Sağlamlıq
29.03.2016 / 14:20

“İnsanlar çox zaman falabaxanlara üz tururlar”

“İnsanlar çox zaman falabaxanlara üz tururlar”“Cinayət törədən psixi xəstəliyi olan insanların problemi həmişə cəmiyyətin nəzərində olub. Hələ SSRİ dövründə bu sahədə çoxlu sayda pozuntular olub. Hətta bəzən dünya ictimiayyəti bu sahədə olan çatışmalığa ciddi iradlar tutub".

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında "Psixatriya yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bu gün də belə hallar az da olsa var:

"Hətta o vaxt üçün deyirdilər ki, SSRİ-də xəstə olmayan insanları psixi xəstə kimi psixiatriya müəssisələrinə yerləşdirirlər. Bunu da insan haqlarının kobud şəkildə pozulması kimi qiymətləndirirdilər. Bu gün belə hadisələr azdır, bu istiqamətdə hər zaman ehtiyatlı olmalıyıq. Ona görə də psixi pozuntusu olan şəxslər barəsində tibb müəssisəsinin müdriyyətinin təqdimatı və həkim-psixiatr komissiyasının və məhkəmələrin bu sahədə məsuliyyəti çox böyük olmalıdır. Çünki bəzən bu xəstəliklə xəstə olmayanlar arasında səddi çəkmək də çətin olur. Bəzən bilməyərəkdən də səhvlərə yol verilə bilər".

Ə.Əmiraslanov deyib ki, “Psixoloji yardım haqqında” yeni qanun layihəsinin ilkin variantı da artıq hazırdır və onun bu günlərdə Səhiyyə komitəsinin üzvlərinə tanışlıq üçün paylanması nəzərdə tutulur.

Komitə sədrinin sözlərinə görə, “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbuluna çox ciddi ehtiyac var.

Çünki bu gün dünyanın əksər ölkələrində belə bir qanun mövcuddur:

“Qeyd edim ki, qanun layihəsi üzərində də işlər davam etdirilir və biz istəyirik ki, onu plenar iclasa çıxarmazdan əvvəl komitəmizin iştirakı ilə ictimai dinləmələrə çıxaraq”.

Qanun layihəsinin hazırlanmasının və qəbulunun vacibliyindən danışan millət vəkili İlham Məmmədov bildirib ki, dünyada baş verən sarsıntılı iqtisadi, siyasi proseslər insanların psixoloji durumuna ciddi şəkildə təsir etməkdədir:

“Psixoloji sarsıntı keçirən insanlar da həkimlərə-nevropotoloqlara, psixoloqlara üz tuturlar. Həkimlərin də silahı nə ola bilər-yalınız ağrıkəsici dərmanlar yazmaq. Bu dərmanlar da çox zaman müsbət təsir göstərmək əvəzinə, həmin insanların psixoloji durumuna mənfi təsir göstərir. Çünki güclü təsirə malikdirlər. Ona görə də belə bir qanunun qəbuluna ciddi ehtiyac duyulur”.

“İnsanlar həkimlərə, nevropotoloqlara üz tutsaydı dərd yarıydı, onların böyük əksəriyyəti çox zaman ekstrasenslərə, falabaxanlara üz tururlar, onlara tərəf qaçırlar. Bu da öz növbəsində daha böyük fəsadların yaranması və yaşanması ilə nəticələnir”-deyə Əhliman Əmiraslanov deputat həmkarına bildirib.

Ağa Akifoğlu/modern.az

Baxış sayı: 446