Gündəm, BİZ
25.04.2016 / 10:40

Ömür karvanının halallıq yolu

Ömür karvanının halallıq yolu
Akif Təvəkküloğlu

“İnsan gərək haqq-hesabda düz olsun”. Bu fikir uşaqlıq illərimdə böyüklərdən, ağsaqqal və ağbirçəklərdən ən çox eşitdiyim kəlamlardan biridir. Dünyanı, ətrafdakı hadisələri hələ tam dərk etmədiyim o dövrdə bu fikrin əsl mahiyyətinə o qədər də vara bilmirdim. Uşaq təfəkkürümlə elə başa düşürdüm ki, haqq-hesab alış-verişə, ticarətə, yalnız alıcı və satıcı münasibətlərinə aid olan məsələdir. Yəni insan gərək heç kəsi çəkidə, ölçüdə aldatmasın, borc alıb verərkən haqq-hesaba düzgün əməl etsin və s. Hətta tərəzidə əliəyrilik edənin, çəkiyə haramlıq qatanın, aldadanın o dünyada cəzasının daha böyük, ağır olacağı baba-nənələrimizin inandığı və inandırmaq istədikləri ən başlıca həyat həqiqətə çevrilmişdi.

İllər ötür, insan müəyyən zaman kəsiyində həyat məktəbi keçir. Təhsil alır. Kitablar oxuyur. Elm, bilik sahələrinə baş vurmağa çalışır. Çünki dünyanı dərk etmək üçün yüksək düşüncə, geniş təfəkkür, ümumilikdə zəngin mədəniyyət sahibi olmalısan. Təbii ki, burada söhbət normal insandan gedir. Bəli, illərin təcrübəsi insanı kamilləşdirir və uşaqlıqda eşitdiklərinə, gördüklərinə yeni baxış bucağından nəzər salır. Hər bir məqama daha dərindən nüfuz etməyə başlayır. Nizami Gəncəvinin təbirincə, yanaşsaq:

“Sirri dərk edir ancaq nəzər əhli başbilən,
Nadanın nə ilgisi dövrün keşməkeşiylə.”

Vaxtı ilə böyüklərdən eşitdiyim bəzi fikirlərə, sözlərə mən də çalışıram ki, indi başqa prizmadan yanaşım, təhlili bir nəzər salım. “İnsan gərək haqq-hesabda düz olsun” fikrinə bu müstəvidə baxanda tamamilə başqa bir aləmə düşdüm və qarşımda tamam yeni bir mənzərə yarandı. Gördüm ki, insanın öz ömrü, həyatı ilə haqq-hesab çəkməsi daha dərin fəlsəfədir. İnsan bir an düşünür, yaşadığı, yola saldığı illəri göz önündə canlandırır. Oturur ötən illərlə üz-üzə, göz-gözə. Suallar meydana çıxır. Mən o dövrlərdə necə yaşamışam? Ömrümün illərinə bəzəkmi vurmuşam, ləkəmi salmışam? İllər mənə nə verib, mən illərə nə vermişəm? Qazandığım nə olub, itirdiyim nə? Bax bu cür suallarla ötən illər insana, insan isə geridə qoyduğu illərə bir növ hesabat verir. Yəni ortalığa, sözün böyük mənasında, haqq-hesab məsələsi qoyulur. İnsan ömrünə düşən illəri halalmı yaşayıb? Həyatına haramlıq qatmayıb ki?

Zənnimcə, insan həyatının yola saldığı hər anı ilə halallaşmalıdır. Ömrü ilə haqq-hesabı düzgün olmalıdır. Ömrünü bu dünyaya, günlərə, aylara, illərə xərcləyəndə düşünməlidir. Bilməlidir ki, qazandığı nə olacaq? Daha doğrusu, bu dünyadan nə istəyir? Ömrə naxələflik etsən, təbii ki, onun sənə verəcəyi də naxələfliyin nəticəsinə uyğun olacaq, artıq nəsə gözləməyin özü məntiqə sığışmayan işdir. Bir sözlə, insan öz ömrü ilə haqq-hesabda düzgün olmalıdır məntiqi halallıq müstəvisində belə görünür: həyatda yalnız və yalnız çəkdiyin zəhmət qədər bəhrə götürməlisən. Artıq götürəndə halallıq çərçivəsini aşmış olursan. Haram isə gec-tez hər şeyi yandırır, məhv edir. Ətrafdakılar bir yana, insanı öz ömrü qarşısında xəcalətli qoyur, peşiman edir. İnsan bilməlidir ki, nə əkirsə, onu da biçəcək, aşına nə tökürsə, qaşığına da o çıxacaq. Ömür də belədir. Onu necə yaşayırsansa, həmin yaşam tərzinə uyğun da ənamını alacaqsan. Maddiyata uyub mənəviyyatı itirsən hər şeyini itirəcəksən.

