Elm-təhsil, Şərhlər
07.06.2016 / 11:47

M.Hadinin vəfatı və qəbrinin harda olması məsələsinə dair- Fotolar

M.Hadinin vəfatı və qəbrinin harda olması məsələsinə dair-
İslam Qəribli/filologiya üzrə elmlər doktoru, professor

Ali məktəbdə oxuduğum illərdə (1971-1975) Məhəmməd Hadinin(1879-1920) ölüm tarixi ilə bağlı bu faktı bilirdim: 1920-ci il...
Təbii ki, harada, hansı şəraitdə vəfat etməsi və qəbrinin harada olması barədə nə ali məktəb dərsliklərində, nə də M.Hadi ilə bağlı oxuduğum digər tədqiqat əsərlərində heç bir dəqiq məlumata rast gəlməmişdim. Ümumi məlumat belə idi ki, M.Hadi müəmmalı bir şəkildə “qeyb” olub, yaxud naməlum bir şəraitdə, naməlum bir yerdə vəfat edib, qəbrinin harada olması kimsəyə bəlli deyil.
Biləsuvar (keçmiş Puşkin – İ.Q.) rayonunun Əmənkənd orta məktəbində müəllim işləyərkən məktəbimizdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışan Rizvan müəllim məni 1976-cı ilin may ayında doğulduğu Gəncə şəhərinə qonaq dəvət etdi. Gəncədə olarkən o, məni Gəncənin bir çox tarixi yerləri ilə yanaşı, Gəncə çayının sağ sahilində yerləşən bir bağa da apardı. Bağda o qədər də böyük olmayan bir büst var idi və üstündə bu sözlər yazılmışdı: “Məhəmməd Hadi(1879-1920). Təbii ki, o zaman mən M.Hadinin büstünün niyə burada qoyulmasının fərqinə varmadım və açığı, bu məsələ məni, demək olar ki, maraqlandırmadı.
İllər keçdi və tale, qismət elə gətirdi ki, 1985-ci ildə “M.Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması” mövzusu mənə namizədlik işi kimi verildi və akademik Əziz Mirəhmədov (1920-2002) elmi rəhbərim təyin olundu. M.Hadi ilə bağlı bir çox suallarımın cavabı kimi Ə.Mirəhmədovdan mütəfəkkir sənətkarın 1920-ci ilin yazında Gəncə şəhərində vəfat etdiyini, Gəncədəki “Səbzkar qəbirstanlığı”nda dəfn olunduğunu və nəşinin 1966-cı ilin yayında Gəncə çayının sahilində kiçik bir bağa köçürüldüyünü öyrəndim.
Məsələ mənim üçün bitmiş hesab olunurdu. Ancaq M.Hadi irsinin tədqiqatçısı olduğumdan, ondan həm namizədlik, həm də doktorluq dissertasiyası müdafiə etdiyimdən dəfələrlə M.Hadinin vəfatı və məzarının harada olması ilə bağlı suallara cavab verməli olurdum.
Bu günlərdə, daha doğrusu avqust ayının 6-da Gəncə Şəhər İcra Hakimiyyətinin humanitar məsələlr üzrə müavini, sənətşünaslıq doktoru, professorSevda xanım Qurbanəliyevanın zəng etməsi, bu məsələlər barədə dəqiq və ətraflı məlumat istəməsi, məlumatların M.Hadi haqqında gələcəkdə görüləcək tədbirlərlə ələqəli olması bir neçə ay əvvəl yazmağa başladığım yazını tamamlamağa, ədəbi-elmi ictimaiyyətin diqqətinə çatdırmağa sövq etdi.
Düşünürəm ki, məsələnin mahiyyətini doğru-dürüst əks etdirmək üçün bir qədər əvvəldən başlamaq lazımdır.
1914-cü ilin axırlarında M.Hadi yaxın dostu, çətin məqamlarında ona arxa duran, Gəncə quberniyasının Zəyəm kəndində doğulan, həm ali hüquq, həm də ali tibb təhsili alan, “Difai”(1905) və “İttihad” partiyalarının yaradıcısı, Azərbaycan Demokratik Cümhuriyyətin süqutundan sonra Azərbaycandan uzaqlarda yaşamağa məcbur edilən, 10 il Orta Asiyada sürgün həyatı keçirən və Səmərqənddə vəfat edənQarabəy Qarabəylinin(1874-1953) məsləhəti ilə Bakı milyonçuları və müsəlman ruhanilərinin çara sədaqətini göstərmək üçün təşkil etdiyi Müsəlman süvari diviziyasının (bəzi mənbələrdə “Tatarski polk” – İ.Q.) tərkibinə “xəstə və yaralılara baxıcı sifəti ilə daxil olub” Birinci Dünya müharibəsinə yollanır. Bu gedişlə üç ildən bir az artıq, 3 marat 1918-ci il Brest-Litovsk sülh müqaviləsinə əsasən Rusiyanın müharibədən çəxmasına qədər döyüşən ordu sıralarında Karpat, Lembeq(indiki Lvov), Stanislav, Qailça, Polşanın şəhər və kəndlərini dolaşan və bu gedişini “səyahət” adlandıran M.Hadi 1918-ci ilin əvvəllərində Azərbaycana – Gəncədə yaşayan bacısının yanına qayıdır. Bir müddət Gəncədə yaşadıqdan sonra Bakıya dönən M.Hadinin ömrünün son illəri Bakı, Göyçay və Gəncədə keçir ki, siyahıda Gəncə, heç şübhəsiz ki, birinci yerdədir.
M.Hadinin həyatının Gəncə dövrü barədə ən dolğun və səhih məlumata gəncəli, daha çox “Məşədi Sicimqulu”, “Kefsiz” imzaları ilə tanınan görkəmli “Molla Nəsrəddinçi” şair Əli Nəzminin(1878-1946) “Keçmiş günlər” adlı xatirələrində rast gəlirik. Xatirələrin “Məhəmməd Hadi Əbülsəlimzadə ilə görüş” bölməsi altındakı “Dikaya diviziya”, “Ceyran südü”, “Hadiyə 200 manat”, “Hadinin vəfat xəbəri” yarımbaşlıqlarında verilən məlumatlar bütünlüklə M.Hadiyə həsr olunub və M.Hadinin ölmündən təxminən 10-15 il sonra yazılmış bu məlumatları, M.Hadi irsinin tədqiqatçısı olaraq ən etibarlı mənbə hesab edirəm.
M.Hadi, həqiqətən də Rusiya müharibən çıxdıqdan sonra Qafqaza – Gəncəyə qaytarılan diviziyanın hərbçiləri sırasında Gəncəyə dönmüş və bu, “Keçmiş günlər”də belə əks olunmuşdur:
Döndükdə Gəncəyə hərbə gedənlər,
Hadi də onlarla gəlmiş bərarbər.
Etmişdi Gəncədə bir müddət məskən,
Tapdım, bu şairlə tanış oldum mən.
M.Hadi ilə tanış olan Əli Nəzmi onu evinə dəvət edir. M.Hadi gələcəyini vəd etsə də, söhbətdən ay yarım keçməsinə baxmayaraq Əli Nəzminin evinə getmir. Onların görüşü bu söhbətdən xeyli sonra, may ayında, çox güman ki, mayın axırlarında baş tutur. “Keçmiş günlər”dən oxuyuruq:
Keçdi bu söhbətdən iki, yaxud üç ay,
Geyindi al yaşıl, gəldi gözəl may.
Bir gün oturmuşdum dükançamda tək,
Gördüm Hadi keçir, geymiş ağ köynək.
Buradakı “ağ köynək” ifadəsinə fikir vermək lazımdır. Demək, artıq insanlar pencəklə yox, köynəklə gəzirlər və bu, may ayının sonlarında, an azından ikinci yarısında ola bilər. M.Hadini dükanına dəvət edən Əli Nəzmi ilə bundan sonra şairin sıx təmasları başlanır. Yenə “Keçmiş günlər”ə müraciət edək:
İndi Hadi dükana çox sıx-sıx gəlir,
Bəzən nahar edir, bəzən dincəlir.
...Qonaq çağırırdım getmirdi evə,
Gəlirdi dükana çox sevə-sevə.
Belə görüşlərin birində Əli Nəzmi M.Hadini tanınmış ədəbiyyat araşdırıcısı Salman Mümtazla(1884-1941) tanış edir. “Keçmiş günlər”in bu bölümündə (“Ceyran südü”) Əli Nəzminin ortağı və M.Hadiyə hədsiz rəğbəti olan Rüstəm adlı bir gəncin də adı çəkilir.
Məlumdur ki, M.Hadinin imzası 1918-ci ilin oktyabrından başlayaraqBakıda çap olunan mətbuat orqanlarında sıx-sıx gürünməyə başalyır və bu hal 3 may 1919-cu ilə, şairin “Bəsirət” qəzetinin 227-ci nömrəsində çıxan “Qəmərə” şeirinə qədər davam edir. Bundan sonra şairin imzasına mətbuatda bir daha təsadüf olunmur.Bu, o deməkdir ki, M.Hadi 1919-cu ilin may ayında Bakını birdəfəlik tərk edir.
