Şərhlər
09.06.2016 / 12:37

Əslində olmayanın müzakirəsi...

Əslində olmayanın müzakirəsi...
Bəşarət Məmmədli/Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son vaxtlar yenə heç kimə lazım olmayan və sadəcə, hansısa kənar maraqlar naminə cəmiyyətin nəbzini yoxlamaq məqsədi daşıyan müzakirələrə başlanılıb. Guya Azərbaycan təhsil müəssisələrində rus bölmələri ləğv edilir. Və əslində olmayan “ləğvetmə”nin əleyhinə çıxıb hay-küy salan, rus dili olmadan yaşamağın mümkünsüzlüyünü sübut etməyə çalışan insanlarımız çox unikal təklif və tövsiyələr verirlər...
Bəzən dəyərli ziyalılarımızın da əslində olmayan “ləğvetmə”nin əleyhinə çıxmasını görəndə istər-istəməz düşünürsən ki, bu nə müzakirədir belə qızışıb?! Bircə “problem”imiz budurmu? Amma təəssüf ki, artıq mətbuatda və sosial şəbəkələrdə gedən bu müzakirələrdə əksərimiz kiminsə, başqasının “dilində” danışırıq...
Əzizlərim, belə düşünməyimizin səbəbi Sizlik, Bizlik deyil... Bu bizim hədsiz tolerant (indiki leksikonla desək) olmağımızdan və ya başqasına hədsiz dəyər verməyimizdən irəli gəlir... Dil ruhdur, dil düşüncədir, dil özün olmaqdır, fərqlilikdir və s...
Tarixə baxaq... 200 ildən artıq müddət keçsə, rus işğalı rəsmən bitsə də, deyəsən hələ də bəzən ruhən işğaldan, mənəvi asılılıqdan azad olmaq istəmirik. Dil bilmək, dil öyrənmək yaxşıdır. Ancaq öz dilindən sonra. Yox yerdən niyə müzakirə açırıq ki?! Bəyəm rus dilini bu qədər geniş istifadə etməyən digər xalqlar bizdən geri qalıb? Dil milli kimlikdən başqa bir şey deyil. Təki sən yaxşı nə isə yarat. Onu bütün dillərə həmin millətlər özləri tərcümə edib öyrənəcəklər. Bu gün ən kiçik ölkələr belə öz universitetlərində oxuyan əcnəbi tələbələri dil imtahanı edirlər. Milyonlarla dollarlıq təqaüd proqramlarını maliyyələşdirib öz ali məktəblərində, öz dillərində mütəxəssis hazırlayırlar. Niyə?! Çünki həmin mütəxəssis başqa millətin təmsilçisi kimi dünyanın harasında olursa-olsun dilini öyrəndiyi xalqı da təmsil edəcək, istər-istəməz onların tərəfini tutacaq... Bunu dünyada bilməyən yoxdur ki...
Amma təəssüf ki, bəzən postimperiya siyasətinin rüşeymlərini ölməyə qoymayan müvafiq qurumlar, xarici təsir vasitələri cəmiyyətə, ictimai şüura bu fikri sırıyırlar ki, rus dili olmasa ay elmdə geri qalarıq, gülməli olsa da, "bazarda nəsə sata bilmərik" (bu bazar söhbəti də həmin zümrəni ələ almaq üçün atılmış qarmaqdır!) və s...)) Dil bilmək şəxsi istəklə həll olunan məsələ olmalıdır... Kim istəyir, kimə lazımdır öyrənir – yəni, bu qədər sadə...
Bir məsələni demək yerinə düşərdi. Bəlkə də tək bizdə təsadüf olunur ki, dil bilməklə savadlı olmağı dəyişik salırlar... İngilis dilinə də, rus dilinə də, ərəb dilinə də eyni münasibət var... Hələ yüz illər öncə ərəbcə, farsca yazan, oxuyan savadlı hesab olunmurdu...)) Hətta fırıldaqçı mollalar da... Tarixən belə olduğumuz üçün Nizami, Füzuli kimi şairlər də ərəbcə, farsca yazıblar. Hələ indi də televiziyada bir verilişimiz var, Füzulinin və ərəb, farsca yazan digər şairlərin qəzəllərini oxuyub (özü də fars ləhcəsində danışırlar nədənsə) tərcümə edib, özlərini "xiridar" adlandırırlar.)) Bu məntiqlə digər biri də ingiliscə şeir oxuyub, tərcümə edib özünü “xiridar” adlandıra bilər... Qardaşım, elə savadlısansa, Şərq fəlsəfəsinin cikini-bikini bilirsənsə, həmin qəzəlləri tərcümə elə məsələn, Qaxın İlisu kəndindəki balaca Əhməd də ondan xəbərdar olsun, öyrənsin, ulu babalarının dühasını dəyərləndirsin də... Axı bilik paylaşdıqca, çoxalır...
Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycan işğal olunduğu müxtəlif zamanlarda işğalçılar onların dilini bilənləri həmişə qabağa çəkiblər... Sadə xalq da işğalçıya xidmət edən "öndəgedənlər"ə həmişə həsədlə baxıb... Onların "üstün"lüyünü işğalçının “dilini bilməsi ilə” əlaqələndirib... Həmin dili bilməyən isə savadsız, aşağı təbəqə hesab olunub... Bu qul psixologiyasının rüşeymlərindən xilas ola bilməyənlər beləcə yaşayıb və həmişə "dil bilən"ə tabe etdirilib... Bir yaxşı deyim var: Deyir, bizə çox dili bilən deyil, dərdimizə qalıb DİLİMİZİ BİLƏN lazımdır...
Digər məqam... Tez-tez deyirlər ki, bəs kitablar, ədəbiyyat filan dildədir, neyləyək, necə öyrənək? Bütün lazım olan kitabları ən yüksək səviyyədə tərcümə etdirib ortaya qoymaq ən çoxu 3 ayın işidir. Eləcə də internet resursları... Guya digər xalqlar haradan alıblargərəkli mənbələri? Avropadan, Amerikadan, Şərq ölkələrindən və s.Böyük ölkələrdə bu işlərlə məşğul olan açıq və qapalı qurumlar var... Onlar bütün imkan olan ölkələrdə öz dillərinin yayılmasında birbaşa maraqlıdırlar və bunun üçün on milyonlarla vəsait ayırır, təbliğat aparır və digər inandırıcı təsir vasitələrinə əl atırlar. Həmin məqsədyönlü təsirə uyduğumuzdandır ki, internetdə Azərbaycan dilində olan mənbələr az və ya yoxdur...
Yunanıstan turizmlə milyardlar qazanır, ölkə saxlayır... Amma orada xidmət sektorunda çalışanlar arasında ingilis dili o qədər də geniş yayılmayıb... Hindistanda isə 90 faiz ingiliscə bilir. Çünki onlar da əsrlərin işğal ruhunu daşıyırlar...
İşğal ruhunu daşıyan xalqın öz yükünü daşımağa gücü, istəyi və həvəsi qalmaz...

İnform.az

Baxış sayı: 1220