Siyasət, Şərhlər
08.06.2016 / 11:53

"SOYQIRIM" yeli Türk qayasından nə qoparar ki?!

"SOYQIRIM" yeli Türk qayasından nə qoparar ki?!
İlqar Altay

Qardaş Türkiyə ətrafında son zamanlar olduqca çox qəribə hadisələr baş verir. Bu hadisələr o qədər dəyişkən və rəngarəng və həm də gözlənilməz və təlatümlü inkişaf edir ki, istər istəməz beyinə: "Allah qorusun, türkü, türk dünyasını!" fikri gəlir. Amma ki, həyatda çox vaxt böyük oyanmalar da, ugur və inkişaflar da belə təlatümlü silkələnmələrdən başlayır...

Almaniya Parlamentinin (Bundestaqının) “erməni qenosidi” qətnaməsinin təşəbbüskarı, Yaşıllar Partiyasının həmsədri, Almaniya FR Parlamentinin deputatı, türk Cem Özdemirdir. Üstəlik, qətnamə qəbuluna Bundestaqdakı türk əsilli 7 deputatın hamısı səs verib. Təəccüblü və düşündürücüdür...
Belə çıxmırmı ki, bu deputatlar onlara dəstək verib parlamentə göndərən Almaniya türklərinin bu barədəki fikirlərini ifadə edir? Yəni, Almaniyadakı böyük türk toplumu bu "soyqırım"ın tanınmasına qarşı birmənalı qətiyyət göstərsəydi, o milli toplumun içindən seçilən həmin deputat nümayəndələr bu qətnaməyə dəstək və üstəlik təşəbbüs göstərərdimi?
İkincisi, Almaniya Bundesdaqının türkəsilli deputatlardan da istifadə edib çıxardığı gözlənilməz qərarın arxasında, bütün dövlət sisteminin xüsusi hazırlıq təşkili görünür. Sanki, bu bir mühüm ümumilli məsələ imiş. Hiss olunur ki, bu plan əvvəldən, bütün detallarına qədər hərtərəfli və sistemli işlənib hazırlanıb. Elə hazırlanıb ki, həyata keçirildikdə Türkiyə tərəfinin etiraz arqumentləri üçün boşluq, tutqac yeri qalmasın. Sadəcə, niyə indi? Bax, sual budur.
Təbii ki, nə qədər qardaş ölkənin tərəfini tutursan tut, yaranan sualların cavabının xeyli hissəsini Türkiyə siyasətində axtarmamaq yanlışlıq olar. Və Ankaranın ümumiyyətlə, son illər öz anlaşılmaz, dəyişkən, sıçrayışlı xarici siyasətindəki bəzi qüsurları arayıb, ortaya çıxarıb yoluna qoymaması dərin yanlışlıq olar. Məsələn, nədən Almaniyadakı türksöylu deputatlarla əlaqələr kifayət səviyyədə olmayıb? Nədəndir, orada yaşayan çox böyük türk icması ilə lazımi işlər aparılmayıb?
Almaniyadakı minlərlə türk məscidlərinə rəhbərlik edən, Türkiyədən maaş verilib göndərilmiş imamlar nə işlə məşqul olublar ki, və onlarla Ankaradan koordinasiya nə səviyyədə olub? Almaniya kimi ehtiyatlı qeosiyasi gedişlər edən dövlətlə münasibətdə son dövrlər hansı problemlər olmuş ki, onlar da bu qəflət gedişi etmişlər? Bir günün işi olmayan "tanıma" hazırlığı prosesi barədə Türkiyə hakimiyyəti, onun xariclə əlaqəli orqanları nədən öncədən tədbirlər görməyib?
Və nəhayət, Suriya problemində Rusiyaya qarşı Qərbin marağını təmin edən fədakar qarşıdurma mövqeyi seçmiş Türkiyə dəstək əvəzində bu araqarışıq dövründə niyə Qərb tərəfdən zərbə alsın? Avropa ilə Türkiyə arasında qaçqınlar məsələsində yüksək səviyyəli anlaşma-razılaşmadan dərhal sonra nədən belə bir təəccüblü əks addım atılsın?
Bu sualların cavabı qaranlıq olduğu üçün türk xalqı, Türkiyə təəssübkeşli bütün dünya sıravi toplumu da bu qərarı gözlənilməz hərəkət kimi xüsusi təlatüm və narahatçılıqla qarşıladı. Amma yüksək dairələrdə bu sualların cavabı yəqin var və hətta, bəziləri üçün bu bəlkə də gözlənilən idi. Türkiyə dövlət rəhbərliy də bu gedişatdan təbii ki, xəbərsiz olmamalıydı və olubsa, ona da, təəssüf...
İstənilən halda Almaniya tərəfindən atılan bu addım zamansız, yersiz və səhvdir. Almaniya 2-ci Dünya savaşından sonrakı uzaqgörən, sabit qeyri-impulsiv, siyasətinə uygun gəlməyən addım atdı. Bununla, nəinki Türkiyə və Almaniyada yaşayan türk toplumunu həm də dünya türk birliyini incitmiş oldu. Bu məsələ 25 ildir, ermənilərlə müharibə şəraiti yaşayan Azərbaycan üçün də ağrısız keçmədi və öz mənfi qiymətini aldı. Zaman da bu addımın səbəblərini və həm də səhv olduğunu göstərəcək.
Ancaq, fikrimcə bu məsələnin üzərində həyati və həlledici kimi dayanaraq, xüsusi pessimizmə qapılmağa da dəyməz. Çünki, Türkiyə kimi qüdrətli bir dövləti, kiminsə ona qarşı hansısa soyqırımı tanıması, qəti sarsıda bilməz. Almaniyadan da böyük Rusiya bu "erməni soyqırımı" quramasını tanıyıb nə olub? Bu bir. İkincisi, dünyada hər şeyin bir eniş, bir də ki yüksəliş dövrü və tövrü var. Və talenin yüksəliş yolunun qarşısını heç bir qüvvə ya hadisə ala bilməz. Çünki bu dünya gedişatının bir qanunauygunluğudur.
Türkiyə, dünya türk toplumu bu gün həyatın yüksəıliş axınındadır. Vaxtilə bütün dünya Almaniyaya qarşı durub yəhudi soyqırımını tanıdı. Almaniya hətta özü, bu soyqırımı qəbul etdi. Üzr də istədilər, xeyli kompensasiya da verdilər, nə oldu? Almaniya bütün dünya dövlətlərindən daha sürətli inkişaf etdi. İkiyə bölüb, söküb aparıb, səsini aldıqları Almaniya və Yaponiyaya bu gün qalib kimi salam verib yer göstərirlər. Niyə? Çünki, ilahidən inkişaf payı onların idi.
Yaxşı müşahidə edib, dünyada gedən qlobal proseslərin analizinə varsaq, indi Türkiyənin, dünya türkünün dövrüdür. Türkiyənin güclənməsi, dünya türklərinin oyanışı dövrüdür. Bu, heç kimdən asılı olmayan, dünyanın bir qarşısıalınmaz axınıdır. Bu axının da qabağında çox belə erməni hürüşü, "soyqırım" tanışlığı və sair olacaq. Amma türk yolu aydındır, türk karvanı böyükdür və bu karvanı yolundan heç bir maneə, "hürüş" döndərə bilməz! "Soyqırım" yeli Türk qayasından nə qopara bilər ki?

İnform.az

Baxış sayı: 346