M.Hadi 1919-cu ilin may ayından vəfatına qədər Gəncədə, bizcə, bacısının yanında yaşayır. Ara-sıra ətraf bölgələrə, daha çox Göyçaya səfər edib Gəncə mətbəələrində çap etdirdiyi şeirləri satmaqla dolanır. “Keçmiş günlər”dən öyrənirik ki, M.Hadi 1919-cu ildə Əli Nəzminin yanına gəlmiş (ay göstərilmir – İ.Q.), ondan Göyçaya gedərək əsərlərini satıb yarım aya qaytarmaq şərti ilə 200 manat pul istəmişdir. “Daxılda ancaq doxsan beş manatı” olan Əli Nəzmini və mətbəəyə borcu olan M.Hadini əvvəlki bölmədə adı çəkilmiş Rüstəm vəziyyətdən çıxarır. “200 manat” başlıqlı hissədə oxuyuruq:
Cavanmərd bir gəncdi ortağım Rüstəm,
Oldu bu halımda zəxmimə mərhəm.
Qalxdı borc pul tapıb aldı qonşudan,
Bir gün pulsuz qalsın, dedik qoy dükan.
Düzəltdik Hadiyə iki yüz manat,
Hadi bir quş kimi açdı qol-qanad.
Əli Nəzmi qeyd edir ki, M.Hadi nə verdiyimiz pulları qaytardı, nə də bir daha yanımıza qayıtdı. Onu yalnız bir aydan sonra uzaqdan, tramvayda getdiyi zaman gördüm:
Əsla görünmədi bir daha mana,
Pul üçün yad olur insan insana.
Araşdırdığımız problemlə bağlı ən dəyərli məlumatlar “Hadinin vəfat xəbəri” başlığı altındakı parçada verilmişdir. Əli Nəzmi qeyd edir ki, “Son bahar girmişdi: İyirminci il, Hər şeydə, hər işdə yenidir şəkil”. Deməli 1920-ci ilin baharıdır və Azərbaycanda yeni bir hakimiyyət – Sovet hökuməti qurulub.
Gəncədə çıxırdı kiçik bir qəzet ,
Oraya edirdim mən dəxi gəl-get.
Müdir Ağahüseyn Rəsulzadədir,
Bir də işləyirdi qəzetdə Nasir.
Qeyd edək ki, müəllifin adını çəkmədiyi qəzet bolşevik hökumətinin 1920-ci ilin aprel çevrilişindən sonra Ağahüseyn Rəsulzadənin (1884-1938) müdirliyi və Məhəmmədəli Nasirin (1899-1982) redaktorluğu ilə Gəncədə çap elətdirdiyi “Qırmızı Gəncə” qəzeti idi.
Əli Nəzmi qeyd edir ki, bir gün Nasir mənə yaxınlaşıb bildirdi ki, Bakıdan məktubla bir nəfər gəlib, M.Hadi ilə maraqlanır. Onun verdiyi məlumata görə Göyçayda çox həyəcanlı və əsəbi vəziyyətdə olan M.Hadi:
Üsyandan bir həftə, ya on gün qabaq,
Gəncəyə yollanmış çox ağır, naçar.
Lakin o müddətdən indiyə qədər,
Məhəmməd Hadidən yoxdur bir xəbər.
Bakıdan xahiş edirlər ki, M.Hadini axtarıb işin nə yerdə olduğunu öyrənək. Əli Nəzmi daha sonra qeyd edir ki, Nasir qəzet, firqə işi ilə məşğul olduğundan işin əslini öyrənmnəyi mənə həvalə etdi.
Daha bir xatırlama:Azərbaycanın sovetləşməsinə qarşı Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəylinin rəhbərlik etdiyi Gəncə üsyanı 1920-ci ilin may ayının 24-dən 25-nə keçən gecə başlanmış, mayın 31-də qəddarlıla yatırılmışdır. Bolşeviklər 8,5 min nəfər, üsyanşılar və dinc əhali isə 12 min nəfərə yaxın itki vermişlər. Azərbaycan Milli Ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və padpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən gülləlnmiş, Nargin adasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyovla birlikdə 79 nəfər yüksək rütbəli dövlət məmuru məhkəməsiz, sübutsuz qətlə yetirilmişdir.
Əli Nəzmi bildirir ki, M.Hadinin Gəncədə yaşayan bacısını axtarsam da, tapa bilmədim. Tanıdığım şirvanlılardan, M.Hadini görüb-bilənlərdən onu soraqladım, dəqiq bir məlumat verən tapılmadı. Şəhərimizdə beş xəstəxana var idi. Səkkiz həftə müddətində onların dördünü axtardım, xəstəxana dəftərlərini ələk-vələk elətdirdim, heç nə hasil olmadı. Ən kiçik bir xəstəxana qalmışdı, hər etimala qarşı bir gün oraya da baç çəkdim. Müdir söylədi ki, üsyan zamanı hər şey dağılmış və mənim də M.Hadi, onun burada olub-olmaması haqqında məlumatım yoxdur:
Lakin şamaxılı bir sanitar var,
Bəlkə bir şey bilir, soruşmaq olar.
