BİZ, Sosial
26.05.2016 / 11:06

"Atalarınız bazlıqda, analarınız xaricdə istirahətdə olsun..."- Elşən Musayev

"Atalarınız bazlıqda, analarınız xaricdə istirahətdə olsun..."-
Millət vəkili Elşən Musayevin 11.12.2014 tarixində "Ölkə.az" saytında yayımlanan maraqlı bir yazısını təqdim etməkdə məqsədimiz aradan iki il zaman keçməsinə baxmayaraq bu kimi hadisələrlə hələ də üzləşməyimizdir.
(http://www.olke.az/olke-2/elsen-musayev-atalariniz-bazliqda-analariniz-xaricde-istirahetde-olsun-10485)
Bu yazını həyacansız oxumaq mümkün deyil...
Bəli, bu BİZİK.
Bu BİZim özəlliyimizdir ki, BİZim insan bildiklərimiz süpürgəçini, fəhləni, dilənçini insan yerinə qoymağı özlərinə sığışdırmırlar.
Kim sabah bu duruma düşəcəyindən sığortalanıb?


Dünən “facebook”dakı dəyərli dostlarımdan birinin son dərəcə heyrət doğuracaq bir statusunu oxudum. Yazıb ki: “İşə gələrkən qarşımda çox bahalı bir maşın gedirdi. İçində də 3 - 4 cavan oğlan. Birdən onlar eyni anda başlarını avtomobilin şüşəsindən çıxarıb ətrafı təmizləyən yaşlı süpürgəçiyə söz atmağa başladılar. Öz aləmlərində məzələnirmişlər kimi. Hətta işıqforun yaşıl işığı yanarkən qabaqda əyləşən gədə bir az da uzağa gedib həmin yaşlı qadına: “imkan olsa arada bizim maşının içini də təmizlə” –atmacasını atdı. Sonra isə dostları ilə bərabər ucadan şaqqanaq çəkərək gözdən itdilər..”

***
Heç yadımdan çıxmaz, Əhmədlidə yaşarkən məhəlləmizi süpürən bir nənə vardı. Bəlkə də 80-ə yaxın yaşı olardı. Beli tamamən bükülmüşdü. Hər evdən çıxdığımda və qayıtdığımda qarşılaşardım onunla. Son dərəcə də pozitiv simaya sahib idi...Bir gün yeni il öncəsi, qarın çovğununda, səhər saat 7 radələrində onun işə getdiyini gördüm. Öz də istiqamət əks idi. Külək sifətini qılınc kimi kəsirdi. Saxladım maşını. Oturmağını rica etdim. Qəribə şəkildə gülümsündü. Qayıtdı ki, “oğlum, mən bütün günü zibillə əlləşirəm. Əlimdə də süpürgə. İyrənməyəcəksən məndən...?” Güllə kimi dəydi o söz mənə. İsrarla avtomobilə əyləşdirdim. Süpürgəsini də ehmalca arxa oturacağa qoydum. Yolu da bir az uzun elədim ki, azca isinsin, donu açılsın. Və...beləcə dialoqumuz başladı:

- Siz həqiqətənmi iyrənəcəyimi düşündünüz?

- Siz?...Mənimlə ilk dəfədir kimsə “sən” demədən danışır.

- Amma anam yaşındasınız, başqa necə danışım?

- Nə bilim oğlum, süpürgəçiyəm axı mən.

- Olsun. Nə fərq edər. Amma yenə də sualıma cavab almadım.

- Hə düşündüm iyrənərsən. Çünki, hətta dükanda məni tanıyan satıcılar belə nəsə aldığımda “setka” nı elə verirlər ki, əlləri əlimə toxunmasın. Sanki bomjam, zibil içində yaşayıram.

- Yox, anam, mən elə düşünmürəm. Rahat ol.

- Mən prokuror qızı olmuşam, oğlum. 7 yaşımda atamı itirmişəm. Ərim də imkanlı biznesmenlərdən, Rusiyada yaşayan soylu - köklü azərbaycanlılardan biri idi. Amma... Allah bəxtimi qara yazıb. Atam da, ərim də ayrı - ayrı müddətlərdə faciəli şəkildə həyatlarına son veriblər. Avto - qəzada...Kimsəsiz qalmışam. Balalarımı saxlamaq üçün, dilənməmək üçün hər vasitədən bəhrələnmişəm. Namusuma ləkə gətirməmişəm. Yaşlaşdığımda da süpürgəçilik etməkdən savayı çarəm qalmayıb.

