BİZ, Şərhlər
01.06.2016 / 21:03

"Ehtiyatlı olun, insanlar!"

"Ehtiyatlı olun, insanlar!"
Aydın Hüseynov

Bu dünyanın gedişatı paradokslardan ibarətdir. Məhəbbətlə nifrət, yaxşı ilə yaman əbədi mübarizədədir. Həyatın əsas Qanunu, fəlsəfəsi bundan ibarətdir. Adəm övladı yarananda onun məhəbbəti ilə birgə marığa yatmış məkri də təşəkkül tapıb.
Zülm də, humanizm də insandan pərvəriş tapır, zülmkar da odur, itaətkar da o. Bu günün özündə mütəfəkkir humanistlərin abidələri ilə yanaşı əzazil kralların bütləri əzizlzənərək mühafizə olunur. Şər daşıyıcılarını cəmiyyətdən təcrid eyməyin mümkünsüzlüyündən beli bükülən dahilər iblislərin kürəklərini yerə vurub bəşəriyyəti irtica və təcavüzlərdən xilas edə bilmirlər.
Belə çıxır ki, insan zülmə tabe olmalıdır? Axı nə üçün? İbtidai insan bütün istehsal vasitələrindən və hüquqlardan məhrum idi, ona görə də quldara boyun əyirdi. Qullar yalnız zülm həddini aşanda ara-cıra kortəbii etirazlara, qiyamlara və üsyanlara qalxıblar.
Bəşəriyyət yarananda tiranlıq da meydana gəlib, insanın özü ilə bərabər təkamül mərhələlərini keçib. Axtarsaq, görərik ki, miflərin və əsatirlərin içərisində də tiranlıq yükü altında inləyən həqiqət var. Cəmşid, Zöhhak, Nəmrud, Şəddadla bağlı rəvayətlər buna misaldır. Təmiz tiran məmləkəti olmuş Atlantidanın harınlamış sakinləri öz "allahlarının" cəzasına düçar oldular, Böyük Çin səddi müstəbid Şi-Xuandinin, Misir ehramları qəddar fironların xəstə təxəyyüllərinin məhsullarıdır. Ptolomey oğlunu öldürüb cəsədini öz məşuqəsinin ad günündə ona hədiyyə etmişdi. Və nəhayət, Xocalıda qan su yerinə axıdlldı!
Daha dəhşətli misallar düşünmək olarmı?
Bərabərlik olmayan məkanda heç vaxt istismarsız cəmiyyət ola bilməz. İstismar edən zalımlar təbəqəsi həmişə olub, var, heç kim də bilmir ki, bundan sonra nə vaxtadək olacaq. Bərabərlik utopik marksizm-leninizmin, ötən əsrin 60-cı illərində xruşşovizmin ideyası və idilliyası idi ki, mümkün olmadı. Amma bərabərsizliyin də həddi var, şallaq cəzası ilə həbs cəzası eyni deyil, insanın əzəli hüquqları və azadlıqları baxımından əks qütblərdə qərar tutan cəza növləridir. Bərabərsizliyin hədləri keçiləndə cəmiyyətdə tiranlıq tüğyan edir, bu cəmiyyət gec-tez məhvə mübtəla olur.
Zalımlar heç nədən, heç kimdən, Allahdan da çəkinməmişlər, düşünə bilməmişlər ki, ölmək Yaradanın mütləq qanunudur, ona şəriklik qudurğanlığın apogeyidir. Anlamamışlar ki, pislik varsa, yaxşılıq da var, insanın öz həmcinsinə, gəlimli-gedimli dünyaya, təbiətə sevgisi əbədiyaşardır.
Təbiəti və cismi buz aysberqlər, onların min-min müəmmaları, bəsirətsizlik, hökmdarlara fanatik məhəbbət və bu məhəbbətin girdabında ərsəyə gəlmiş tragikomediya bizim hələ də ayırıb saf-çürük edə bilmədiyimiz daltonik həqiqətlərdir. Misal üçün, nə nifrəti, nə məhəbbəti bilinən daş sifətli imperiya varsa, imperator və onun cəlladları, eyni zamanda qurbanlıq kölələr olacaq. Çünki köləsiz imperiya yoxdur, kölə yoxsa, despot ola bilməz. Bunun üçün Marsa və Aya səyahət etmək lazım deyil, bütün müəmmaları və onların açılması yollarını öz içimizdə axtaraq. Yulius Fuçik yaxşı demişdi: "Ehtiyatlı olun, insanlar!"

İnform.az

Baxış sayı: 925