Öyrəndim ki, dostum həkim Kazım Mirzəyev(Gəncəli) də burada işləyir. Həm həkimi, həm də şamaxılı sanitarı çağırdıq. Hər ikisi M.Hadini tanıdıqlarını və üsyandan qabaq burada xəstə yatdığını bildirdilər. Sonra da bildirdilər ki, şəhərdə üsyan başlanandan sonra hamı qaçdı, xəstələrə baxan olmadı. Bir həftə xəstələrə yemək belə vermək mümkün olmadı və xəstələrin çoxu acından öldü.
Etmişdir Hadi də o günlər vəfat,
Kimdi ölənlərə edən iltifat?
Qəbrinin harada olduğunu soruşdum. Onlar bildirdilər ki, “nə məzar, nə kəfən?”.Üsyan bitəndən və şəhərin hər yerindən meyidlər toplanan zaman biz də xəstəxanada tanınmaz hala düşmüş meyidləti arablara doldurduq və kimin harada və necə dəfn olunmasından xəbərimiz olmadı.
Axırda Əli Nəzmi bildirir ki, mən bu məsələnin düzmü, yalanmı olmasını təkrar-təkrar onlardan soruşdum və onlar da təkrar-təkrar təsdiq etdilər ki, dediklərihəqiqətdir və çoxdan tanıdıqları M.Hadi üsyan zamanı bu kiçik, əslində qəriblər xəstəxanasında kimsəsiz halda dünyaya əlvida deyib.
M.Hadinin 1920-ci ilin may ayının sonu, yaxud iyunun ilk günlərində Gəncədə kiçik bir xəstəxanada vəfat etməsi Əli Nəzminin xatirələri və digər sənədlərə görə qətiyyən şübhə doğurmur və bu faktı birmənalı olaraq qəbul etmək lazımdır.
Bəs M.Hadi harada dəfn olunub? Bəlkə, dəfn etməyə imkan olmayb, meyidi xarabalıqlara atlıb?
Bu sual 46 ilməzarı naməlum hesab edilən Hadisevərləri düşündürüb. Sistemli araşdırmalar aparılmadığından təsadüfi axtarışların nəticəsi olmayıb. Məsələnin ciddi araşdırılmasına uzun illər rəhbər vəzifələrdə çalışmış miullətsevər ziyalı, gəncəli Tofiq Məsim oğlu Bağırovun(1926-2003) Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi işlədiyi illərdə (1962-1966) başanılıb.
M.Hadinin qəbrinin harada olması haqqında ilk məlumat “Bakı”(axşam) qəzetinin 4 iyun 1966-cl il tarixli 130-cu nömrəsində dərc olunmuşdur. “Məhəmməd Hadinin xatirəsi” adlı məqalənin müəllifi, M.Hadi haqqında dəyərli tədqiqatların müəllifi olan Əziz Mirəhmədov yazır: “Bu yaxınlarda Kirovabad (Gəncə - İ.Q.) müəllimlərindən Kərim Tağıyev təsadüfən keçmiş qəbirqazan, 90 yaşlı Məmməd Şahmar oğlu Rzayevlə görüşüb söhbət etdiyi zaman ondan Məhəmməd Hadini soruşmuşdur. Yaşına görə xeyli qıvraq olan M.Rzayev demişdir ki, bəli, bu “qərib şairi” mən özüm dəfn etmişəm. Sonra o, Hadinin qəbrini də göstərmişdir.
Söhbət əsnasında bir daha təsdiq olunmuşdur ki, .... kimsəsiz, xəstə şair çox ağır bir vaxtda vəfat etmiş və onun sənətinə hörmət bəsləyən bir dəstə tərəqqipərvər yerli ziyalılar tərəfindən dəfn edilmişdir. Bunu vaxtı ilə Hadini tanıyan, görən və əsərlərini onun öz dilindən eşidən T.Verdiyev, D.Cəfərov, P.Hüseynov və başqa qocaman ziyalılar da təsdiq etmişlər.
“Səbzkar qəbiristanlığı”ndakı bir çox qəbirlərin və kitabələrin öyrənilməsi, habelə qocaların söhbətləri aşkar sübut etdi ki, Hadinin vəfatı və qəbri haqqında bu deyilənlər doğrudur: yəni Məhəmməd Hadi həqiqətən 1920-ci il mayın axırı – iyun ayının əvvəllərində Gəncədə vəfat edib, orada – A.Səhhət və A.Tofiqin basdırıldığı “Səbzkar qəbiristanlığı”nda dəfn olunmuşdur”.
Sual oluna bilər: Ə.Mirəhmədovun təfərrüatlarını açmadığı bu hadisə, yəni qəbrin tapılması və köçürülməsi necə baş vermişdir?
