Diaspora Akademiyası, Şərhlər
31.03.2016 / 12:34

"Bu vəhşilik tarix boyu unudulmayacaq"

"Bu vəhşilik tarix boyu unudulmayacaq"
Ramil Əliyev/ÜAK İstra şöbəsinin sədri


Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da, tarixin açılmamış səhifələrindən biridir.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-ci ildən -1918-ci ilədək azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, otuz minə yaxın azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, məscidləri, mədəniyyət ocaqlarının hamısını yandırırdılar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti, təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 122 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Bununla kifayətlənməyən Ermənilər, bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.
Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu soyqırımı əbədiləşdirmək ücün, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmaqa başlandı. Ümummilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilib. Bu vəhşiliklər tarix boyu xalqımız tərəfindən unudulmayacaq.
Nəhayət ki, uzun illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi - siyasi qiymətini aldı, tarixi yaddaşımızda bərpa olundu.
Bir daha, 31 mart Soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, onların timsalında bütün şəhdilrəimizin yaxınlarına səbr diləyirik. Xalqımıza isə səadət və firavan həyat arzulayırıq.


İnform.az



Baxış sayı: 531