Ədəbiyyat
12.05.2016 / 11:52

Simax Şeyda - 80

Simax Şeyda -

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Almaniyada yaşayan tanınmış şair Simax Şeydanın anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilib. Respublikanın əməkdar artisti Ağalar Bayramovun aparıcısı olduğu məclisdə şairin qələm dostları Musa Ələkbərli, Yusif Həsənbəy, Elçin Məmmədli, Fəxrəddin Meydanlı, Atababa İsmayıloğlu, jurnalist Reyhan Mirzəzadə, Milli Məclisin üzvü Xanhüseyn Kazımlı, Dağ yəhudilərinin dini rəhbəri Malik Yevdayev, İsrayildə yaşayan dağ yəhudilərinin nümayəndəsi Matvey İlazarov və başqaları Simax Şeydanın Azərbaycan uşaq ədəbiyyatındakı xidmətlərindən, eləcə də ömrünün ahıl yaşlarında dağ yəhudilərinin yazılı ədəbiyyatının yaranmasındakı xidmətlərindən söhbət açıblar. Onlar qeyd etdilər ki, uzun bir ömür və yaradıcılıq yolu keçən Simax Şeyda ədəbiyyatın müxtəlif janrlarında qələmini sınayıb. Şairin iyirmidən çox kitabı işıq üzü görmüşdür. Onun kiçikyaşlılar üçün yazdığı pyesləri Azərbaycanın müxtəlif teatrlarının səhnəsində tamaşaya qoyulub. Hal-hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında şairin "Tülkü, tülkü, tünbəki" adlı pyesi tamaşaya hazırlanır. Çıxışçılar yubilyarın Azərbaycan xalq teatrının inkişafındakı xidmətlərini də yada salıblar. Vurğulandı ki, uzun müddət Azərbaycan Teatr Cəmiyyətində bu sahəyə rəhbərlik edən Simax Şeyda bir sıra festivalların ideya müəllifi, təşkilatçısı olmuşdur. Hazırda Teatr Xadimləri İttifaqı adlanan bu qurumun sədr müavini, xalq artisti Hacı İsmayılov Simax Şeydanın, bu sahədəki əməyini dəyərləndirdi və təşkilatları adından onu təbrik edib.
Məclisdə bildirildi ki, Simax Şeyda onlarla Azərbaycan şairinin və yazıçısının əsərlərini dağ yəhudilərinin dilinə tərcümə etmiş və onları öz hesabına nəşr etdirib.
Yığıncaq iştirakçıları dedilər ki, Oğuzda dünyaya göz açan, Gəncədə orta, Bakıda ali təhsil alan Simax Şeyda 80 illik ömrünün altmış ilini Azərbaycanda yaşayıb, bütün təhsillərini Azərbaycan dilində alıb, Azərbaycan şairi kimi tanınıb. Sonrakı dövrdə İsraildə və Almaniyada yaşayan şair, indinin özündə də əsas etibarı ilə Azərbaycan dilində yazıb-yaradır, qəlbi bu vətən nisgililə döyünür. O, İsraildə də, Almaniyada da Azərbaycanın haqq səsini yaymağa çalışmış, bədii yaradıcılığında da bu əməlinə sadiq qalıb.
Tədbirdə çıxış edən Simax Şeyda Azərbaycana bağlılığını, bu torpaqsız və bu dilsiz yaşaya bilmədiyini bildirib, məclisə gələnlərə, təşkilatçılara minnətdarlığını bildirərək, öz şerlərini oxuyub.
Sonda tədbir iştirakçılarına Simax Şeydanın nəşrə hazırlanan V cildlik seçilmiş əsərlərinin III cildi hədiyyə verilib.

A.Xiləli/İnform.az

Baxış sayı: 584