Baş xəbər, Siyasət, Müsahibə
14.07.2015 / 11:02

"Turan qurulmuş olacaq"

"Turan qurulmuş olacaq"


Sadəttin Topukçu: “Bəzi güclər Şimali Kiprin müstəqil dövlət kimi tanınmasına mane olur”



Bu günlərdə Şimali Kipr Türk Respublikasının ölkəmizdəki səfiri Sadəttin Topukçu ilə görüşdük. Görüş zamanı Kiprin müasir dünyada yeri, Azərbaycanla olan münasibətləri və Kiprin tanınması yolunda atılan addımları müzakirə etdik.


- Sadəttin bəy, hazırda Kiprin tanınması ilə bağlı hökumətiniz tərəfindən hansı addımlar atılır?


- Bu məsələni tam anlamı ilə başa düşmək üçün bir az əvvələ getmək lazımdır. Yəni, yaxın və uzaq keçmişdə hansı hadisələr baş verdi və bu günümüzə necə gəldik? Bütün bunları anlamadan sizin sualınıza cavab vermək mümkün deyil. Biz, Türk milləti olaraq, 1570-ci ildən Kiprdə varıq. Məhz bu ildə Osmanlı Dövləti, Kipri tamamilə öz ərazisinə qatıb. Ancaq zaman keçdikcə bölgədə marağı olan güclər, daha öncə Osmanlıya, sonra isə Türkiyəyə qarşı mövqe tutdular. Osmanlıdan sonra İngiltərənin də dəstəyi ilə Kipr yunanları adanı Yunanıstana birləşdirmək istəyirdilər. Yunanlar bunu “Böyük fikir” adlandırırdılar. Bu fikir ilk dəfə Yunanıstanda yaranıb və sonradan Kipr yunanları da bu fikri mənimsəyiblər. Fikrin təməlində isə Böyük Yunanıstan xülyası dururdu. Böyük Yunanıstana da Egey dənizindəki bütün adalar, Qərbi Anadolu və İstanbul vardı. O dönəmdə Egey dənizindəki adaların əksəriyyətini yunanlar ələ keçirdi. 1919-cu ildə isə Qərbi Anadolunu ələ keçirmək üçün işğal hərakatına başladılar. Dolayısı ilə “Böyük fikir” dedikləri şeyi həyata keçirməyə başladılar. Doğrudur, daha sonra Böyük Öndər Mustafa Kamal Atatürkün öndərliyi ilə bütün işğalçı qüvvələr Anadoludan atıldı. Bundan sonra yunanlar özləri üçün uyğun bir zamanı gözləməyə başladılar. Uyğun zaman isə keçən əsrin 50-ci illərində oldu. Belə ki, 1955-ci ildə yunanlar adada terror hərakatına başladılar. Bu zaman həm türklərə, həm də ingilislərə qarşı terror olayları oldu. Kipr Türkləri adanın Yunanıstana brləşdirilməsini istəmirdilər. İstəmədiyimiz üçün də avtomatik olaraq yunanların düşməni olduq.

Nəhayət, İngiltərə hökuməti Kiprə müstəqillik verilməsini qəbul etdi. Bundan sonra adada yaşayan iki xalq birlikdə ortaq Kipr Respublikası adlanan dövlət qurdu. Bu dövlətdə idari mexanizm tamamən ikiyə ayrılmışdı. Ancaq Kipr yunanlarının məqsədi Kipri müstəqil etmək deyildi. Zatən əvvəldən elan etmişdilər ki, Kipr, Yunanıstana birləşdirilməlidir. Kipr Respublikasının elanından 3 il sonra, yəni, 1963-cü ilin dekabr ayında türklərə qarşı silahlı hücumlar başladı. Türkləri hökumətin idarəetmə orqanlarından xaric etdilər. Türk yaşayış məntəqələrinin hamısı silahlı hücumlara məruz qaldı. Bunun nəticəsində də 103 türk kəndi tamamilə boşaldıldı. Bununla da türklər vətənlərində ikinci sinif bir vətəndaş oldular. Türk əhalisinin 25%-i adadan köçdü. O zamanlar Kipr türkləri, Türkiyənin göndərdiyi yardımlarla ayaqda qalmağa çalışdı. Belə bir vəziyyət 1974-cü ilin 15 iyuluna qədər davam etdi. O zamanlar dünyada olan böyük dövlətlər Kiprdə olanlardan o qədər də xəbərdar deyildilər. Və ya özlərini elə göstərirdilər. Adadakı türklərə yardım etmək onların maraqlarına uyğun deyildi.