- .....

- O gün məhəllələrin birini süpürürdüm. Həyətdə də uşaqlar oynayır. Gördüm eyvandan bir valideyn övladına açıqca, göz görəsicə səslənir ki: ” O qoca arvada yaxın oynama ha. O “kıx” dı...

- ....

- Həyat qəribədir oğlum, çox qəribə...

- Təhsiliniz varmı?

- Texnikom və “APİ”nin biologiyasını bitirmişəm. Qiyabi.

- Yəni ali təhsillisiniz...

- Aha, ali təhsilli süpürgəçi...(Bunu deyib, ğözlərimin içinə baxaraq xəfifcə ağladı. Həm də qəribə bir gülüşlə ağladı. Hirs gülüşü ilə. Nadan həyata istehza gülüşü ilə...)

- Sizi çox sevdim mən.

- Yox, mənim balam, sevmədin. Sadəcə yazığın gəldi. Amma yenə də hər şey üçün sağ ol. Allah səni qorusun. (dedi və düşüb getdi...)

P.S. Məni tanıyanlar bilir, son dərəcə vas - vası insanam. Hətta çayxanaya belə stəkanla gedirəm ki, birdən ordakılar təmiz yuyulmaz. Amma...o nənəni hər gördüyümdə gucaqlayıb öpürdüm. Onun komplekslərini qırmaq istəyirdim. Yazığım - filan da gəlmirdi. Qətiyyən iyrənmirdim.
Çünki, həyatımda bəlkə də indiyə qədər tanıdığım ən saf, ən mənəviyyatlı insanlardan birini bağrıma basırdım, qucaqlayırdım...
Hətta bir gün yol kənarında oturub bərabər nar yedik. Elə şirin hərəkətlər edirdi ki... Dənələri qoparıb xısın - xısın ağzına atırdı. Komplekssiz idi artıq. Utanmırdı.
Mən bəlkə də həyatım boyunca üzərimə düşən ən dəyərli missiyalardan birini icra etmişdim.
Mən bu qadını ölümündən bir ay öncə ondan iyrənmədiyimə inandıra bilmişdim....

Ölümünü isə qızı dedi. Eyni qaydada işə gedirdim. Gördüm evin önündə - təxminən 3 - 4 yaş civarında olan uşaq və başı bağlı bir qadın dayanıb. Tanımırdım. Sonradan agah etdi. Telefon nömrəsi - filan bilmədiyi üçün maşınımın nömrəsini və evin gözəyarı ünvanını veribmiş qızına. “Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə...”

***
Odur ki, süpürgə və süpürgəçi ilə məzələnən qaqalar! Sözüm sizlərədir!

Bunu etməyi bacarırsınızsa, bacarmışsınızsa, bacardınızsa o zaman əmin olun: Gələcəyiniz parlaqdır. O qədər parlaq ki, işığı bir gün göz qamaşdıracaq. Fəqət, cəhənnəmdə!

Sizə tərbiyəni əsla və əsla ata - ana verə bilməz! Veribsə də bu fahişə tərbiyəsidir, oğraş, alçaq dəsti-xəttidir!

Bu dünyada ən böyük həqiqət – həyatın hər üzünü görənlərin həqiqətidir! Unutmayın. Hətta qulağınıza sırğa edin. Kor gözlərinizə də damğa!

Bütün əməllər bumeranqdır. Birmənalı! Və...bir gün inanın ki, qızınız da olmasa nəvəniz mütləq küçə süpürəcək. O zaman sizdən çox - çox daha mənəviyyatsız adamlar etdiyinizin eynisini edib onlarla məzələnəcəklər! Əcdadlarının günah bədəli olaraq...!

Siz - yüz minlik maşınlarda, atalarınız bazlıqda, analarınız xaricdə istirahətdə olsun. Kef edin. Ləzzət alın. Zövqünüzcə əylənin. Fəqət.... unutmayın ki, süpürgəsinə və şəxsiyyətinə əl qaldırdığınız insanın ovcundakı bir qabar, üzündəki bir qırış sizin kimi düşünən binamusların komundan daha qiymətlidir...
Daha müqəddəsdir!!!


İnform.az

Baxış sayı: 537