Baş xəbər, Siyasət
02.04.2016 / 10:54

23 il də ötdü, KƏLBƏCƏR...

23 il də ötdü, KƏLBƏCƏR...

Azərbaycanın dilbər güşələrindən biri olan Kəlbəcər rayonun düşmən tərəfindən işğal olunmasından artıq 23 il ötür.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb.

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

2 aprel 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

23 il də ötdü, KƏLBƏCƏR...


Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevrilib.

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.

23 il də ötdü, KƏLBƏCƏR...

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurası tərəfindən Ağdam rayonunun azad edilməsi ilə bağlı 854, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874 və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884 saylı qətnamələr qəbul edilib, lakin həmin qətnamələr kağız parçası olaraq qalır.

İnform.az

Baxış sayı: 666