Dünya
24.03.2016 / 21:04

Azərbaycan beynəlxalq sərgidə təmsil olunub- Moskvada

Azərbaycan   beynəlxalq sərgidə təmsil olunub-
Azərbaycanın turizm potensialı Moskvada açılan “Səyahət və turizm” 23-cü Moskva beynəlxalq sərgisində təbliğ olunur. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya paytaxtında açılan sərgidə 180 ölkə və regiondan 1500 şirkət iştirak edir.

Azərbaycanın turizm sənayesini əks etdirən 72 kvadratmetrlik stenddə “Şahdağ” Turizm Mərkəzi, “Azərbaycan Hava Yolları” QSC, “AİTF” turizm və səyahətlər sərgisi, “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının təşkilat komitəsi və 20-ə yaxın yerli turizm şirkəti, o cümlədən Azərbaycanın Rusiyada yeganə turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti xidmətlərini təqdim edir.
Azərbaycan guşəsinə gələn qonaqlara ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları, məlumat kitabçaları təqdim olunur. Stenddə Azərbaycanın məşhur turizm obyektləri, maraqlı səyahət marşrutları, otellər, nəqliyyat strukturu barədə məlumatlar yer alıb.

“Gilan turizm” şirkətinin nümayəndəsi Fərid Məcidov jurnalistlərə açıqlamasında turizm sahəsində tərəfdaşların müəyyən edilməsində bu cür sərgilərin böyük əhəmiyyətinin olduğunu bildirib: “Azərbaycan turizm sənayesinin nümayəndələri mütəmadi olaraq dünyada keçirilən ən nüfuzlu sərgilərdə iştirak edir, ölkəmizin bu sahədə potensialını təqdim edir, xarici şirkətlərlə tərəfdaşlığı genişləndirməyə, təcrübə mübadiləsi aparmağa çalışır. Bu, həm də müxtəlif beynəlxalq səviyyəli tədbirlər ərəfəsində xüsusi əhəmiyyət daşıyır. Bu dəfəki sərgidə iştirakımızda məqsəd “Formula-1” Avropa Qran-pri oyunları ərəfəsində əcnəbi turistlərin, tanınmış turizm operatorlarının diqqətini ölkəmizə cəlb etməkdir. “Gilan turizm” şirkəti sərgiyə gələnlərə yüksək komfortlu otellər, spa-komplekslər, müxtəlif tematik turlar təklif edir”.

“Prometheus travel” şirkətinin nümayəndəsi Aleksandr Qodovnikov son illər Azərbaycana səfər etmək istəyən səyahətçilərin sayının artdığını söyləyib. Onun sözlərinə görə, Azərbaycanın gözəl təbiəti, müalicəvi məkanları, zəngin tarixi, mədəniyyəti və mətbəxi, mehriban insanları turistlərin diqqətini çəkir: “Şərqlə Qərbi özündə birləşdirən ölkənizin paytaxtı Bakı şəhəri haqqında az qala əfsanələr gəzir. Bu şəhərə bir dəfə səyahət edən hər kəs yenidən ora qayıtmaq istəyir. Moskva sərgisində Azərbaycanın bir çox turizm şirkətləri ilə əməkdaşlığımızın təməlini qoyduq. Ümid edirəm ki, bu əməkdaşlıq uzunmüddətli olacaq”.

Qeyd edək ki, 1994-cü ildən keçirilən Moskva beynəlxalq “Səyahət və turizm” sərgisi Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukraynada turizm tədbirlərinin təşkili ilə məşğul olan “ITE” beynəlxalq şirkətlər qrupu tərəfindən təşkil edilib. Azərbaycan isə bu sərgidə 2002-ci ildən təmsil olunur.

Sərgi martın 26-dək davam edəcək./APA

Baxış sayı: 310