyləyirlər. Lakin biz onun əsərlərini seyr edərkən görürük ki, bu əsərlər bir çox müxtəlif çalarları əks etdirir. Bir tərəfdən ahəngdarlıq, digər tərəfdən məhz məxfilik, həmçinin reallıq, insanın xülyaları, müxtəlif rənglər və ümumiyyətlə, sehrli bir aləmin məqamları onun əsərlərində əksini tapır".
Sərginin kuratoru Simon de Puri il yarım əvvəl xanımı ilə Londonda səfərdə olarkən L. Əliyevanın təşkil etdiyi bir sərgidə iştirak etdiyini deyib: “Mövzusu ətraf mühit və ekologiya olan bu sərgidə Leyla Əliyeva ilə tanış olduq. Sərgidə nümayiş etdirilən əsərlər sırasında Corc Kondonun əsərləri də var idi. Söhbət əsnasında Leyla xanım bildirdi ki, məhz Corc Kondo bütün dünyada ən çox sevdiyi rəssamlardan biridir və biz belə bir qərara gəldik ki, Bakıda Corc Kondonun əsərlərinin sərgisinin təşkili yaxşı olardı. Çünki bizim özümüz də məhz Corc Kondonun pərəstişkarlarıyıq”.

Qonaq qeyd edib ki, 1960-cı illərin azərbaycanlı rəssamları Cavad Mircavadov, Rasim Babayev və başqalarının əsərləri Venesiya Biennalesində çox uğurla sərgilənib. Heydər Əliyev Mərkəzindəki sərgidə Corc Kondonun əsərləri ilə Azərbaycan rəssamlarının əsərləri arasında oxşarlığı görmək olar.

Simon de Puri sərginin təşkilinə görə Leyla Əliyevaya minnətdarlığını bildirib.

Sonra sərginin açılışını bildirən rəmzi lent kəsildi və qonaqlar sərgi ilə tanış olublar.

“Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərgidə müəllifin 70-dən çox əsəri, o cümlədən rəsmləri, heykəltəraşlıq nümunələri yer alıb.
Corc Kondo 1957-ci ildə ABŞ-ın Nyu-Hempşir ştatının Konkord şəhərində anadan olub. 1976-1978-ci illərdə Louel şəhərindəki Massaçusets Universitetində təhsil alıb.

Nyu-Yorkun incəsənət aləminə 1980-ci illərdə gələn Corc Kondo Amerika karikatura sənətindən, Avropa portret tarixindən və yunan mifologiyasından ilhamlanaraq portret janrının araşdırılması ilə məşğul olur, özünəməxsus üslubda qara yumorlu əsərlər yaradır. Corc Kondonun işləri ekspressionizmlə kubizmi satirik karikatura əlamətləri ilə birləşdirir. Onun yaradıcılığı böyük bürünc heykəllərdən tutmuş xəyali portretlərədək müxtəlif tipli əsərləri əhatə edir. Corc Kondo öz yaradıcılığını “süni realizm” termini ilə ifadə edir.

O, rəssam kimi məşhur olmasına baxmayaraq, heykəltəraşlıqla da məşğuldur. Corc Kondo bu sahəyə 1999-cu ildə yaqut, brilyant və mirvarilərlə bəzədilmiş “Desireah” adlı əsəri ilə gəlib.

Corc Kondonun hibrid xarakterli portretləri 2007-ci ildə yeni mərhələyə qədəm qoyub. Müəllif hər biri eyni vaxtda müxtəlif emosiyalar, məsələn, təəccüb, fəryad və gülüş ifadə edən silsilə şəkillər yaratmağa başlayıb.

Sənətkarın ABŞ-ın Hyuston, Nyu-York, Buffalo, Avropanın Salzburq, Paris, Barselona, Bielefeld və Londonda sərgiləri keçirilib.

Heydər Əliyev Mərkəzindəki “Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” sərgisi noyabrın 6-dək davam edəcək.
Leyla Əliyeva məşhur rəssamın  sərgisində - FOTOLAR

Leyla Əliyeva məşhur rəssamın  sərgisində - FOTOLAR

İnform.az

Baxış sayı: 254