Şərhlər, Ədəbiyyat
03.04.2016 / 18:12

Yüz demirəm, Tanrı verən qədər ömrü sağlam yaşamağı diləyirəm sənə, Əkbər Qoşalı

Yüz demirəm, Tanrı verən qədər ömrü sağlam yaşamağı diləyirəm sənə,
Xalidə Xalid


Hə, Əkbər Qoşalı!
Yenə bir yaş böyüdün... Yenə yaşının üstünə Səni daha da müdrikləşdırən bir yaş gəldi.
Eləcə də, bizim dostluğumuzun yaşı da bir yaş artdı.
Dostluğumuzun yaşı 16..! Bəs sənin yaşın neçədi?!
Sənin dəqiq yaşını yazmıram, çünki mənimçün sən elə ilk dəfə - 2000-ci ilin mart ayında tanıdığım Əkbər Qoşalısan...
Sənin haqqında çox sözlər yazılıb, səni çox qələmlər vəsf edib, şənin şəninə şeirlər qoşulub; mənsə sənin haqqında bu gün ilk dəfədir yazıram. Haqqında deməzdim, sadəcə sənə kiçik bir təbrik mesaji hörürəm içimdən gələn sözlərdən...
Səninlə sənin şirin Tovuz ləhcəndə danışmağı çox sevirəm. Ağren alem, sən özün də özünün fərqli olduğundan xəbərdarsanmı..?
Sən təmənnasız dostsan, sən səmimilik arxasında yalanı gizlənən, səmimilik arxasından min bir riya məbədi tikən adam deyilsən... Sən var ha, sən, istəsən də bunları bacarmazsan!.. Çünki sənin ruhun ilahi eşqinə çox bağlıdır, çünki səni SƏN edən, mələklərin qanadıyla sənin ruhuna həkk edilən bir duyğunun insanısan. Sən Mövlanəyə sığınıb, Yunisdən qidalanıb, Füzulidən ruhlanıb, Nizamidən pöhrələnən Əkbər Qoşalısan.
Sənin yaradıcılığınla, ictimai fəaliyyətinlə bağlı çox şey yaza bilərəm, amma yazmıram... Bilirsənmi niyə?! Ona ehtiyac görmürəm, çünki sənin o tərəflərinlə bağlı çox yazıblar, təkrara nə gərək var? - Az-çox bilirsən də xasiyyətimi, təkrarı sevmirəm. Bir kəlmə olsun, amma özümün olsun, öz olsun...
Qağa, deməli harda qaldıq? Hə, sənin ruh dünyanda.
Bəzən sənin yazdıqlarını oxuyanda və yaxud hər hansı məclisdə görüşəndə özündən xəbərsiz səni müşahidə edirəm. Deyirəm, görüm, illər, yeniliklər səni dəyişibmi?
Görürəm ki, yox, dəyişən sadəcə seyrəlmiş saçlarındı, hə, bir də, sanki azca kökəlmisən... Ancaq nə nəcibliyin dəyişib, nə xasiyyətin, ruhun... Ay qağa, səni elə dəyişməz olduğun üçün çox sevirəm dana...)
Mövlana deyirdi ki, "Ulduzlar qədər dostların olunca, Ay kimi parlayan tək dostun olsun."
Sən də mənim Ay kimi parlayan dostumsan, Əkbər – təmənnasız, saf, səmimi, əsil dost..!
Səni kim necə tanıyır bilmirəm, amma mən səni yaxşı tanıyıram. Özün də bilirsən ki, mən dəyər vermədiyim, sevmədiyim kimsə haqqında bir kəlmə belə yazmağı bacarmıram.
Bu yazımda da fikrim səni tərifləmək deyil, e... nəyini tərifləyəcəyəm, zəhləm gedir səndən...(ha, ha, ha)...)
Hər şey bir yana, qağa, vallah sən çox xoşbəxt insansan. Bilirsənmi niyə? – Kimsədən bu günədək eşitmədim desin ki, "Əkbər mənə qarşı bu yamanlığı etdi".
Bax, mən də, çox xoşbəxtəm ki, sənin kimi illərimin arxasından gələn, bu təmənnasız dosluğumuza sadiq olan bir əziz insanım var.
Bilirsən, kim olur olsun, lap belə yüksək mövqe sahibi olsun, əgər o insan qəlbdə özünə insan olaraq taxt qura bilməzsə, onun haqqında nə yaza, nə deyəsən..? İnan, sənin haqqında elmi terminlərdən istifadə edərək, o qədər, fəlsəfi, psixoloji, fikirlər yazaram ki, bitib-tükənməz. Nə gərək var, hə, düz demirəmmi? Qadasın alım bu sadə, səmimi kəlmələrin, içdən gələn sözlərin...)
Nə isə, qağa deyəsən çox yazdım... Sənə nə arzulayıram bu yeni yaşında? – Mən deyim sən say:

1. Öncə, möhkəm can sağlığı,
2. Sonu olmayan təmənnasız dost sevgisi,
3. Hələ də gerçəkləşməyən arzularının gerçəkləşməsini,
4. Övladlarının həmişə xoş günlərinə baxıb sevinməyi,
5. Unudan və unudulan deyil, unutmayan və unudulmayanlardan olmağını,
6. Səni ruhuna bələyən sazlı-sözlü aləmdən heç vaxt ayrılmamağını,
7. İnşallah, baba olmağını,
8. Xanımınla bir yastıqda qocalmağını,
9. Səni sən olaraq sevən, sənə dəyər verən dostlarının həmişə yanında olmağını!


Türk Dünyasının dəyərli övladı, mənim dəyərli dostum, sədaqətli arkadaş!

Yüz demirəm, Tanrı verən qədər ömrü sağlam yaşamağı diləyirəm sənə,

Yüz demirəm, Tanrı verən qədər sağlam ömür diləyirəm sənə, mənim Turan sevdalı qardaşım!
Elə bir ömür ki, həyata keçirə bilməyəcəyin böyük arzun qalmasın..! Diləklərin çin olsun. Və səni bür gün inşallah millət vəkili görək. O kürsünün də qonaqlığını Tovuşda, Qoşalıda qurutlu xəngəllə qeyd edək. Kiminçün nə hazırladarsan özün bilərsən, mən isə xəngəl yeyəcəyəm...)
Üzürlü say, bu gün hamımızın bir gözündə şəhid nisgili var. Gələn yaş gününü Qarabağda keçirəlim. Azad edilməsi bugünlərə təsadüf edən yüksəkliklərimiz, düşməndən təmizlədiyimiz kəndlərimiz böyük qələbimizin müjdə ünvanı olar, inşallah!
Yeni yaşın bir daha qutlu olsun!

İnform.az

Baxış sayı: 705