Tofiq Bağırov “Ədəbiyyat qəzeti” redaksiyasına ünvanladığı məktubunda yazır: “1962-ci ildə Gəncə Şəhər Partiya Komitəsinə birinci katib vəzifəsinə seçiləndən sonra gündəlik işlərlə bərabər M.Hadinin qəbrinin tapılmasına xüsusi diqqət yetirirdim....
...İnanırdım ki, bu işdə bizə kömək edə biləcək yaşlı adamlar tapılacaq. Bu məqsədlə şəhərin ağsaqqal ziyalılarından bir neçəsini çağırıb məsləhətləşdim. Şəhər Partiya Komitəsinin mühazirəçilər qrupunun rəhbəri və Pedaqoji İnstitutun ədəbiyyat müəllimi Məmməd Məmmədov və başqaları axtarışa başladılar. 1966-cı ilin marat ayında Azərbaycan MK-nın partiya orqanları şöbəsinə müdir təyin edilərək Bakıya köçmək ərəfəsində şad xəbər eşitdim. Öyrəndim ki, 1920-ci ildə M.Hadi xəstəxanada keçinəndə xəstəxanada fəhlə işləyən Musa kişi onun qəbrinin qazılmasında və dəfnində şəxsən iştirak etdiyinə görə qəbrinin yerini dəqiq bilirmiş. Mən Gəncə şəhər PK-nın təzə seçilmiş birinci katibi Ələsgər Əlizadə və Şəhər Sovetinin sədri Oqtay Rzayevdən xahiş etdim ki, M.Hadinin nəşinin qalıqlarını şəhərin “Səbzkar qəbiristalığı”ndan Gəncə çayının sağ sahilindəki bağa köçürərək qəbirüstü abidə qoysunlar. Onlar belə də edərək məlumat verdilər”(“Ədəbiyyat qəzeti”, 16 fevral 2001-ci il).
Burada Tofiq Bağırovun məktubundan daha bir neçə cümləni verməyi məqsədəuyğun hesab edirik: “1990-cı ildə M.Hadinin qəbrini ziyarət edərkən baş daşının zədələndiyini gördüm. Şəhər rəhbərliyindən xahiş etdim ki, onu yeni abidə ilə əvəz etsinlər. İndi şairin mərmərdən düzəldilmiş baş daşına bürüncdən barelyefi də həkk olunmuşdur. Həqiqət budur”.
Tofiq Bağırov redaksiyaya göndərdiyi yazıya Ə.Mirəhmədovun məqaləsində adı gedən Kərim Tağıyevin ona ünvanladığı məktubu da əlavə edib. Həmin məktubdan bir neçə sətri burada verməyi lazım bilirik: “Mən sizin tapşırığınız əsasında hələ vaxtilə başaldığım uzun müddətli axtarışdan sonra şair Məhəmməd Hadinin vəfat etdiyi tarixi və yeri müəyyən edə bildim. Bu məsələni, əlbəttə, tək özüm yox, mənimlə birlikdə Gəncə şəhərinin yaşlı ziyalıları və qocalarının da iştirakı ilə aydınlaşdıra bildik..
..Qəbir müəyyən edilmiş fotoşəkili də sizə göndərirəm.
...Sizə hörmət bəsləyən Tağıyev Kərim.
27 aprel 1966-cı il”.
T.Bağırovun bu yazısından sonra “Ədəbiyyat qəzti” “Əks-səda” rubrikası altında uzun illər məsul vəzifələrdə çalışmış f.ü.f.d. Xeyrulla Əliyevin “El dərdi çəkənin dərdi çəkilməz” adlı geniş bir məqaləsini dərc etmişdir(Bax: “Ədəbiyyat qəzeti”, 8 mart 2001-ci il).
Yeri gəlmişkən qeyd etməyi gərəkli hesab edirəm ki, uzun illərdir Xeyrulla müəllimlə eyni elmi müəssisədə - AMEA Nizami adına Ədəbiyyat İnstitutunda çalışırıq və M.Hadinin qəbrinin necə tapılması, nəşinin qalıqlarının köçürülməsi ilə bağlı hadisələrin iştirakçısı və canlı şahidi kimi onunla dəfələrlə söhbətlərimiz olub.
Xeyrulla müəllimin bu yazısı bir neçə qaranlıq məqama aydınlıq gətirmiək baxımından, həqiqətən, çox əhəmiyyətli yazıdır. Qeyd etməyi zəruri hesab edirəm ki, Xeyrulla Əliyev həmin illərdə Gəncə Şəhər Partiya Komitəsində təbliğat-təşviqat şöbəsində məsul vəzifədə çalışmış və o, bilavasitə bu olayların iştirakçısı və təşkilatçılarından biri olmuşdur.
M.Hadinin qəbrinin tapılması və nəşinin Gəncə çayının sağ sahilindəki bağa köçürülməsində Tofiq Bağırovun əməyini yüksək qiymətləndirən Xeyrulla müəllimin yazısından bir neçə məqamı göstərməklə kifayətlənəcəyik:

