Hərbi, Qarabağ
07.04.2016 / 12:03

Orduya corab yardımı lazımdırmı? – Nizami ordunu partizan dəstəsi yerinə qoymayaq!

Orduya corab yardımı lazımdırmı? –

Qarabağda hərbi eskalasiyanın şiddəti ölkəmizin paytaxtında və bölgələrdə insanların emosiyasını da coşdurdu. Bir günün içində istər-istəməz hamının vətənpərvərlik hissləri coşdu və bu təbii idi.

Yüz minlərlə vətən oğlu könüllü döyüşməyə hazır idi, ancaq səfərbərliyə ehtiyac yox idi. Ehtiyac olardısa, əli silah tutan adamlar onsuz da seçmə üsulu ilə orduya çağrılacaqdı.

On minlərlə insan yaralılar üçün qan verməyə hazır idi və bu məqsədlə hospitalların qarşısında toplaşmışdılar. Bu qədər qana ehtiyac olmasa da, hər halda ehtiyat qan depolandı.

Hər kəs döyüşən cəbhə üçün nəsə etmək istəyirdi. Çünki müharibə filmlərində belə görmüşük: arxa cəbhə ön cəbhə kömək etməlidir.

Ancaq bu epizodlar sovet hökumətinin kasıb vaxtlarında baş verniş müharibəyə aid filmlərdəndir. O vaxt camaat xışla əkin əkirdi və ön cəbhədə döyüşən milyonlara əsgərə çörək verməliydi.

“Eybi yox, biz ac qalarıq, qoy əsgər tox olsun” şüarı buna görə hər yana yayılmışdı.


İndi xışla yer şumlayıb buğda əkən, orqala sünbül biçən yoxdur. Kənd təsərrüfatı da, sənaye də inkişaf edib və müharibə edən dövlət öz əsgərini yedirə, geydirə bilir.

Heç 1991-94-cü illər arası da deyil ki, yeni müstəqillik qazanmış, iqtisadiyyatı zəif olan körpə dövlətin şəhər, qəsəbə və kəndlərində “cəbhəyə yardım” kampaniyası keçirilsin.

Başqa vaxt “müdafiə büdcəmizə ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən daha çoxdur” demirdikmi? Bu həqiqət idi və həqiqət olaraq qalır.

Əsgərlərimizi geydirmək üçün xüsusi trikotaj və ayaqqabı fabrikləri işləyir - əsgərə isti paltar, möhkəm ayaqqabı göndərməyə gərək yoxdur.

Əsgərin standartlara uyğun qidalanmasını təmin etmək üçün xüsusi tədarük kontorları, təcjizat idarələri fəaliyyət göstərir - əsgərə ət, yağ, konserv göndərmək lazım deyil.

Əsgərə silah, hərbi texnika almaq üçün pul toplamağa ehtiyac yoxdur. Çünki bundan ötrü xüsusi nazirlik - Hərbi Sənaye Nazirliyi yaradılıb və o, həm standartlara uyğun silahlar istehsal edir, həm də müqavilə əsasında xarici ölələrdən modern silahlar alır.

Bir sözlə, cuşa gəlmiş vətənpərvərlik hisslərinin diktəsilə “mən cəbhə üçün nə edə bilərəm” sualı qarşısında durub özümüzü böyük dilemma qarşısında qalmış kimi hiss etməməliyik. Cəbhəyə corab, siqaret, alışqan, diş çöpü kimi xırda şeyylərlə yardım göstərmək fikrinə düşməyə zərurət yoxdur.

Ondan da keçən yerdə, daima formada qalmalı, öz sağlamlığını qorumalı olan əsgərə siqaret lazım da deyil. Onların bu ziyanlı vərdişi hərbi əməliyyatlar zamanı fəsad verə bilər.

Bu cür kampaniyalar səmimi vətənpərvərlik hisslərinə zərbədər. Çünki kənardan eybəcər görünür. Ura-patriotizm səciyyəsi daşıyır.

Nizami ordu xalq yardımına möhtac olan partizan dəstəsi deyil. Onu bu xalqın qurub-yaratdığı dövlət saxlayır. Dövlət dura-dura xalqın orduya yardım etməyə qalxması artıq əziyyətdir.

Ona görə də həmvətənlərimiz bu gərgin günlərdə bu cür kampaniyalar təşkil etməyə çalışmasalar, yaxşıdır. Ordunun xalq yardımına ehtiyacı olsa, bundan ötrü yüksək səviyyədə müraciətlər olacaq.


Xalid Kazımlı/musavat.com

Baxış sayı: 399