Din, Şərhlər
06.06.2016 / 10:03

Şeytanpərəstlik moizələri

Şeytanpərəstlik moizələri
Aydın Hüseynov

Demokratik dəyərlərin, ilk növbədə insan hüquq və azadlaqlarının təmin edilməsi sahəsində müəyyən müsbət addımların atıldığı bizim məmləkətdə müxtəlif dini təriqətlərin çiçəklənməsi təbii görünür. Lakin astanamıza humanist əqidələrlə yanaşı, destruktiv, yaxud sadəcə olaraq bizlərə heç bir dəxli olmayan təriqətlərin qədəm basması narahatlıq doğurmaya bilməz.

Öncə qeyd edək ki, varlıq və insan, təbiət və cəmiyyət qanunlarına müxtəlif prizmalardan yanaşan təriqətlər heç də peyğəmbərlərin, xarizmatiklərin kəşfi deyil. Onlar müxtəlif sosial qrupların taleyi ilə sıx bağlı olan dini təşkilatların tarixi təkamülü nəticəsində meydana çıxmışlar.

Xarici ölkələrin küçə və meydanlarında krişnaçıların necə təbil döydüklərini, “Hare, Krişna, hare!” sədaları altında gəlib-keçənləri yağlı qoğal və əyirdəyə qonaq etdiklərini, nəfis kitablar bağışladıqlarını, bihuşedici içgilər payladıqlarını dəfələrlə görmüşəm, Krişna moizələrindən də xəbərim var. Ona görə də Bakıda, xarici görkəmlərindən Hindistan, Birma, Nepal, yaxud Şri-Lankadan olan müsafirlər təsiri bağışlayan, lakin Azərbaycan əhli olan cavanları görəndə əsla təəccüblənməmişəm. Söhbətimin məğzi də hökmən krişnaçılara aid deyil. Ölkəmizdə mövcud tolerantlığa, dini dözümlülüyə rəğmən yalnız bir məsələyə təəccüb etmişəm: ictimai yerlərdə, təhsil və mədəniyyət ocaqlarının qarşısında, övladlarımızın gözü qabağında kim istəyir, təbil döyür, biz isə mentalitetimizi çürüdən destruktiv dini cərəyanlar barəsində həyəcan təbili döymürük.

Heç kəsə gizli deyil ki, son illərdə ölkədə, xüsusilə ucqar rayonlarda çoxlu sayda qeyri-ənənəvi dini cərəyan nümayəndələri peyda olublar, təbii ki, bunların fəaliyyəti üçün külli miqdarda vəsait xərclənib, yüzlərlə gənc və yeniyetmə bu cür təriqətlərə cəlb olunaraq xarici ölkələrə göndərilib. Mətbuatdan və televiziya kanallarından destruktiv təriqətlərin hətta məktəblərimizə ayaq açdığını eşidəndə adamın ayaqları yerdən üzülür, belə vəziyyətə laqeydliyi başa düşmək olmur.
Buna əsas səbəb kimi cəmiyyətin ümumdünya ailəsinə inteqrasiyasını, beynəlxalq əlaqələrin intensivləşməsini, rəsmi və qeyri-rəsmi təşkilatların çoxalmasını, daxil olan investisiyaların artmasını göstərmək mümkündür. Həmin təşkilatların bir çoxu öz ideyalarını, mənsub olduqları dini cərəyanları təbliğ edir, bir növ missionerlik fəaliyyəti göstərirlər. Şirin vədlərlə saqqızı oğurlanmış bir çox səbatsız gənclərin beyinlərinə bərli-bəzəkli, dindən və əqidədən döndərən təlimlər yeridilir. Belə gənclər doğma ailədən, ev-eşikdən, cəmiyyətdən üz çevirdiklərini anlamayaraq xaricdəki villalara, “beşulduz” mehmanxanalardakı kefə hər şeyi dəyişirlər. Tora düşmüş bu bədbəxtlər hec cür başa düşmürlər ki, uyduqları təriqətlərin mahiyyəti nədən ibarətdir, tarixi haradan və nədən başlanır.
Məsələn, XIX əsrdə ABŞ-da, daha sonra isə çox sürətlə Krıma, Volqaboyuna, Bessarabiyaya, Şimali Qafqaza gəlib çıxmış, əsasında messian-esxatoloji təlim dayanan “Yeddinci günün adventistləri”, həm də “Yehova şahidləri” təriqətlərinin mayasını əhdi-cədid mif və ehkamları təşkil edir. Onların fikrincə bu dünyanın insanlarını yalnız Məsih və Yehova ilə İblisin dəhşətli müharibəsi olan Armageddon xilas edəcəkdir, bu müharibə günahkarların qırılmasının ən məqbul yoludur. Guya Yer üzü od vasitəsilə təmizlənəcək, yeni Yer və Göy yaranacaqdır və buna çox qalmayıb. Belə nəticə hasil olur ki, bu antihumanist ideyalar bəşəriyyətin bəlalardan xilasını müharibələrdə görür, dinin sosial funksiyalarını eybəcərləşdirərək, əslində Maltus təlimini təkrarlayır, sərsəm moizələrlə insanları qırğınlara, anormal adətlərə təhrik edir, öz cəfəng nəşrlərini isə istədikləri yerdə yayırlar. Yəni “dərə xəlvət, tülkü bəy”, nə yapırsan, yap.
Ola bilsin ki, bir sıra mənəvi spesifik xüsusiyyətlərə görə qonşu ölkələrdə missionerlik Azərbaycandakı kimi təhlükəli deyil.

Şeytanpərəstlik moizələri


Misal üçün, baptizm, yevangelizm, adventizm kimi təriqətlər XIX əsrin ortalarında Rusiyada dəbə düşsə də, çarizmin xüsusi siyasəti nəticəsində bunlar Zaqafqaziyada, Ukraynada, Sibirdə, Yakutiyada və bir sıra digər imperiya regionlarında kök saldı, Rusiya idxal etdiyini ixrac edərək siyasi cəhətdən uduş əldə etdi.

Bizdə isə dominant din mövcuddur, tolerantlıq yetərincədir, amma milli mənafelərimizə zidd olan yad təriqətlərə uymaq məqbul deyil. Biz yol verə bilmərik ki, ciddi beynəlxalq maraqların kəsişdiyi bu məkanda üzdəniraq təriqətlərin cıdır meydanı yaradılsın, katoliklərlə pravoslavların, pravoslavlarla protectantların, şiələrlə sünnilərin poliqonu bina olsun, erməni qriqorianlar da tamaşaya dursunlar.
Təsəvvür edək ki, missioner dediyimiz şəxslər bizimlə bazarlarda, küçələrdə, nəqliyyatda, bir sözlə hər yerdə təmasdadırlar, öz şeytan moizələrini beyinlərə elə yeridirlər ki, ən istedadlı aktyorlar bunu edə bilmirlər. Mənəviyyatımıza yad təriqətlərin hətta erməni xüsusi xidmət təşkilatlarına işləməsini də nəzərə alsaq, vəziyyətin ciddiliyini görmək və dərk etmək çətin deyildir.
Ayıq olaq!

Şeytanpərəstlik moizələri


İnform.az

Baxış sayı: 1042