Şərhlər
22.03.2016 / 18:33

Çox qəribə sahildi! Ya da dünyadı!

Çox qəribə sahildi! Ya da dünyadı!
Ləman Məmmədova

Bəzən bütün insanları bağrıma basmaq, “nə yaxşı ki, varsınız” demək istəyirəm, ancaq məhz bu fikir ağlımdan keçəndə onlar özlərinin ciliz, maraqsız və kinli portretlərini nümayişə çıxarırlar. Təsəvvür ediləcək bir hal olsa da, yaşanmasını ancaq nikbinlikdən bədbinliyə göz qırpımında keçid alan insanlar bilər, hiss edər. Bu keçid əhvalını heç sevmirəm. Qulaqcıqlardakı musiqidən başqa heç nə xilas etmir insanı. Musiqiylə isə o qədər dərinə gedirsən ki, nəhayət tək qalırsan. Biri sənə deyir ki, sən də o bəyənmədiyin insanların qopduğu bütündən bir parçasan. Burda nə işin var? Sahilə üz...

Sahildə o qədər çox insan yarışır ki, mən bəzən hansı yarışdan hansı yarışa keçid aldığımı tuta bilmirəm. Qaçanların hərəkətdə olan ayaqlarından başqa, sopa tutan əllərini görməzlikdən gəlməliyəm, çünki yarışın ümumi mənzərəsini görüb digərlərini də xəbərdar etmək qaydalara ziddir. Məsələn, çörək alarkən sənə “xırda” əvəzinə kibrit ya da saqqız verənlər haqlı, satıcıya 3 qəpik əskik vermiş olan sən isə, haqsızsan. Məsələn, nənəsi, anası və atasıyla birlikdə bulvarda gəzməyə çıxan uşaq, əlindəki şirniyyatı yerə atdı deyə onu əllərindən vuran və küçənin ortasında onu danlayaraq uzaqlaşan ailə haqlı, oturduğun yerdən qalxıb ayaq altında tapdanmasın deyə o qırıntıları toplamaq vəzifəsini yüklənən sən isə haqsızsan, gülünc görünürsən. Məsələn, namus söhbətinə görə ailənin ən əziz üzvlərindən birini öldürən digər üzvü, cinayəti vacib edən “ponyatka” yaradanlar üçün haqlı, ailənin ömürlük qınaq obyektinə çevriləcəklərini və acını unutmaq üçün fürsət tapmayacaqlarını düşünənlər isə haqsızdırlar. Bu ziddiyyəti görüb qəbul edənlər -“hamı necə, sən də belə” misalıyla yoğrulanlar - haqlı, bu xəmirdən qopmaq istəyənlər isə “demaqoq” olaraq haqsızdırlar.

Bu sahilin marşında “palaza bürün, elnən sürün” kimi qeyri-adi bir misra var. Bir zamanlar kiminsə kinayəsinin, sarkazmının məhsulu olan bu cümləni, sahildəkilər özlərində “assimilyasiya” edib hər kəsə məsləhət verirlər. Sanki sağalmaq üçün hər kəsə verilən, əslində zəhər olan dərmandır. Ya anlamadıqları şeydən qorxduqları üçün həddindən artıq hörmət edirlər, ya da anlamadıqları şeyi anlamış kimi görünmək üçün onu “qarışıq” və “maraqsız” olmaqda iddiham edirlər. Bu sahil yeganə sahildir ki, ulduzları səmadakı ulduzlardan fərqlənir: sahildə parlayan ulduzu da özləri təyin edirlər, onu daha da parlamağa təşviq edirlər, sonra ən parlaq anında üzərinə keçmişdən bir tor atırlar və o torda çırpınaraq sönən ulduzun məhvinə səbəb olurlar. Sahildəkilər palaza bürünməyənləri cinayətə təşviq edən “məsumlardır”. Ancaq palaza bürünməyənlərin də bir-birindən fərqi ondadır ki, hamısı iradəli deyil, bir az da zövq problemləri var. Sahil elə bir yerdir ki, orada “səs-küy” zövqün səsi kimi də özünü qələmə verə bilər. Dirijorsuz və notlarsız orkestr kimi. Bu sahildə bəzi palaza bürünməyənlər də, nə keçmişin hörmətə layiq məqamlarının fərqinə varırlar, nə də gələcəkdəki izlərinin necə təsir saxlayacağını veclərinə alırlar. Yəni bunlara “anın məşhurları”, “anın yazıqları”, “anın xoşbəxtləri” də demək olar. Bir də “anı yaşayanlar”ı görsəydim... Onlara heç təsadüf etmirəm bu sahildə. Nədənsə onlar yaşadıqları anı həmişə uzatmaq istəyirlər. Di gəl ki, onların yerini “laqeyd”lər doldurur. Laqeyd qrupu da var bu sahildə. Həmişə lazım olmayan məqamda, birdən-birə fikir sahibi olurlar. Real həyatda dişləri arasında qalan dilləri yerinə, virtual həyatda klaviatura dağıdan barmaqları danışır. Gülməli də olsa, bu sahildə “pis adama heç nə olmur, yaxşını da Allah saxlayır”. Pisi yaxşıdan, yaxşını da pisdən fərqləndirən əslində, ümuminin xüsusiyə ayrılması və bunu qəbul edib etməyənlər qrupunun yaranmasıdır. Yoxsa ki, burda “pis” sözünün də, “yaxşı” sözünün də kökünü qoparıblar.

Facebook-da paylaşdığım statuslarla bağlı bir dəfə dostluğumda olanlardan biri mənə sual verdi: “Sənin yazılarını oxuyuram, çoxlarıyla da razılaşıram. Ancaq sən niyə bu qədər yazırsan ki? Nə dəyişir ki?”
Heyf ki, həmin anda Sokratın bütün fikirləriylə tanış deyildim, yoxsa ona cavab verərdim ki, “Kimsəyə heç bir şey öyrədə bilmərəm, yalnız onların düşünmələrini təmin edə bilərəm.” Bir də o uşağın öz-özünü təkzib etməyinə gülmək tutur adamı. Madam razılaşdığın məqamlar var, niyə yazmağımı istəmirsən?

Bütün fikirlərimə olan bir bəndlik rəyim keçdi ağlımdan:

Tez ol, yum gözünü, say yüzə kimi,
Qoy mən yavaş-yavaş köçüm keçmişə.
Günü günə satdım, vaxtım çox kimi,
Qorxuram heç mən də çatmayım yüzə.

Çox qəribə sahildi... Ya da dünyadı...! Cazibədar, maraqlı, ziddiyyətli, həyəcanlı ... Bəlkə də onu anlamadığımıza görə gözümüz qorxub və yaşamağa davam etmişik. Yoxsa ki, bizdə olan bu “şikayətcillik” varkən, necə olub kütləvi intihara imza atmamışıq? Çox qədim zamanlarda (fikrim özüm üçün köhnəlib) demişdim ki, öyrənməsi və tərbiyə etməsi gərəkən ruhunu unudan insan, dünyaya gəldi-gəlmədi, özündən başqa hər şeyi öyrənməyə başladı. Necə demişəmsə, elə də qalıb...

İnform.az

Baxış sayı: 469