Hərbi, Şərhlər, Qarabağ
06.04.2016 / 13:14

"Müharibə təkcə ölüm qorxusu yaradan dəhşət, fəlakət deyil..."

"Müharibə təkcə ölüm qorxusu yaradan dəhşət, fəlakət deyil..."
Elxan Şükürlü

Müharibə təkcə ölüm qorxusu yaradan dəhşət, fəlakət deyil – bunu bircə gecə yağışlı-küləkli havada palçıq səngərdə uzanıb gözünü qırpmadan düşməni izləyən əsgərlər də yaxşı bilir, qucağında can verən hərbçi dostunun son sözlərini, övladına vəsiyyətini dinləyən zabitlər də...
Ancaq şərəf və ləyaqət hissinin nə olduğunu bilərək əyninə hərbi forma geyən kəs onu da anlayır ki, bütün bu dəhşəti, fəlakəti unutduran, ölüm qorxusuna qalib gələn başqa bir güclü hiss də var – arxada sənə, sənin cəsarətinə, şücaətinə milyonların bəslədiyi inam və ümid!
Bəli, müharibə həm də bir millətə dirçəlmək, gələcək nəsillərə örnək, nümunə olacaq qəhrəmanlar yetişdirmək, qələbə çalıb adını tarixə yazmaq şansı, fürsətidir!
...Qədim Yunanıstanda “Peloponnes müharibələrinin tarixi”ni yazan Fukidid, Afina sərkərdəsi və hərbi xadimi Periklin öz şəhər-dövlətinin şəhidlərinin dəfni zamanında söylədiyi məşhur nitqini qələmə alıb. Aradan 2446 il keçsə də, Periklin bu nitqi bütün dövrlərdə ölkəsini müdafiə edənlərin şərəfinə söylənmiş ən yaxşı çıxışlardan sayılır. O nitqi tapın və oxuyun. Həmin məşhur nitq bu sözlərlə bitir: “Bu cür insanları (torpaq uğrunda ölənləri-E.Ş.) indən belə örnək sayın və bilin ki, xoşbəxtliyi azadlıq, azadlığı isə igidlik doğurur. Odur ki, hərbi təhlükələrin gözünə dik baxın...!”
Əziz dostlar, Allaha dua edək ki, aprelin 7-dək – Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qoltuğuna vurub gətirdiyi yeni “sülh planı” müzakirə masasına yatırılanadək, hərbi təhlükələrin gözünə dik baxan Azərbaycan Ordusu əlimizi gücləndirəcək daha böyük uğurlara imza atacaq! Amin!

(Mətn Elxan Şükürlünün FB səhifəsindən götürülüb)

İnform.az

Baxış sayı: 638