Sosial
13.04.2016 / 14:51

Nərimanov rayonunda böyük söküntü başlayır

Nərimanov rayonunda  böyük söküntü başlayırBakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasında işlər sona çatdırılıb.

Bunu Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev deyib. O bildirib ki, rayonda qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarın növbəti mərhələsi başlayıb, rayon üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi planlaşdırılır.

İcra başçısı müvafiq sərəncamlara uyğun olaraq 3 ədəd hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının lahiyələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verilməsinin qərara alındığını, yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və şirkətlərin artıq müəyyənləşdirildiyini deyib.

Bu layihələrin iş adamları tərəfindən həyata keçirilməsi nəticəsində orada yaşayan sakinlərin, əvvəlki mənzillərinin sahəsindən 20-30% artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacağını bildirb. Tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqı ödəniləcəyini qeyd edib.

Məsələ ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyətinin sənədlərlə iş şöbəsinin məsləhətçisi İlkin Əsədov virtualaz.org-a açıqlamasında bildirib ki, söküləcək binaların sakinləri ilə hələ danışıqlar aparılmayıb. Sakinlərlə binanın sökülməsindən start verilməsindən 1–1,5 ay əvvəl razılıq əldə olunacaq:

“Hazırda sökülməsi nəzərdə tutulan binaların layihələndirmə işləri gedir. Artıq 3 layihə var. Siyahıda isə ümumilikdə 219 bina var. Bu binalar 5 il ərzində mərhələli şəkildə söküləcək və yerində yenisi tikiləcək”.

İcra hakimiyyəti rəsmisinin sözlərinə görə, may ayında ilkin layihələndirmənin başa çatması gözlənilir: “Bundan sonra təsdiqlənəcək, məlum olacaq ki, layihə qəbul olunmur. Ondan sonra isə biz siyahıya uyğun olaraq binaların sakinləri ilə danışıqlar aparıb razılığa gələcəyik”/virtualaz.org

Baxış sayı: 624