Elm-təhsil
03.06.2016 / 21:14

Yer elmləri bölməsinin iclası keçirilib- Fotolar

Yer elmləri bölməsinin iclası keçirilib-

İyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib. Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Bu barədə İnform.az-a AMEA-nın İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Gündəlikdə yer alan ilk məsələ "Azərbaycan Respublikasının coğrafiyası” üç cildlik monoqrafiyasının Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı ilə təltif edilməsi haqqında olub. AMEA-nın prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncamına əsasən, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və coğrafiya üzrə elmlər doktoru Zakir Eminov müəllifi olduqları "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasına görə elm sahəsi üzrə Dövlət mükafatına layiq görülüblər.

Akademik vurğulayıb ki, Azərbaycan coğrafiya elmində analoqu olmayan "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyanın nəşrində əsas məqsəd ölkə ərazisinin təbii-coğrafi, iqtisadi-coğrafi, ekocoğrafi xüsusiyyətlərini geniş ictimaiyyətə təqdim etməkdir. Trilogiyanın çoxsaylı xəritə, qrafik və sxemlərlə müşayiət olunan, "Azərbaycan Respublikasının fiziki coğrafiyası" adlanan I cildində ölkəmizin coğrafi mövqeyi, oroqrafiyası, öyrənilmə tarixi, geoloji quruluşu, faydalı qazıntıları, paleocoğrafiyası, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü landşaftları, Xəzər dənizinin səciyyəvi xüsusiyyətləri son elmi-nəzəri və metodiki baxışlar əsasında təhlil və tədqiq edilir. "Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası" adlanan II cild ölkənin iqtisadi, siyasi və sosial-demoqrafik problemlərinin tədqiqinə, onların yaranması səbəbləri və aradan qaldırılması istiqamətində təklif və tövsiyələrin işlənib hazırlanmasına həsr edilib. Kitabın "Azərbaycan Respublikasının regional coğrafiyası" adlanan III cildində Azərbaycan Respublikası regionlarının fiziki və iqtisadi coğrafi xüsusiyyətləri və inkişaf perspektivləri araşdırılır. Eyni zamanda, regionların inkişafı haqqında Dövlət Proqramlarından irəli gələn iqtisadi-coğrafi məsələlərin həlli və həmin proqramların həyata keçirilməsi, respublikanın dayanıqlı iqtisadi inkişafının, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən və görülməsi vacib olan məsələlər tədqiq edilir. Həmçinin respublika rayonlarının iqtisadi potensialı təhlil edilir, onlarda gələcəkdə inkişaf etdirilməsi daha məqsədəuyğun olan təsərrüfat sahələri göstərilir və perspektiv inkişaf istiqamətləri müəyyən edilir.

Akademik Akif Əlizadə çıxışının sonunda Dövlət mükafatına layiq görülən alimləri təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Mükafatçılar adından çıxış edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov AMEA rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Alim bu mükafatın Coğrafiya İnstitutunun bütün kollektivinin birgə əməyinin məhsulu olduğunu vurğulayıb.

İclasda Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə "Azərbaycanın müasir landşaft-geomorfoloji kompleksləri, təbii-dağıdıcı proseslərin onlarda yaratdığı ekocoğrafi risk və təhlükələr" mövzusunda məruzə ilə çıxış edib.

Alim bildirib ki, müasir qlobal iqlim dəyişiklikləri və Yer kürəsində təbii geosistemlərə olan təbii-antropogen təzyiqlər durmadan artır. Bu isə öz növbəsində ekocoğrafi mühitdə əvvəllər müşahidə olunmayan ekodinamiki gərginliklər yaradır. Elbrus Əlizadə ortaya çıxan təhlükələrin qiymətləndirilməsi, baş verə biləcək risklərin proqnozlaşdırılması məqsədi ilə ətraf mühitin müasir dinamiki vəziyyətini tədqiq etməyin, inkişaf trendlərini müəyyənləşdirməyin vacibliyini vurğulayıb. Direktor müavini Coğrafiya İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlardan danışıb: "İnstitutda qlobal iqlim dəyişiklikləri fonunda ölkə ərazisində gərgin təbii antropogen şəraitdə formalaşan landşaft-geomorfoloji geosistemlərinin müasir vəziyyəti, yeni metod və üsullardan – aero və kosmik şəkillərin rəqəmsəl deşifrlənməsi, onların ARCGİS mühitdə təhlili, morfometrik, statistik və s. – istifadə etməklə tədqiq edilib".

Məruzəçi ilk dəfə olaraq iri və orta miqyaslı "Azərbaycan Respublikasının müasir landşaftı" və "Azərbaycan Respublikasının geomorfoloji" xəritələrinin hazırlandığını da diqqətə çatdırıb.

Elbrus Əlizadə bildirib ki, əldə olunmuş yeni elmi materiallar emal edilərək ölkə ərazisində mövcud olan sel, sürüşmə, morfotektonik, morfometrik gərginliklər müəyyən edilib. Məlum olub ki, təbii dağıdıcı hadisə və proseslərin başvermə tezlikləri artıb, onların əhatə etdikləri ərazilər genişlənib və 10 minlərlə əhalinin yaşadığı 300-dən artıq yaşayış məntəqəsi təhlükəyə məruz qalıb.

Bakı ərazisində sürüşmə prosesinin inkişaf dinamikasının tədqiq edildiyini deyən alim paytaxtın perspektiv inkişaf planı nəzərə alınmaqla sürüşmə-uçqunların potensial yayılma areallarının aşkarlandığını diqqətə çatdırıb. Vurğulayıb ki, hazırda mövcud sürüşmələr ilk dəfə proqnozlaşdırılan sahələrin cəmi 10-20 faizini əhatə edir.

Elbrus Əlizadə bildirib ki, alınan kompleks məlumatlar emal edilərək ölkə ərazisindəki geokomplekslərdə müxtəlif məzmunlu və istiqamətli landşaft-ekoloji qiymətləndirilmələr aparılıb. Baş verən qlobal və regional dəyişikliklər nəzərə alınmaqla gələcəkdə tətbiqi xarakterli antropogen-geomorfoloji, geomorfoloji risk, landşaft-ekoloji, tibbi-landşaft və landşaft-geokimyəvi istiqamətli tədqiqatların genişləndirilməsinin məqsədəuyğun olduğu əsaslandırılıb.

Məruzə sual-cavab və müzakirələrdən sonra Yer Elmləri Bölməsinin qərarı ilə bəyənilib.

İclasda kadr məsələlərinə də baxılıb. Geologiya və Geofizika İnstitutunun bir neçə əməkdaşı ştatda vakant olan aparıcı və böyük elmi işçi vəzifələrinə təyin olunub.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

Yer elmləri bölməsinin iclası keçirilib-


Yer elmləri bölməsinin iclası keçirilib-


Yer elmləri bölməsinin iclası keçirilib-


Yer elmləri bölməsinin iclası keçirilib-


İnform.az

Baxış sayı: 142