Şərhlər, Qarabağ
03.04.2016 / 12:05

"İndi həqiqəti gizlətmək çox çətindir..."

"İndi həqiqəti gizlətmək çox çətindir..."
Əkbər Qoşalı/Yazıçı-publisist


Ermənistan və havadarları tərəfindən sürdürülən, elan olunmamış savaşda növbəti qaynar günləri yaşamaqdayıq. Atəşkəsi pozan işğalçı ölkə ordusuna ordumuzun cavab zərbələri sarsıdıcı olmuşdur. Başını itirən Ermənistan rəsmiləri yenə qarayaxma, şayiə, böhtan kompaniyasına girişib, dünyanı və öz xalqını aldatmağa çalışır; bununla belə düşmən öz təlaşını da gizlədə bilmir. Artıq, Azərbaycanda yaranan ruh yüksəkliyinə müqabil, işğalçının, bizim Qarabağ torpaqlarında məskunlaşdırdığı, orada, demək olar, zorla tutulan “yığma komanda”sını ovundurmaq, məskunlaşma yerlərində saxlamaq belə müşkülə çevrilib. Alınan bilgilərə görə, cəbhəyanı ərazilərdən kütləvi köçün qarşısını almağa çalışan erməni hərbçiləri silaha əl atmağa məcbur qalıb...
Ermənistan rəsmi orqanlarından fərqli olaraq, Azərbaycan Müdafiə Nazirliyi rəsmi açıqlaması ilə, itkilərimizi də etiraf edib, azad edilən yüksəklik və yaşayış məntəqələri haqqında da bilgi verib... Bilirsiz, indi həqiqəti gizlətmək çox çətindir – düşmən öz itkilərini hər nə qədər gizlətsə də, başqa-başqa qaynaqlar doğruları üzə çıxarır.
Bu son olaylar daha nələri üzə çıxardı? – Xalqımızın öz ordusuna, Ali Baş Komandanına böyük güvəninə bir daha şahid olduq. Şahid olduq ki, ordumuz son illər həm vətənpərvərlik, həm də peşəkarlıq baxımından nə qədər püxtələşib.
Doğrudur, bəzi KİVl-ərimizin, sosial şəbəkə istifadəçilərimizin səbatsızlığını görsək də, vətəndaşlarımız, qurum və quruluşlarımız əsasən toxtaqlı, ustuflu hərəkət edərək, düşmən təxribatına uymadı, gərəksiz haray-həşir salınmadı.
İşğalçı ölkəyə də, işğala məruz qalan bizə də eyni sözlərlə müraciət edən ölkələrin, qurum və quruluşların əsl üzünü bir daha görərkən, dünyanın dörd yanından haqlı davamızda bizimlə həmrəylik göstərən qardaşlarımızın varlığını da bir daha gördük.
Əlbəttə, hər birimiz ayıq-sayıq olmalıyıq; ordumuza, dövlətimizə bacardığımız qədər mənəvi dəstəyimizi ararsıkəsilmədən göstərməliyik, dünyaya haqq səsimizi yaymaqda davam etməliyik.
Fürsətdən itifadə edib, şəhidlərimizin yaxınlarına, bütün xalqımıza baş sağlığı diləklərimi yetirirəm. Ocağımızın odu sönməsin! Vətən sağ olsun!
Bu günlərdə azad edilmiş yüksəklik və yaşayış məntəqələri böyük qələbəmizin kiçik müjdələridir. – Əlbəttə, bizim işimiz haqq işidir – biz, əlbəttə, qalib gələcəyik!

İnform.az


Baxış sayı: 1145