Şərhlər
17.05.2016 / 15:19

"Necə bir ürəkdirsə bu ... " ‪

"Necə bir ürəkdirsə bu ... " ‪
Ləman Məmmədova

Elə bir səssizliyi qucaqlamışam ki, qollarımın arasından sən keçsən heç nə hiss etmərəm. Necə bir ürəkdirsə bu, dinlədiyi və anlamadığı mahnılarla da əhvalını dəyişə bilir. Necə bir ürəkdirsə bu, sevmirəm dediyi millətlərin mahnılarında özünü tapır. Necə bir ürəkdirsə bu, sevmirəm dediyi yalanların sahiblərini özünə yaxın tutur. Necə bir ürəkdirsə bu, sahiblənmədiyi başqa bir ürəyin xatirəsini basdırmır. Necə bir ürəkdirsə bu, ağlın gücünə güvənib hisslərini milyon hissəyə parçalayıb. Necə bir ürəkdirsə bu, önəmsiz günləri də həmin günkü hava şəraitini yadda saxlayaraq xatırlayır. Necə bir ürəkdirsə bu, yağışın yağmasını hamıdan çox istəyir amma həmin gün əlindəki kitabı yerə qoya bilmir. Evdən qaça bilmir. Pəncərəni aça bilmir. Bu nə deməkdir, bilirsən? Yəni sevinə bilmir. Eh... Hər şeyi də açıqlamasıyla yazmaq insanı qıcıqlandırır. Yazmaq həvəsini öldürür. Necə ki... Necə ki bir insanı açıqlamasıyla sevmək həmin gün də sevgini öldürməkdir. Necə bir ürəkdirsə bu, məni də, səni də, onları da öldürmür. Necə bir ürəkdirsə bu, əlimi uzatdığım çiyni görsə də, onun üzərinə dağılan başqasının saçlarını da görür və əlimi o çiyinlərdən üzür. Bilmirəm necə bir ürəkdir bu... Bircə onu bilirəm ki, bu gün hava günəşli, şəhər monoton, təqvimdə bayram, sosial şəbəkədə sözlər uçuşur, mən isə... Mən bu gün keçmişəm. Mən bu gün gələcəyəm. Yenə açıqlayım? Mən bu gün xəyalpərəstəm...

İnform.az

Baxış sayı: 336