Şərhlər
09.06.2016 / 10:30

Rusiyada da adama “dayı” gərəkdir....

Rusiyada da adama “dayı” gərəkdir....
Aydın Hüseynov

Hər gün ölkəmizin yüzlərlə vətəndaşı adamı təngə gətirən sərhəd və kömrük yoxlamalarına tab gətirərək Mockvadan tutmuş Çukotkayadək intəhasız məkanlara üz tuturlar. Bu adamların mütləq əksəriyyəti dəmiryol qatarları və avtobuslarla gəlib çıxırlar Həştərxan vağzalına. Bu vağzal isə sözün əsil mənasında bölüşdürmə məntəqəsini andırır. Fikir versəniz, görərsiniz ki, burada çox az adam rus dilində danışır. Yerli dildə danışanlar yerli sakinlərdir. Qalanları bizik. Bütün oturacaqlar, salonlar, gözləmə zalları, kafelər həmvətənlərimizlə doludur. Bilet növbəsində dayanan kim, qatar gözləyən kim, xırda-xuruş alver edən kim.
Bəli, bunlar bizik. Qonaqlığa, toy-bayrama, qastrollara getmirik. Belə tədbirlərə təyyarələrda uçurlar. Əksəriyyətimiz sırsıralı Rusiyaya, Sibir tayqasına, Kuban çöllərinə, daha nə bilim haralara çörəkpulu qazanmaqdan ötrü üz tuturuq.
Həştərxan vağzalında Lənkəran çörəyi, Şəki halvası, yurdumuzun əziz-girami təamlarından nə qədər desəniz, var. Yerli nemətlərdən ən çox alver ediləni balıqdır. İndi gəlin baxaq, görək Həştərxana çörəyi Lənkərandan, halvanı Şəkidən gətirib satırlar? Bilmirik. Bircə bunu aydın görürük ki, vağzal müsafirləri bu nemətlərdən doyunca bəhrələnir, bir də görürlər ki, ciblərindəki pullar tükənib. Bəziləri suyu süzülə-süzülə geriyə qayıtmaq zorunda qalırlar, başlayırlar tanış-biliş axtarmağa. Axtara-axtara ilişirlər qaş-qabağı yerlə gedən polis nəfərlərinə. Onlar da heç yerdə qeydiyyatı olmayan “bezbilet” biçarələri tutub oturdurlar maşına, üst-başlarını gəzib ciblərini çevirirlər, bəzilərinə “rəhm” edib buraxırlar. Azacıq sonra görürlər ki, “baba köçüb, yurdu qalıb”, ciblərdəki iri əskinaslar yoxa çıxıb. Nə deyəcəksən, nə edəcəksən? Döy başına, yan! Haray-həşir salsan, götürüb aparacaqlar polis şöbəsinə. Oradan necə çıxacaqsan, məlumdur. Ya cərimə olunacaqsan, ya da... deportasiya!
Demək istəyirik ki, rusiyalı məmurlar da az aşın duzu deyillər. Bu ölkədə rüşvətin orta məbləği bizdəkinə yaxındır, məmurların rüşvətdən gəliri milyardlarla ölçülür, ilbəil artır. Bizlərə şükr!
Beləcə polis gedir, OMON gəlir, o gedir məmurlar gəlir, hamısı da yuxarıdan danışır. Belə məqamda adamın yadına tanış aksioma düşür: “Adamın adamı!”
Hər yerdə olduğu kimi, Rusiyada da adama “dayı” gərəkdir, onda heç olmasa bilirsən ki, “krışa”n var, çörək yolu axtarmaq qayğıların bir qədər azalır. ”Krışa” yoxsa, işin fırıqdır, yaxud, gərək bu ölkədən pul aparmaqdan ötrü bəri başdan buraya cibi dolu gələsən. Pul burada hər şeyi həll edir, onun qarşısında polisin də, OMONun da dili bağlıdır.
İkinci şərt odur ki, dil bilməlisən, rəhmətlik Seyid Əzimin təbirincə, başqa əlac yoxdur. Rus dilini bilmədən Həştərxandan o yana keçməyə dəyməz. Sən kimsəni başa salınca, səni başa salacaqlar.
Bax, belə. Hələlik qonşu ölkənin yuxarı orqanlarında, miqrasiya ilə məşğul olan təşkilatlarında, diplomatik elçiliklərdə hər şeyi yoluna qoymaq cəhdlərinə baxmayaraq, vağzallarda, küçələrdə, bazarlarda bizimkilərə münasibət dəyişməz qalır. Mədəni deportasiya gedir. Bizlər güc-bəla ilə əldə etdiyimiz piştaxtaları tərk edib yeni sənədlər götürmək üçün vətənə qayıdırıq, sonra geri dönərək sıfırdan başlayırıq.
İndi neyləyək? Məgər biz bu gün Avropanın az qala yarısını təlatümə salan o əcnəbilərdənik? Əlbəttə, yox, Allah göstərməsin. Amma, bir-iki məsələni bilməliyik.
Hər şeydən əvvəl unutmamalıyıq ki, Samuru adlayandan sonra biz artıq əcnəbi hesab olunuruq. Vaxtı keçmiş stereotipləri başımızdan birdəfəlik çıxarmalı, özümüüzü sırf azərbaycanlı kimi aparmalı və görməliyik. Boynumuza alaq ki, hələ xarici ölkələrin qaydalarına lazımınca riayət etmirik, bu qaydaları tam şəkildə mənimsəməmişik. Hər bir ölkənin miqrasiya qanunlarının isə spesifik cəhətləri var. Axı, küçələrdə, vağzallarda niyə qeydiyyatsız dolaşırıq ki, bizə “ilişsinlər”? Hələ qazandıqlarını bölə bilməyib bir-birinə badalaq gələnləri, dələduzları demirik. Bəzi yerli qruplaşmaların bizlərə mənfi münasibətlərinin bir səbəbi də məhz budur. Axı, rusların hamısı ucdantutma “skinxed” deyillər. İmperiya mədəniyyətsizliyinin də vaxtı çoxdan keçib.
Yaşıl pasportun varsa, yolunda yaşıl işıq yanır, keç, get, amma qırmızı işığı keçmə!

Rusiyada da adama “dayı” gərəkdir....


İnform.az

Baxış sayı: 540