Gündəm, BİZ
16.05.2016 / 16:14

Allaha məktub

Allaha məktub
Tural Quluzadə

Əziz Allah!
Ömür boyu adəm övladı yıxılanda, dara düşəndə Sənin ətəyindən yapışıb. Məsləhət bildiyinə kömək olmusan, bilmədiyini isə “qalsın qiyamətə” – deyib, saxlamısan onun aqibətini o biri dünyaya.
Deyəcəksən ki, bəndəm naşükürlük edir, Allahının üzünə ağ olur. Əstəğfürullah! Elə bir iddiam yoxdur. Sadəcə, biz bəndələrini yaradanda “haqqımızı müdafiə edib, onu tələb etmək” kimi alın yazısı da yazmısan taleyimizə.
Yox, özüm barədə nə şikayətçi, nə də ki narazıyam. Şükür Sənin böyüklüyünə! Yaxşı ki, varsan, yoxsa binəva bəndələrin hər şeylərini, hətta son ümidlərini itirəndə kimə pənah aparardılar?.. Bir misal var. Deyirlər, ata ilə övlad arasında da söz-söhbət, inciklik olar. Əgər sənin üstümüzdə Allahlıq kimi haqqın varsa, bizim də Sənin hüzurunda bəndəlik haqqımız var.
Nə isə... Son vaxtlar Səndən çox incimişəm. Xahiş edirəm, günahıma yazmağa tələsmə. Sözümü deyim, sonra yenə məsləhət Sənindir.
Deyirlər, oğru da Səni çağırır, doğru da. Amma mənə elə gəlir ki, yaşadığımız bu fani dünyada oğrularını doğrularından tez eşidib, onlara rəvac verirsən. Belə deməyə əsasım var, çünki buyurduğun “Qurani-Kərim”də nazil etmisən ki, “Qoy kafirlər nə bilirlər, etsinlər. Cəhənnəmi onlarla dolduracağıq!..” və ya “Səbir edənləri axirətdə xoş günlər gözləyir!..” Axı, bu dünyanın da öz cəzası, öz haqq-hesabı var. Sözsüz ki, elə cəzalar var ki, bu dünyada veriləsi deyil, saxlayırsan Məhşər gününə. Mənə elə gəlir ki, qan və südlə birləşdirdiyin insanlar bu müqəddəs buyruğunu saxta Birləşmiş Millətlər Təşkilatı kimi başa düşürlər.
Mənim üçün çox maraqlı və hələ də müəmmalıdır: niyə şeytan Sənin sözündən çıxıb, Adəm övladına beyət etməkdən imtina edəndə, “Yaratdığın bütün insanları Sənin yolundan çıxaracağam!..” – deyib, hədələrini yağdıranda elə oradaca onun varlığına son qoymadın ki, indi də BMT, ATƏT, Avropa Birliyi, daha nə bilim hansı birləşmiş şeytan yığını yaradıb, bu dünyaya qənim kəsilir?..
Bir sözlə, Sən Cəhənnəmi belələri ilə doldurana kimi, onlar bu dünyanı elə Cəhənnəmə döndəriblər ki, insanlar artıq Cəhənnəmi dirigözlü görürlər...
Düzü, bir tərəfdən Sənin səbri-qərarına heyrət edirəm. Hətta bütün okeanlar insanların vəhşiliklərinə dözməyərək, Səndən onları qərq etmələrini dilərkən, Sən yenə öz səbrinin peşindəsən. Yaxşı, bəs o zaman güclərini günahsız körpələrin, qocaların, yetim-yesirin, ac-yalavacların üzərində sınayan “böyük güclər”in bu qədər ədalətsizliyinə, vəhşiliyinə necə səbirlə dayanıb baxırsan? Daha bu dünyada günahsız qalmayıb, arxayın ola bilərsən. Nə qədər istəyirsən Cəhənnəmi günahkarlarla doldur. Çünki vaxtilə öz rəhmət və bərəkətinlə humanistlik göstərdiyin şeytan yığını bu dünyada günahsız qoymayıb artıq. Dünyanı idarə etmək istəyən bu “güclər” onlara beyət edənləri çəkdilər öz tərəflərinə, etiraz edənləri isə Sənin yolunu tutduqlarına görə göndərirlər o biri dünyaya.
Daha insanların itirəcəkləri heç nə qalmayıb, Səndən başqa. Sabaha belə ümidi qalmayan bir iraqlı, bir əfqanıstanlı, bir suriyalı, bir fələstinli, bir yəmənli, bir türkiyəli, bir azərbaycanlı körpənin belə sabaha ümidi qalmayıb. Daha onlar gələcək barədə düşünmürlər, çünki onları bir yığın Birləşmiş Şeytanlar (Millətlər) Təşkilatı yaşamaq haqlarını əllərindən alıb. Sənin verdiyin öz halalca torpaqlarında yaşamağı onlara haram ediblər. Yaratdığın bu dünyanı öz aralarında bölüb, “fironluq” iddiaları ilə “at oynadırlar”. Onsuz da şeytan öz arzusuna çatıb. Dünya onların fitnə-fəsadı ilə qan gölünə çevrilib. Din, iman, insaf-mürvət, bir sözlə, insanlıq ölüb. Bütün protokol və etika qaydalarını pozaraq Səndən soruşuram, Allah: bu barədə nə fikirləşirsən? Nəvaxta kimi günahsız bəndələrin bu acıları çəkə-çəkə, diriykən ölə-ölə yaşayacaq?
Əgər bizi BMT, ATƏT, Avropa Birliyi kimi cinayətkar təşkilatlarla cəzalandıracaqsansa, bəs bunları kim cəzalandıracaq və nə vaxt?
Nə isə... Hələlik. Alnıma yazdığın vaxt hüzurunda görüşənədək. Amma xahiş edirəm, məhşər günü buna görə vaxtını mənə boşuna sərf edib, orada məni sorğu-sual edib, danlama. Onsuz da hüzurunda Sənə danışacağım o qədər sözlərim var ki. Bir də, xahiş edirəm, günahsızların qisasını qiyamətə saxlama, bu dünyadaikən kafirlərə öz hökmünü göstər. Qoy Sənə olan inamımız daha da artsın. Onsuz da Səndən başqa iman-güman yerimiz yoxdur.

Hörmət və ehtiramla, bəndən Tural.

İnform.az

Baxış sayı: 484