Şərhlər, Ədəbiyyat
03.04.2016 / 15:06

Qutlama yazısı

Qutlama yazısı
Dr. Yusif Günaydın



Bu kiçik yazını dostum Əkbər Qoşalının doğum gününə
böyük məhəbbətlə ad etdim...


Yeni nəsil milli-intellektuallarımızın öncül simalarından biri kimi Əkbər Qoşalı, hələ gənc yaşlarından toplumun sayğısını qazanmış çağdaşlarımızdandır. – Özgü yaradıcılıq fakturasına malik, fəal vətəndaşlıq mövqeyi ilə seçilən yazıçı-publisist, təşkilatçılıq qabiliyyəti, xarizmatik məziyyətləri ilə çoxuna örnək ola biləcək ictimai xadim, qayğıkeş ailə başçısı... – Əkbəri sayğı sahibinə çevirən onun təbiətindən üzvi şəkildə doğulub boy göstərən halallıq, saflıq, düzlük, əhdə vəfa, sorumluluq kimi mənəvi dəyərlərdir. Əkbər mənim gözümdə, konstruktiv energetikaya malik olan bir insan, qurmaq, yaratmaq yanğısı ilə ictimai tərəqqi uğrunda mübarizəyə atılan, bu mübarizədən dəfnə çələngi ilə çıxan başarılı bir soydaşdır. O özünün qaynar fiziki, mənəvi, əqli enerjisini düzgün axara yönəltməyi, yüksək amallara çatmaq yolunda qarşısına çıxan sədləri aşmağı bacarır. ...Çətinliklər, çatışmazlıqlar onu sındıra bilmir, əksinə, daha da mətinləşdirir. Onun mübarizəsinə məna və məzmun verib haqq yoluna yönəldən onu əqidə nuru ilə süsləyən bir uca amal, bir ali fəlsəfi-estetik ideal var – Vətənpərvərlik! Yurdsevərlik, elsevərlik, sənətsevərlik, yaradıcılıq... ona xas olan digər mənəvi-əxlaqi dəyərlər kimi Əkbər Qoşalı şəxsiyyətinin mahiyyətini təşkil edir, onun qanında, ruhundadır. Mənim tanıdığım Əkbər üçün “şəxsi”-“ictimai”, yaxud “mən”-“biz” alternativi yoxdur. Çünki onun vətəndaşlıq əqidəsinə görə “ictimai” “şəxsi”dən üstün, “biz” “mən”dən irəlidir! Hər bir təşəbbüs, hər bir başlanğıc ilk növbədə ictimai önəm daşımalı, topluma xidmət etməli, xalqa fayda verməlidir. Yalnız belə olduğu halda bu onunçün şəxsi önəm, fərdi dəyər daşıya bilər. O, Azərbaycançılıq məfkurəsinin Türkçülük, Turançılıq anlayışının ayrılmaz tərkib hissəsi olduğuna əmindir.

Qutlama yazısı

Çağdaş dünyamızın sürətlə dəyişən ponoramını qavramaq, bəzən gerçək coğrafi mere¬dianlara sığmayan, normal insan məntiqinə uyuşmayan geosiyasi təmayüllər qay¬nağını görüb duymaq üçün bu prosesə Azərbaycançılıq – Türkçülük – Kürəsəllik mövqeyindən nəzər salmaq önəmlidir. Əkbərin fikrincə yalnız bu zaman dürlü məkanlardan üzərimizə yönəldilən şər axınının mahiyyətini dərindən anlamaq mümkündür!
O illər öncə şəxsi təşəbbüsü ilə yaratdığı Dünya Gənc Türk Yazarlar Birliyi ilə Türk Dünyasının xeyli yaradıcı gəncini bir araya gətirməyi bacaran, onlarla kitab çıxaran layiqli təşkilatçıdır.
...Deyirlər ki, onun doğma yurdu, ozanlar diyarı Tovuzun Qoşa kəndinə yolu düşən hər kəs yaz ağzı əlini göyə uzatsa, bahar buludlarına sığal çəkə bilər. Bu buludların ürəyi doludur, onlar canının suyunu Əsrik və Axıncı çaylarına, ordan da Dəli Kürə tapşırır, Kür daha da coşub-çağlayır, çevrəmizə can verir, yamaclar, düzənlər çiçəkləyib, adamın üzünə gülür...
Gör nə gözəl bir çağda, nə gözəl məkanda dünyaya gəlmisən, əzizim Əkbər!
Yüz yaşa!

İnform.az

Baxış sayı: 566