15 iyul 1974-cü ildə Kiprdə çevriliş həyata keçirildi və çevrilişdən sonra Kiprin Yunanıstana birləşdirildiyi elan edildi. Bu da adadakı türklərin yox olması demək idi. 1960-cı ildə Kipr Respublikası yarananda Türkiyə, Yunanıstan və İngiltərə bu respublikanın müstəqilliyinə zəmanət verən üç ölkə oldu. İmzalanan müqaviləyə görə Kiprdə siyasi vəziyyətin dəyişməsi halında bu üç ölkə birlikdə və ya ayrılıqda adaya müdaxilə edə bilərdi. Belə bir vəziyyətdə dönəmin Türkiyə baş naziri Bülent Ecevit İngiltrəyə rəsmi səfər etdi. Ecevit, Kiprə ingilislərlə ortaq müdaxilə etməyi təklif etdi. Təbii ki, İngiltərə öz maraqları baxımından bunu qəbul etmədi. Dolayısı ilə Türkiyə tək başına hərəkət etmək məcburiyyətində qaldı. Nəhayət Türkiyə, 20 iyul 1974-cü ildə Kiprə hərbi müdaxilə etdi. Müdaxilənin səbəbi isə Kipr Türklərini soyqırımdan qurtarmaq idi. Müdaxilə nəticəsində Kipr Türkləri toplu halda öldürülməkdən qurtarıldı. Bundan sonra sərhəd çəkildi və könüllü əhali dəyişmə olayı oldu. Yəni yunanlar tərəfdə yaşayan türklər, biz tərəfə, Türk tərəfdə yaşayan yunanlar isə Kiprin yunanlara aid hissəsinə köçdü. Bundan öncə türklər Kiprin hər tərəfinə yayılmış vəziyyətdə idi. Sözü gedən hadisədən sonra isə türklər özlərinə aid bölgədə yaşamağa başladılar. Bu vəziyyət indi də davam edir. Artıq yunanlar 1974-cü il 20 iyuldan sonra istədikləri zaman türklərə qarşı hücumlar edə bilmirlər. Türkiyə ordusunun Kiprdə var olması nəticəsində 41 ildir ki, bir dənə də olsun güllə atılmadı və bir insan da olsun ölmədi.

Bununla yanaşı, o tarixdən sonra yunanlar adanın tək təmsilçisi olaraq tanınmağa başlandı. Halbuki adada bizim də haqlarımız var. Bunu AB-yə üzvlük zamanı da bütün dünya gördü. Təbii ki, bu da böyük dövlətlərin oyunudur. İngiltərə, Fransa, ABŞ kimi ölkələr öz mənfəətləri naminə hələ də Kipr yunanlarını adanı təmsil edən tək xalq kimi görürlər. Biz, Şimali Kipr Türk Respublikasını müstəqil dövlət kimi elan etdiyimiz zaman məhz bu ölkələr bizi tanımaq istəyən ölkələrə qarşı hər cür təzyiqlər etdilər. Belə ki, başda Pakistan və Banqladeş olmaqla bəzi ölkələr bizi tanımışdı. Başqa digər müsəlman ölkələri də tanımaq üzrə idilər. Ancaq başda ABŞ olmaqla söylədiyim dövlətlər buna imkan vermədilər. Bizi tanıyan dövlətlərə də bunu geri götürtdülər. Bu vəziyyət təəssüf ki, hələ də davam etməkdədir. Mövcud vəziyyətin qalması onlara sərf edir. Belə bir durum bizi çətin vəziyyətdə saxlayır. Mövcud durum adada yalnız yunanlara sərf edir.
Yadınızdadırsa 2004-cü ildə BMT baş katibi Koffi Annanın Kipr üçün hazırladığı və “Annan planı” adlanan planı var idi. Əslində bu plan türkləri çox da qane etmirdi. Ancaq bununla yanaşı, Kipr Türkləri olaraq biz plana “hə” dedik. Yunanlar isə “yox” dedi. O zamana qədər yunanlar bizi, bütün dünyaya razılığa gəlməyən tərəf kimi tanıdırdılar. Ancaq “Annan planı” zamanı yunanların prezidenti xalqa müraciət edərək “anlaşmanı rədd edin” dedi. Bununla da sülh istəyən tərəfin türklər olduğu ortaya çıxdı. Bu səsvermədən sonra AB idarəçiləri “Kipr yunanları bizi aldatdı” dedilər. Bu hadisədən cəmi bir həftə sonra Kiprin yunan tərəfi AB-yə üzv qəbul edildi. Bu üzvlüyü də daim Türkiyənin əleyhinə istifadə etməkdədirlər.
Kipr Türklərinin düynadan təcrid edilməsi heç kimin vecinə deyil. Ona görə də biz öz gücümüzdən istifadə edərək dünyaya inteqrasiya olmağa çalışırıq. Bunu da müəyyən yerə qədər bacardığımızı düşünürəm.
"Turan qurulmuş olacaq"

- Ecevitə Kiprin fatehi deyilir. Bu haqda bir neçə kəlmə zəhmət olmasa.