Əgər insan yığdığı maddi sərvətlərdən özüylə bir çöp də apara bilmirsə, onda dərindən düşünüb bu dünya ilə alverini, haqq-hesabını düzgün aparmalı, Tanrının halallıqla verdiyinə haram qatmamalıdır. Yəqin ki, bu sayaq təhlil hər kəsin həyatında müxtəlif məqamlarda baş verir. Yəni, insan bəzən özü-özü ilə tək qalır və keçdiyi həyat yoluna nəzər salır. Ötən illərdə nə itirib - nə qazanıb, ömrünü necə yaşayıb, sevinci - kədəri nə qədər olub? Bir sözlə, insan yaşamış olduğu zaman kəsiyində yola saldığı aylarla, illərlə üz-üzə dayanır və haqq-hesab edir.

Çox vaxt biz həyatımıza sevinc və kədər prizmasından baxırıq. Təbii ki, hər bir insan xoşbəxt olmağa daha çox çalışır və bütün imkanlarını səfərbər edir ki, sevinc dolu günləri çox olsun, qəmdən-kədərdən uzaq yaşasın. Sevincə can atıb, kədərdən qaçmaq istəyirik. Amma kədərsiz həyat sürmək mümkündürmü? Bu sualın cavabının ən yaxşı müəllifi elə həyatın özüdür. Yaranışdan indiyədək milyonların, milyardların ömür yolu belə qənaət yaradır ki, həyat qoşa qanadlı bir quşdur ki, hər kəsin ömür bağçasını süzüb keçir. Bu quşun qanadlarının biri sevincdir, biri kədər. Bizim istəyimizdən asılı olmayaraq, həyatımızın sevinc və kədər üzü quşun qoşa qanadı kimi bir-birinə çox bağlıdır. Səmada tək qanadla süzən quş görmüsünüzmü? Mən görməmişəm. Heç eşitməmişəm də. Bu mümkünsüzdür. Bax ömür də belədir. Yalnız sevinclə yaşamaq mümkün deyil. Düzdür, sevinc içində, xoşbəxt yaşamaq hər birimizin arzusudur. Amma bu arzunun reallığa çevrilməsi bizim gücümüz, maddi və mənəvi imkanlarımız daxilində deyil. Qəm, kədər də insan ömrünə tam mənada hakim kəsilə bilməz. İnsanın həyat simfoniyası təkcə kədər notlarında çalına bilməz. Səslər göydən gəlir. Bu simfoniyanın yazarı da, bəstəçisi də göylərdədir.

Ömrümüzün sevinc payı elə kədər payı qədərdir. Bəlkə də, bu fikirlə razılaşmayanlar çox olar. Qoy olsun. Bu sadəcə mənim subyektiv fikrim və qənaətimdir. Lakin burada bir məqama xüsusi diqqət yetirmək istərdim. Tanrı yaratdığı insanın pis vəziyyətdə, kədər içində yaşamasını, zənnimcə, heç vaxt istəməz. Özünə inam və səcdədə insana azadlıq, sərbəstlik verdiyi kimi, yaşam tərzində də yaratdığı ali varlığa hədsiz-hüdudsuz imkanlar, istiqamətlər, sərbəst düşüncə meydanı və xüsusilə tükənməz maddi nemətlər bolluğu verib. Bütün bunlar insan üçün geniş fəaliyyət arenası yaradır. Maddi nemətlərdən necə bəhrələnib, hansı istiqaməti götürmək, həyatı necə yaşamaq seçimi isə insanın özündən asılıdır. Düzdür, burada “Tanrının alın yazısı”, “taleyin işi” kimi məqamların da rolunu danmaq olmaz. Amma əsas məsələ insanın əməlindədir. İnsan elə əməl sahibi olar ki, bu əməl daim inkişafa, zirvəyə doğru aparar, onu xoşbəxt edər. Elə də ola bilər ki, kiçicik bir yanlışlıq nəticəsində insan bütün həyatı boyu qəm, kədər, əzab məngənəsində sıxılar. Birincilər haqqa, ədalətə, elmə, zəhmətə üz tutanlardır. İkincilər isə şəri xeyirdən, pisi yaxşıdan, zülmü ədalətdən üstün tutanlardır. Ona görə də düşünürəm ki, həyatın sevinc və kədərinin ölçüsü insan əməlinin hansı istiqamətə yönəlməsindən asılıdır.