1. M.Hadinin qəbrinin yeri, həqiqətən də Tofiq müəllimin göstərdiyi kimi 1966-cı il aprelin sonlarında müəyyən edilmiş və yeni qəbir yeri(Şəhər İcraiyyə Komitəsinin müvafiq qərarı ilə) başdaşı hazırlandıqdan sonra şairin nəşinin qalıqları həmin ilin qızmar bir yay günündə Gəncəçayın sağ sahilində, mərkəzi körpünün aşağı sahəsində yenidən torpağa tapşırılmışdır.

2. M.Hadi xəstəxanada vəfat edəndə Cahanbaxş Cavadzadə (yazıçı və tərcüməçi olan Cahanbaxş Xeyrulla Əliyevin qayınatasıdır – İ.Q.) və İmran Tağızadə ataları və başqa ziyalılarla, o cümlədən 60-cı illərin sonlarına kimi mənimlə bir binada yaşamış Həmid Əhmədli, habelə xəstəxanada (sonralar isə “Səbzkar”da) işləmiş Musa kişi ilə birlikdə yığışıb dəfn etmişlər.

3. Tofiq Bağırov, təzə birinci katib Ələsgər Əlizadə, Şəhər Sovetinin sədri Oqtay Rzayev M.Hadinin qəbrinin yerinin müəyyənləşdirilməsi və bununla bağlı gələcəkdə görüləsi işlərlə təkcə şəhər ictimaiyyətini deyil, respublika ictimaiyyətinin də nümayəndələrini cəlb etmişdilər. Əziz Mirəhmədov bu tədbirlərdə bilavasitə iştirak edirdi.

