Elm-təhsil
26.04.2016 / 17:01

Nikolay Qumilyov-130

Nikolay Qumilyov-130

Aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının “Alimlər Evi” və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə tanınmış rus şairi, nasiri, tərcüməçisi və ədəbi tənqidçisi Nikolay Qumilyovun anadan olmasının 130 illiyinə həsr olunmuş pedaqoji qiraətlər keçirilib. Tədbirdə AMEA-nın elmi müəssisələrinin və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, Bakı Dövlət Universiteti və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllim-tələbə kollektivi iştirak edib.

AMEA-dan İnform.az-a daxil olan məlumatda deyilir ki,tədbiri giriş sözü ilə açan “Alimlər Evi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva qeyd edib ki, bu görüş rəhbəri olduğu qurumun şagird və tələbələr üçün təşkil etdiyi növbəti tədbirdir. O, bütün iştirakçıları fəal olmağa, məruzələrin əhatə etdiyi mövzularla bağlı öz fikirlərini bölüşməyə çağırdı.

Daha sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel “Nikolay Qumilyov və XX əsrin əvvəlləri: dövlətin və insanın taleyi” adlı məruzə ilə çıxış edib. Nikolay Qumilyov, onun həyat yoldaşı, görkəmli rus şairəsi Anna Axmatova və ailənin yeganə övladı olan tanınmış alim, passionarlıq nəzəriyyəsinin müəllifi Lev Qumilyov haqqında ətraflı məlumat verən alim Nikolay Qumilyovun 1921-ci ildə güllələnməsinə, Lev Qumilyovun isə dörd dəfə həbs olunmasına baxmayaraq, onların tarixdə dərin iz buraxdıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Lev Qumilyovun yaradıcılığı ölkə alimləri üçün böyük əhəmiyyət kəsb edir, çünki 20 monoqrafiya və 300-dən artıq elmi məqalənin müəllifi olan tarixçi alim öz əsərlərində türk xalqlarının, Avrasiyada yaşayan etnosların tarixi ilə yanaşı, Azərbaycanın tarixi ilə bağlı da dərin araşdırmalar aparıb.

“Lev Qumilyovun passionarlıq nəzəriyyəsi” adlı məruzə ilə çıxış edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xaləddin Xəlilli görkəmli alimin türk mədəniyyətinin üzə çıxardığını, ümumiyyətlə tarix elmini “siyasi elm” adlandırılan elmdən həqiqi elmə çevirdiyini söyləyib. Lev Qumilyovun passionarlıq nəzəriyyəsindən danışan alim etnosların milli mənlik şüuru ilə yarandığını və bu şüurun süqutu ilə tarixdən silindiyini qeyd edib. Çıxışının sonunda X.Xəlilli milli tariximizin öyrənilməsi üçün Lev Qumilyovun yaradıcılığının araşdırılmasının, milli mənlik şüuru ilə bağlı tədqiqatların aparılmasının zəruri olduğunu vurğulayıb.

Mövzular ətrafında aparılan müzakirələrdən sonra Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin Təhsil proqramlarının əlaqələndiricisi Lyubov Yakunina çıxış edərək artıq beş ildir ki, davam edən “Alimlər şagirdlərə” adlı layihənin növbəti tədbirinin AMEA-da keçirilməsindən məmnunluq duyduğunu dilə gətirib. Lev Qumilyovun müəllifi olduğu nəzəriyyənin gələcəkdə də bizə baş verən proseslərin təhlilində kömək edəcəyini vurğulayan L.Yakunina bugünkü görüşün əhəmiyyətini xüsusi qeyd edib.

Tədbirin sonunda çıxış edən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəyilinin əməkdaşı Natiq Əliyev bildirib ki, Lev Qumilyovun passionarlıq nəzəriyyəsini XIX əsrin sonları – XX əsrin əvvəllərində gənclər hərəkatının formalaşması, impressionizm, akmeizm və digər cərəyanların əmələ gəlməsində də müşahidə etmək olar. O, gəncləri elmi fəaliyyətlə daha dərindən məşğul olmağa, günlərini səmərəli keçirməyə səsləyib.

Nikolay Qumilyov-130


Nikolay Qumilyov-130


Nikolay Qumilyov-130


Nikolay Qumilyov-130


İnform.az

Baxış sayı: 486