Mədəniyyət
25.04.2016 / 15:21

Şəki şəhəri Türk dünyasının mədəniyyət paytaxtı seçildi

Şəki şəhəri Türk dünyasının mədəniyyət paytaxtı seçildi

TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistanın Mari şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib.

Virtualaz.org Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, Şəki Türk dünyasının mədəniyyət paytaxtı seçilən 5-ci şəhərdir.

Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanıb.

Tədbirlər planına uyğun olaraq il ərazində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.

Tədbirlər planı ilə yanaşı, "Şəki 2016-Türk Dünyasının Mədəniyyət Paytaxtı" Loqotipi də hazırlanaraq təsdiq edilib. Loqotipdə ölkəmizi və Şəki şəhərini simvolizə edən elementlərdən istifadə edilib.

İlk tədbir fevralın ayının 29-da kitab sərgisi ilə başlayıb.

"Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016" ilinin təntənəli açılış mərasimi aprelin 28-də "Yuxarı Baş" Tarix-Memarlıq Qoruğunun ərazisində Qala divarları içərisində baş tutacaq. Burada Şərq bazarı, sərgilər, satış yarmarkaları təşkil olunacaq.

Folklor və musiqi kollektivləri, el sənətkarları çıxış edəcək. Ləziz Şəki mətbəxti nümayiş olunacaq. Ardınca isə Şəki "Yay Teatrı"nda tədbirin rəsmi açılış mərasimi keçiriləcək.

Açılışda TÜRKSOY ölkələrinin folklor qrupları, ölkəmizin tanınmış incəsənət xadimləri çıxış edəcək. Tədbirdə həmçinin TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçiriləcək. Çoxsaylı yerli və xarici qonaqların iştirak edəcəyi tədbirdə unikal Azərbaycan mədəniyyəti, Şəkinin əsrarəngiz təbiəti, tarixi abidələri təbliğ olunacaq.

"Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016" ili çərçivəsində keçirilən tədbirlər bölgənin turizm potensialının genişləndirilməsinə xidmət edəcək/virtualaz.org

Baxış sayı: 306