4. İlk qəbirüstü abidənin müəllifi yerli heykəltaraş Qorxmaz Sücəddinov idi və M.Hadinin başdaşının hazırlanmasında istifadə olunası portreti də, deyəsən, Əziz Mirəhmədov gətirmişdi.

5. M.Hadinin nəşinin qalıqlarını dəfn etmək qızmar bir yay gününə düşdü. Əziz müəllim də, şəhər “Bilik” cəmiyyətinin məsul katibi Kərim Tağyev də, Şəhər Partiya Komitəsinin mühazirəçisi Tapdıq Ələkbərov da, mən də ... yüngül geyinmişdik. Musa kişi isə yenə həmin sırıqlı gödəkçəsini geyinmişdi. Tər dabanından gedirdi.

6. M.Hadinin nəşinin qalıqları yeni yerə köçürüldü. Amma bir səhvə yol verildi: əvvəlki qəbrin yerində M.Hadinin adı olan heç bir lövhə, daş qoyulmadı. M.Hadi xiyabanının yaradılması üzrə nəzərdə tutulmuş tədbirlər, təəssüf ki, sonra həyata keçirilməmiş qaldı...

Xeyrulla müəllim M.Hadinin qəbri müəyyən edilərkən çəkilmiş fotoşəkildəkilər haqqında aşağıdakı məlumatı verir: çömbəlib oturmuş, sağ əlini qəbrin üstünə qoymuş Musa kişi(qəbirqazan); sağdan sola: şəhər qəzeti redaksiyasının ədəbi işçisi Oqtay Məmmədov; şəhər qəzetinin keçmiş əməkdaşı, Kənd Təsərrüfatı İnstitutunun professoru Hacı Hacıyev; şəhər “Bilik” cəmiyyətinin məsul katibi Kərim Tağıyev; M.Hadinin tədqiqatçısı Əziz Mirəhmədov; adını unutduğum molla; soldan sağa: “Bilik” cəmiyyətinin sürücüsü (balacaboy, bığlı) Yusif; şəhər mədəniyyət şöbəsinin müdiri Məmməd Məmmədov və başqaları.
Yuxarıdakıları yekunlaşdırsaq belə bir qərara gələ bilərik: Məhəmməd Hadi 1920-ci ilin may ayının axırları, iyun ayının ilk günlərində Gəncə şəhərində kiçik bir xəstəxanada vəfat etmiş, tərəqqipərvər Gəncə ziyalılarının iştirakı ilə “Səbzkar qəbiristanlığı”nda dəfn olunmuşdur. Şairin məzarı 1966-cı ilin aprel ayının sonlarında aşakar edilmiş, 1966-cı ilin yayında nəşinin qalıqları Gəncə çayının sağ sahilindəki bağa köçürülmüş, məzarı üzərində büstü qoyulmuşdur.

M.Hadinin vəfatı və qəbrinin harda olması məsələsinə dair-


1966-cı ilin aprel ayında M.Hadinin Gəncənin “Səbzkar qəbiristanlığı”nda aşkarlanmış qəbri üzərində çəkilmiş şəkil:çömbəlib oturmuş, sağ əlini qəbrin üstünə qoymuş Musa kişi(qəbirqazan); sağdan sola: şəhər qəzeti redaksiyasının ədəbi işçisi Oqtay Məmmədov; şəhər qəzetinin keçmiş əməkdaşı, Kənd Təsərrüfatı İnstitutunun professoru Hacı Hacıyev; şəhər “Bilik” cəmiyyətinin məsul katibi Kərim Tağıyev; M.Hadinin tədqiqatçısı Əziz Mirəhmədov; adını unutduğum molla; soldan sağa: “Bilik” cəmiyyətinin sürücüsü (balacaboy, bığlı) Yusif; şəhər mədəniyyət şöbəsinin müdiri Məmməd Məmmədov və başqaları.

M.Hadinin vəfatı və qəbrinin harda olması məsələsinə dair-

“Səbzkar qəbiristanlığı”ndan bir görünüş

M.Hadinin vəfatı və qəbrinin harda olması məsələsinə dair-

M.Hadinin Gəncə çayının sağ sahilindəki bağda olan qəbri və büstü

M.Hadinin vəfatı və qəbrinin harda olması məsələsinə dair-

İslam Qəribli M.Hadinin məzarı yanında, yanvar 2014-cü il


İnform.az

Baxış sayı: 1335