Sosial
03.06.2016 / 15:55

Doğuş vaxtı ana ölümlərinin səbəbləri - Nazirlikdən AÇIQLAMA

Doğuş vaxtı ana ölümlərinin səbəbləri - Azərbaycanda doğuş zamanı baş verən ana ölümlərinin səbəbləri açıqlanıb.

İnform.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya açıqlmasında bu il ölkədə qeydə alınan ana ölümlərinin hər biri ilə bağlı Doğuşayardım Komissiyasında araşdırılma aparıldığını və ölümün səbəbləri müəyyən edildiyini bildirib.

O qeyd edib ki, ana ölümlərinin yarısı hamiləliklə əlaqədar olmayan xəstəliklər səbəbindən baş verib: "Elə valideynlər var ki, qızının ürək qüsurlu olduğu gizlədilib, hamiləliyin axırıncı aylarında həmin qadının vəziyyəti ağırlaşıb və ana bunun nəticəsində ölüb. Bəzən isə hamiləlik zamanı ana qrip olub, nəticədə ağciyərlərdə pnevmaniya yaranıb. Lakin özfəaliyyət şəkilində müalicəyə cəhd edilib və qadın doğuş zamanı pnevmaniyadan ölüb. Bu gün hamiləliklə əlaqədar olmayan xəstəliklər çoxdur və buna görə hamilə qadının vaxtında qadın məsləhətxanasına müraciət etməsi, Chek-up olunması, hərtərəfli yoxlanılması vacibdir. Hamilələr vaxtında həkimə getmədikdə, öz xəstəliklərini gizlətdikdə doğuş belə bədbəxt hadisələrlə nəticələnir”.


Azərbaycanda hamiləliyin iki qrup risk faktorlarının olduğunu deyən komissiya sədri vurğulayıb ki, bunlara qaçılmaz və qaçıla biləcək xəstəliklər daxildir. Onun sözlərinə görə, qaçılması mümkün olmayanlara ağır ürək qüsurları, böyrək, qan xəstəliklərindən əziyyət çəkən qadınlar daxildir və onlara hamilə qalmaq qadağan edilir: “Amma buna baxmayaraq bəziləri həkimdən gizlənərək hamilə qalır və həkimə inanmayaraq bildiyini edirlər. Qaçılmaz xəstəliklər hamiləliyi bir qədər də ağırlaşdırır və nəticə yaxşı olmur. İkinci faktor isə hamiləlik zamanı əmələ gələn xəstəliklərdir. Hamiləliyə düzgün riayət olunmaması, qidalanma, vaxtlı-vaxtında müayinələrdən keçməmək nəticəsində hamiləliklə əlaqədar olan fəsadlaşmalar əmələ gəlir. Çox vaxt gənc hamilə qadınların ailəsi onların vaxtında həkimə müraciət etməsinin qarşısı alır. Nəticədə xəstəlik ağırlaşaraq elə formaya düşür ki, orqanlar sıradan çıxır. Hamilə qadın artıq normal yox, patoloji doğuşa daxil olur. Bu da fəlakətlə nəticələnir”.



İnform.az

Baxış sayı: 381