Nə isə, hərdənbir hamı kimi mən də xəyala dalır, ötən günlərimlə haqq-hesab edirəm. Günlərin birində yenə mən, ömrümün sevinci və kədəri – üçümüz birlikdə götür-qoy edirdik. Ötən illərə hesabat verirdik. Bir-birimizi sorğu-suala tuturduq. Sevincli günləri tərifləyib azlığından şikayətlənirdim. Kədərimi qamçılayıb, tənələyib çoxluğundan gileylənirdim. Ötən günlərimin ağrısını, acısını, kədərini həyatımdan silmək istəyirdim. İstəyirdim ki, yaddaşımda yalnız sevincli günlərin xatirələri qalsın, kədərli anlarımın izi-tozu həyatımdan silinsin. Bir an xəyalımda yalnız sevincdən ibarət həyat canlandırdım. Və dəhşətə gəldim. Boş, mənasız bir həyat gördüm. Bom-boz səhraya bənzər bir həyat. Heç kimə və hətta özümə lazım olmayan həyat.

Dərhal sevincli, kədərli həyatıma qayıdıb, düşünməyə başladım. Düşünüb belə qənaətə gəldim ki, həyat sevinc və kədərin vəhdətidir. Bunlar insan ömründən keçən ayrı-ayrı xətlər yox, eyni xəttin iki müxtəlif rəngləridir. İnsanı və onları ayrılıqda təsəvvür etmək çətindir. Bu, mənim qənaətimdir. Bunu düşünərkən obrazlı bir fikir yarandı məndə.

"Bu həyatda mənlə sevinc
Bir də kədər üçümüz,
Ayrılıqda heç nəyik
Hər birimiz.”

Burada yenə yadıma nə vaxtsa baxdığım filmlərdəki bir epizod düşdü. Hadisənin əsas motivini bir ailədəki səmimi söhbət təşkil edir. Deməli, ailə üzvləri evdə süfrə başına yığışıblar. Ailənin ağsaqqalı, nurani bir kişi başda əyləşib, ətrafında ailə üzvləri. Hiss olunur ki, oturuş prinsipi yaş həddinə əsaslanıb. Süfrənin aşağı başında gənclər və yeniyetmələr oturub. Ailənin böyüyü dünyanın gəlişindən-gedişindən, gördüklərindən-eşitdiklərindən, insani münasibətlərdən, mənəvi-əxlaqi dəyərlərdən söhbət açaraq yola saldığı uzun illərin təcrübəsindən danışır. Hamı bu pirani kişiyə diqqətlə qulaq asır. Yeri gəlmişkən, bu yaşlı kişinin üzündən elə bil nur yağırdı. Filmdə rejissorun aktyor seçimi də diqqətəlayiq idi. Saçı-saqqalı bəmbəyaz olan bu insan sanki müdriklik simvolu, əxlaq mücəssəməsi idi. O, ağappaq qara bürünmüş, başı daim buludlarda olan zirvəni xatırladırdı. Nə isə, hamının diqqəti ağsaqqalın söylədiklərinə yönəlmişdi. Süfrənin aşağı başında oturan yeniyetmə və gənclər isə öz aləmlərində, öz söhbətlərində idilər. Babanın dediklərinə qulaq asmır, heç maraqlanmırdılar da. Bayaqdan bunu müşahidə edən ağsaqqal heç nə olmamış kimi çox səmimiyyətlə üzünü səs-küylü gənclərə tutdu və sözünə qulaq asmağı məsləhət gördü. Məclisdə sakitlik yarandı, evə sükut hakim kəsildi. Dünyagörmüş qoca deyir: “Balalarım, biz burada dünyanın gərdişindən danışarkən siz öz aləminizdə, öz keyfinizdəsiz. Deyilənlərə qulaq asmaq istəmirsiniz. Çox xoşbəxt və şən görünürsünüz. Hər zaman bu əhval-ruhiyyədə olmağınızı arzulayıram. Amma yadınızda saxlayın ki, bu dünya ikiotaqlı mənzilə bənzəyir. Bu otaqların birində sevinc yaşayır, birində kədər. Sevincli anlarda elə danışın-gülün, elə hərəkət edin ki, qonşu otaqdakı kədəri oyatmayasınız. Kədər sevincdən o qədər də uzaqda deyil.”

Zənnimcə, bu qısa söhbət, filmdən bir epizod həyatın sevinc və kədər fəlsəfəsinin mahiyyətini tam açıb ortaya qoyur. Əgər həyatınızın özəyində “fələkdən gələn, qaçılmaz bir qismət ünvanı (baxmayaraq ki, xeyirdi, yoxsa şərdi) varsa da, hər bir insanın, fərdin özünəməxsus əməl ünvanı da var.” Hər bir insanın əməli çox vaxt onun həyatının sonrakı istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Bəzən həyatın mahiyyəti, məzmunu insanın hansı əməl sahibi olmasından asılı olur. Bu, o məntiqi yaradır ki, Tanrı insana o qədər məhəbbət bəsləyir ki, ona öz həyatını, yaşam tərzini müəyyənləşdirmək üçün çox böyük şans və imkanlar verib. Hətta, zənnimcə, o imkanları verib ki, insan öz əməli ilə çərxi-fələyin göndərdiyi “qismətin” məzmun və mahiyyətinin rənglərinə yeni çalar gətirə bilər.

