Texnologiya
16.06.2015 / 20:06

Lüksemburqda rəqəmli iqtisadiyyat müzakirə edilib

Lüksemburqda rəqəmli iqtisadiyyat müzakirə edilib

Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Lüksemburq şəhərində Rəqəmli iqtisadiyyat üzrə nazirlərin görüşü keçirilib. Tədbirdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq nazirləri və digər rəsmi şəxsləri iştirak ediblər.

İnform.az-ın məlumatına görə, Azərbaycanı bu tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nazir müavini ölkəmizdə rəqəmli bazarın mövcud vəziyyəti ilə bağlı tədbirdə çıxış edib.

Nazirlər görüşünün sonunda vahid rəqəmli iqtisadiyyat üzrə Bəyannamə qəbul edilib. Bəyannamə Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin rəqəmli bazarlarının Avropa Birliyi ölkələri ilə harmonizasiyalaşdırılması və seçilmiş istiqamətlər (elektron xidmətlər, elektron hökumət, elektron səhiyyə, gömrük, rəqəmsal nəqliyyat dəhlizləri, e ticarət, İKT əsaslı infrastruktur üçün ticarət, İKT əsaslı infrastruktur idarəetmə prinsipləri, rabitə şəbəkələri, informasiya və kibertəhlükəsizlik) üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Baxış sayı: 457