- Bunun səbəbi Ecevitin 1974-cü ildə Kiprə hərbi müdaxiləyə qərar verən bir hökumətin baş naziri olmasıdır. Onun əmri ilə Kipr Türkləri toplu halda məhv edilməkdən qurtarıldığı üçün rəhmətlik Ecevitə Kiprin fatehi deyirlər.

- Kiprdə hökumətin yaranması ilə bağlı nəsə problem varmı? Çünki baş nazir bunu edə bilmədi.


- Hazırda Kiprdə partiyalararası bir görüşmə var. Kiprdə tək başına hökumət qurmaq mümkün deyil. Hökumətin qurulması üçün ən azı iki partiyanın bir araya gəlməsi lazımdır. Ən böyük partiyamız olan Respublikaçı Türk Partiyası ilə ikinci partiyamız olan Beynəlmiləl Birlik Partiyası arasında koalisiya qurmaq üçün danışıqlar edir. Çox güman ki, önümüzdəki həftə içində Kiprdə hökumət qurulacaq. Artıq iki partiya arasında prinsip anlaşması hazırdır.

- Sadəttin bəy, AKP hökuməti Kiprə nə verdi?

- Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Kipr mövzusu daim milli bir dava halında olub. Kipr Türkləri də Türkiyədəki istənilən iqtidarla iş birliyinə gedər. Biz daim ana vətən Türkiyə ilə bir cəbhədən çıxış etmək durumundayıq. Türkiyə bizim var olmağımız üçün zəmanətdir. Bu səbəbdən də Türkiyədə kimin iqtidara gəlməsinin bizim üçün önəmi yoxdur. Biz daim Türk xalqının seçiminə hörmətlə yanaşmışıq.
Son illərdə AKP hakimiyyəti zamanında da eyni şey davam edib. AKP də Kipr davasına Milli Dava kimi baxmışdır və Kipri qorumaq üçün əllərindən gələni etmişlər.

- Bu yaxınlarda Kipr prezidenti “Türkiyə bizimlə böyük qardaş kimi davranmasın” ifadəsini işlətmişdi. Bundan sonra Türkiyə prezidenti Erdoğan da ona sərt cavab vermişdi. Bununla əlaqədar nə deyə bilərsiz?

- Bu sözü bizim prezidentimiz Mustafa Akıncı seçki ərəfəsində işlədib. Əslində o başqa bir şey ifadə etmək istəyib. Ancaq siz jurnalistlər söhbəti başqa yerə yozmağı sevirsiniz. Ona görə də istər Türkiyə, istər Azərbaycan, istərsə də Kipr cəmiyyətində bu ifadə tam başqa cür anlaşıldı.
Mustafa Akıncının demək istədiyi şey bu idi:
Kipr Türkləri bir dövlət qurdular və bu dövlət 32 yaşına daxil oldu. Dövlətin hər gün böyüməsi lazımdır və böyüməkdədir. Kiprin böyüməsi və inkişafı üçün bu fürsətlərin ona verilməsi vacibdir. Kipr dövlət olaraq özünü isbat etmək istəyir. Prezidentimizin də demək istədiyi bu idi. Bizdə Kipr üçün “övlad vətən”, Türkiyə üçün “ana vətən” ifadələri işlədilir. Prezidentimizin də demək istədiyi o idi ki, bu “övladın” böyüməsi lazımdır. Bunu söyləyərkən də Türkiyəyə qarşı olduğunu demək istəmədi. Ancaq mətbuat bunu belə yozdu. Yeni prezidentimiz də zatən digərləri kimi ilk rəsmi səfərini Türkiyəyə etdi. Başqa cür ola da bilməzdi. Bununla da bu mövzu bağlandı.

- Kiprlə Azərbaycan arasında olan siyasi-iqtisadi əlaqələrin səviyyəsi sizi qane edirmi?

