BİZ, Şərhlər
05.05.2016 / 10:00

"Maşallah, ağıllı və mərifətli oğlunuz var..."

"Maşallah, ağıllı və mərifətli oğlunuz var..."
Ağababa İbrahimov

"Olmuş əhvalatlar"silsiləsindən


Direktor işləyirdim. Boş vaxtımız olmurdu. Məktəbdə işlər, necə deyərlər, başdan aşırdı. Vacib bir telefon zəngi gözləyirdim. Telefon səslənəndə cəld dəstəyi özüm qaldırdım. Mən istədiyim şəxs olmasa da tanımadığım qadının zənginə özüm cavab verəsi oldum:
- Alo, məktəbdir?
- Bəli.
Qadın təkrar soruşdu:
-Alo, soruşuram ki, məktəbdir?
Mən də yenə eyni cavabı verdim: -Bəli.
Bu dəfə qadın səsini bir az yüksəldib, bir az da əsəbi:

- Alo, karsan, soruşuram məktəbdir? Mən bir az düşünüb, cavabımın formasını dəyişib dedim:
- Hə. Qadın bir az da əsəbi halda mənə əmr etdi:
- Bir saatdır zəhləmi aparmısan, tez ol, Bayramı çağır!
Mən heç nə olmamış kimi qadının dediyi şəxsi telefona çağırdım. Bayramın üzünün ifadəsindən və mənə baxmağından anladım ki, qadın mənim ünvanıma yaxşı danışmadığı üçün utanır. Bayram həm utandığından danışa bilmirdi, həm də qadını sakitləşdirməyə çalışırdı. Ona mənim kimliyimi deyə də bilmirdi. Cəhdinin nəticəsiz olduğunu görüb söhbəti bitirib, məndən üzr istədi.
Hadisədən xeyli keçmişdi. Dostumgildə qonaqlıqda olanda həmin xanım mənə yaxınlaşıb giley eləməyə başladı:
- Ağababa müəllim, siz məktəbdə telefon zənglərinə cavab verməyə normal adam təyin edin. Yoxsa zəng edib sual veririk ,elə "bəli, bəli" deyə cavab verir.
Mən gülümsəyib dedim:
- Baş üstə, xanım, bundan sonra tapşıracağam suallara yalnız "hə" və "yox" cavabını versinlər.
-Nəyə gülürsünüz?
-Heç.
Bayram bizə yaxınlaşıb söhbətə qoşuldu.
-Müəllim, anama desəm də o inanmadı ki, telefona siz cavab vermisiniz.
-Eybi yox, mən inciməmişəm...
Qadın pərt oldu, vəziyyətdən çıxmaq üçün:
- Ağababa müəllim, doğrudan siz idiniz, axı cavab verən çox mədəni idi. Söhbəti izləyən xanımın həyat yoldaşı zarafaı çox sevir, həm də arvadının xasiyyətini bildiyi üçün eyhamla dedi:
- Mədəni cavab verdiyi üçün onu acılamışdın? Bir də nə demək istəyirsən, yəni Ağababa müəllim mədəni deyil?
Hamı gülüşdü. Xanım səmimiyyətimi qəbul edib incimədiyimə əmin olan kimi ürəkdən güldü. Mən söhbətin istiqamətini dəyişib, "maşallah, ağıllı və mərifətli oğlunuz var," dedim.
Mənim cavabım Bayramin ürəyincə oldu. Fərəhdən üzünə sanki nur ələndi.

İnform.az

Baxış sayı: 1628