Hər bir insan öz əməlinə görə həyat yaşayır. Buradan belə qənaət yaranır ki, insan öz əməli ilə ömrünün sevinc və kədər payının müəyyənləşməsinə əvəzsiz töhfə verə bilər. Məncə, insan öz ömrü ilə haqq-hesab edərkən bunları unutmamalıdır: hansı əməl sevincimi çoxaldıb, hansı əməl kədərimi. Bax, bu, həyatla insan arasında bir imtahana bənzəyir. “Yaxşı əməl – yaxşı həyat”, “Pis əməl – pis həyat” düsturuna mən həddən artıq inanıram. Və bir də ona inanıram ki, insan elə əməl sahibi ola bilər ki, fələyin kədərinin zərbəsini zəiflədə, yumşalda bilər. Yəni, bizdən asılı olmayaraq gələn kədər ağır fəsad törətmədən keçib gedə bilər. Ya da, əksinə, insan elə əməl sahibi olar ki, qəmin, kədərin ən zəif zərbəsi belə onun həyatını alt-üst edə bilər. Ona görə “əməlisaleh”lik hər bir insanın yaşam tərzinin ən başlıca şərtlərindən birinə çevrilməlidir. Bax, onda, həyatda haqq-hesabda düzgünlük mühiti yaranar.

Son olaraq, fikrimi belə yekunlaşdırmaq istəyirəm. Hər bir insan öz ömrünü elə yaşamalıdır ki, onun əməlləri həyatının hansısa məqamına ləkə vurmasın. Əks təqdirdə, özümüz öz əlimizlə həyatımıza xəyanət etmiş olarıq. Xəyanəti isə nə həyat, nə insan, nə cəmiyyət, nə təbiət, nə də Tanrı bağışlayır. Tanrının sənə verdiyi həyat və ömür qarşısında günahkar olmaq istəmirsənsə, LƏYAQƏTLƏ şərəflə yaşamalısan.

Fikirlərimə nöqtə qoymazdan əvvəl 40 – 45 il bundan öncə nənəmin dilindən tez-tez eşitdiyim bir ifadəmi səsləndirmək istəyirəm. Pis bir hadisə və ya söz eşidəndə, kimdənsə pis əməl, hərəkət görəndə, nadanlıq, pislik, əxlaqsızlıq, satqınlıq, ədalətsizlik və bu kimi pis hallarla rastlaşanda nənəm həmişə deyərdi: “Allah mənə ölüm ver”. Təbii ki, o zamanlar yaşlı nənəmin özünə ölüm istəməsinin mənasını başa düşmürdüm. Bu qarğışdırmı, alqışdırmı heç bir şey anlamırdım. Amma yaşa dolduqca nənəmin ölüm arzusu fəlsəfəsinin çox böyük məna daşıdığının fərqinə varmağa başladım. Başa düşdüm ki, o nəslin nümayəndələri ləyaqətsiz və şərəfsiz yaşamaqdansa ölümü daha üstün hesab ediblər. Əgər sağ olsaydı durardım qarşısında və deyərdim: dilinə qurban nənə, icazə ver sənin düşündüklərini mən də dilə gətirim:

Əgər yolumu azsam,
Özgəyə quyu qazsam,
Hamarı əyri yazsam,
Allah mənə ölüm ver.

* * *

Əgər səni sevməsəm,
Yolunda can verməsəm,
Dərdindən mən ölməsəm
Allah mənə ölüm ver.

* * *

Haqqı nahaqqa satsam,
Halala haram qatsam,
Kimsəyə böhtan atsam,
Allah mənə ölüm ver.

* * *

Ədaləti itirsəm,
Bağda qanqal bitirsəm,
Gülə ziyan gətirsəm,
Allah mənə ölüm ver.

* * *

Bir qəlbi qıraramsa,
Düz işi buraramsa,
Şərə zər vuraramsa,
Allah mənə ölüm ver.

* * *

Torpağımı sevməsəm,
Qoynunda gül əkməsəm,
Hər qayğını çəkməsəm,
Allah mənə ölüm ver.

* * *

Əgər ölüm verməsən,
Ömrə davam edəcəm.
Yolumu düz seçəcəm,
Qəlbləri şad edəcəm,
Vətən səni sevəcəm,
Sevgim üçün öləcəm,
Torpağı becərəcəm,
Bağçada gül əkəcəm
Halallığa yetəcəm.
Xeyir əməllər ilə,
Ləyaqətlə, şərəflə,
Dünyanı tərk edəcəm.

modern.az

Baxış sayı: 418