- Öncə onu deyim ki, iki dövlət arasındakı münasibətlər hər il daha yaxşı səviyyəyə qalxır. Bakıdakı nümayəndəliyimiz 1997-ci ildə açılıb. Burada da məqsəd iki dövlət arasındakı münasibətləri daha yüksək səviyyələrə qaldırmaqdır. Ticarət dövriyyəmiz böyük deyil. Ancaq az da olsa var. Təbii ki, bu bizi qane etmir və ticari əlaqələrin genişlənməsi üçün əlimizdən gələni edirik. Məsələn, bu ay Azərbaycanlı iş adamlarının Kiprə səfəri baş tutacaq. Bu görüşlərdə bir çox müqavilələrin imzalanması gözlənilir.
Bizim çox önəm verdiyimiz sahələrdən biri təhsil sahəsidir. Hazırda Kiprdə 10 universitet fəaliyyət göstərir. Bu universitetlərdə yüksək səviyyəli ali təhsil verilir. Hazırda universitetlərimizdə xaricdən gəlib oxuyanların sayı 74 mindir. Bunlardan da mini azərbaycanlı tələbələrdir. Əhalisi 300 min olan ölkə üçün bu yüksək göstəricidir. Azərbaycanlı tələbələr oradakı təhsildən tam razıdırlar. Bizim üstünlüyümüz tələbələrə ixtisasları ilə yanaşı ingilis dilini də öyrətməyimizdir.
Bizim önəm verdiyimiz digər sahə, turizm sahəsidir. Kipr, Aralıq dənizinin bir incisidir. Gözəl tarixi abidələrimiz kimi, eyni dərəcədə gözəl çimərliklərimiz var. Kiprin 9-10 min illik yaşı var. Kipr bütün mədəniyyətlərin kəsişdiyi və iz buraxdığı bir yerdir.
Mətbəximiz də zəngindir. Kiprə gələn bütün turistlər mətbəximizə heyran olurlar. Azərbaycanlı qardaşlarımızın Kiprə gəlmələri halında ayrıca üstünlükləri var. Çünki biz eyni millətik. Eyni dilə, eyni mədəniyyətə, eyni törələrə sahibik.
Biz insanların təkcə buradan Kiprə deyil, Kiprdən də Azərbaycana gəlmələrini istəyirik. Bu sayədə keçən ay Kiprdən buraya bir qrup turist gəldi. Onlar məmləkətinizdən çox məmnun qaldılar. Dolayısı ilə qarşılıqlı olaraq bütün sahələrdə münasibətlərin genişlənməsi üçün əlimizdən gələni edirik.

- Bakı ilə Lefkoşe arasında hava yolu açılması məsələsi vardı. Bu məsələ indi nə yerdədir?


- Bakıdan Türkiyəyə çoxlu sayda təyyarə uçmaqdadır. Demək olar ki, Bakıdan Türkiyənin bütün mühüm şəhərlərinə hava reysləri var. Eyni vəziyyət Türkiyə ilə Kipr arasında da var. Xüsusilə yay fəslində bu uçuşların sayı artır. Kiprə getmək istəyənlər əvvəl İstanbula gələrək, sonra Lefkoşeyə gedirlər. Təəssüf ki, Bakıdan Kiprə birbaşa reys yoxdur. Bir dönəm oldu amma sonradan bağlandı. İqtisadi yöndən bu reys özünü doğrultmadı. Məsələnin siyasi yönündən başqa, ticari yönü də var və təyyarənin tam dolması lazımdır. Dolayısı ilə birbaşa reysin olmamasını biz mənfi yöndə olan bir şey kimi qiymətləndirmirik.

- Türkiyədə qurulacaq olan hansı koalisiya sizi daha çox qane edər?


- Türkiyədə kimin hakimiyyətdə olmasında asılı olmayaraq, biz daim bütün Türkiyə hökumətləri ilə yaxşı münasibətlərdə olduq və bundan sonra da olacağıq. Kipr məsələsinə Milli Dava kimi baxan bütün hökumətlər bizi qane edir. Əslində bu daim belə olub. Yəni Türkiyədəki bütün hökumətlər Kipr məsələsini öz məsələsi bilib. Əks halda mənim nəsə deməyim Türkiyənin daxili işlərinə qarışmaq olardı. Türk xalqı nə qərar versə, bizim ona tabe olmağımız lazımdı. Əminəm ki, Türkiyədə qurulacaq olan yeni koalisiya hökuməti də özündən əvəlki hökumətlər kimi Kipr məsələsinə eyni gözlə baxacaqdır.

- Turanı necə görürsünüz?

- Turan böyük davadır. Müasir Türk dövlətləri 90-cı illərin əvvəlində müstəqillik qazandı. Bütün bu dövlətlərin hamısının ortaq mənfəətləri var. Burada önəmli olan bu ortaq mənfəətləri birləşdirib bir mövqedən çıxış etməkdir. Əgər bütün Türk dövlətlərini bir araya gətirib həqiqi amal uğrunda mübarizə aparsaq, Turan qurulmuş olacaq. Təəssüf ki, günümüzdə bunu edə bilmirik.
Bəzi xırda mənfəətlər, böyük mənfəətlərin üzərindən xətt çəkməyimizə səbəb olur. Məsələn, Kipr mövzusunda Türk dövlətlərin birgə səyi yoxdur...


Ceyhun ÇİNGİZOĞLU / İnform.az

Baxış sayı: 558