Elm-təhsil
15.04.2016 / 16:42

"Elektron kitabxanaların formalaşması problemləri" mövzusunda elmi konfrans keçirilib

"Elektron kitabxanaların formalaşması problemləri" mövzusunda elmi konfrans keçirilib

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransı keçirilib. AMEA İnformasiya Texnologiyaları İnstitutu, Mərkəzi Elmi Kitabxana, Bakı Dövlət Universiteti və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər.
İnform.az AMEA Mərkəzi Elmi Kitabxanasının Mətbuat xidmətindən saxil olan məlumata istinadən bildirir ki, tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir dövrün ən aktual elmi problemlərindən olan elektron kitabxanaların formalaşması məsələlərinin müzakirəsi üçün müvafiq sahələr üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq onun işinə uğurlar arzulayıb.
Akademik R.Əliquliyev “Gələcək nəsil elektron kitabxanaların formalaşması perspektivləri” adlı məruzə ilə çıxış edərək xalqımızın tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsinin toplanıb saxlanılması, biliklərin yayılması və gələcək nəsillərə ötürülməsində elektron kitabxanaların rolunun əvəzsiz olduğunu, eləcə də informasiya texnologiyalarının dinamik inkişaf etdiyi bir dövrdə elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi istiqamətində qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də e-kitabxanaların beynəlxalq standartlara uyğunlaşdırılması və dünya informasiya məkanına inteqrasiyasının təmini, eləcə də gələcək nəsil e-kitabxanaların formalaşdırılmasının vacibliyini vurğulayıb.
Alim qeyd edib ki, dövlət tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir, ölkədə elektron kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, onların maddi-texniki bazasının gücləndirilməsi, müasir tələblərə cavab verən texnologiya və proqram təminatları ilə təmin olunması istiqamətində kompleks tədbirlər görülür.
Akademik ölkədə informasiya cəmiyyətinin formalaşdırılması, İKT-nin bütün sahələrə geniş tətbiqi istiqamətində görülən işlərdən, qəbul edilən dövlət proqramlarından söz açıb. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya cəmiyyətinin inkişafı şəraitində milli kontentin genişləndirilməsinə, ölkəmizin milli-mədəni irsinin qorunub saxlanılması və inkişafına, əhalinin ondan müasir texnologiyalar vasitəsilə istifadəsinə və bilik səviyyəsinin artırılmasına diqqət yetirilməsinin vacibliyi qeyd edib. Kitabxanalarda veb-texnologiyalar, linqvistik texnologiyalar, bulud texnologiyaları, Big Data texnologiyaları və bibliometrik texnologiyaların tətbiqi, milli e-kitabxana mühitinin yaradılması üçün e-kitabxanaların kommunallaşdırılması və inteqrasiyası bu sahədə əsas fəaliyyət istiqamətlərindəndir.
Plenar iclasda həmçinin Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin sektor müdiri Lətifə Məmmədova, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun Azərbaycan Respublikası üzrə milli koordinatoru Cəmilə Yusifova çıxış ediblər.
Daha sonra konfrans 2 paralel seksiya iclasında işini davam etdirdi. Seksiya iclaslarında e-kitabxanaların formalaşmasının konseptual əsasları, texnoloji təminatı, təşkilati-hüquqi, təhlükəsizlik, terminoloji problemləri, sosial-iqtisadi və kulturoloji aspektləri və s. mövzularda 47 məruzə təqdim olunub.

"Elektron kitabxanaların formalaşması problemləri" mövzusunda elmi konfrans keçirilib


İnform.az

Baxış sayı: 467