Sosial
18.04.2016 / 13:38

“Maddi imkanları aşağı olanların tibbi sığorta haqlarını dövlət ödəyəcək”- Əli Əhmədov

 “Maddi imkanları aşağı olanların tibbi sığorta haqlarını dövlət ödəyəcək”-“Maddi imkanları aşağı olan insanların tibbi sığortası dövlət tərəfindən maliyyələşdiriləcək, yüksək olan insanlar isə tibbi sığorta haqlarının böyük hissəsini özləri ödəyəcəklər. Beləliklə səhiyyə sistemi üçün vacib sayılan əlavə resursların cəlb olunması təmin ediləcək”.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi tanış olarkən deyib. O bildirib ki, Dövlət Agentliyində işə əsasən, gənclər cəlb olunub.

Baş nazirin müavini əlavə edib ki, Dövlət Agentliyinin strukturu hələ tam formalaşmayıb: “Növbəti mərhələdə paralel olaraq Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dair çox ciddi işlər aparılacaq. Bu sahədə xeyli iş görülüb. Demək olar ki, müəyyən konsepsiya hazırlanıb və bunun üzərində iş gedir. Digər tərəfdən, dünya ölkələrinin təcrübəsi öyrənilir və Azərbaycanda hansı modelin tətbiq edilməsi məsələsini aydınlaşdırmaq üçün beynəlxalq ekspertlər ölkəyə dəvət edilib. Əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi bu kontekstdə mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığortanın tətbiqi nəticəsində əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq”.

Ə. Əhmədov qeyd edib ki, gələn ildən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiq olunması üçün bu il hazırlıq işləri görüləcək/APA

Baxış sayı: 305