Sosial
12.05.2016 / 18:15

IDEA və QHT-lərə Dövlət Dəstəyi Şurası əməkdaşlığa başladı

IDEA və QHT-lərə Dövlət Dəstəyi Şurası əməkdaşlığa başladıIDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ətraf mühitin mühafizəsi və davamlı inkişafın təşviqi sahələrində əməkdaşlığa başlayıblar.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, bu əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə mayın 11-də tərəflər arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən, IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında ekoloji maarifləndirmənin gücləndirilməsi və ekoloji məsuliyyətin təbliği, yaşıllıqların qorunması və artırılması, təkrar emalın təşviqi və tullantıların səmərəli idarə olunması, biomüxtəlifliyin mühafizəsi və bərpası, ekoloji tədrisin gücləndirilməsi və digər sahələrdə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

IDEA İctimai Birliyi 2011-ci ildə ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji davamlılığın təşviqi məqsədilə Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyeva tərəfindən təsis edilib. Fəaliyyət göstərdiyi 5 il ərzində IDEA bir sıra mühüm milli və regional layihələr həyata keçirib, beynəlxalq tədbirlər təşkil edib və bu sahədə fəaliyyət göstərən aparıcı milli və beynəlxalq strukturlarla əməkdaşlıq əlaqələri qurub.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə yaradılıb. Şura cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq etdirilməsi, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsini həyata keçirir/Trend

Baxış sayı: 297