Ədəbiyyat
02.03.2016 / 16:00

"Sarı gəlin"inin təqdimatı keçirilib

"Sarı gəlin"inin təqdimatı keçirilibBeynəlxalq Mətbuat Mərkəzində tanınmış yazıçı, əməkdar jurnalist Yusif Kərimovun "Sarı gəlin…" əsərinin təqdimat mərasimi keçirilib.
Yazıçının anadan olmasının 75 illiyi ilə eyni vaxta düşən toplantını Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açaraq müəllifin mətbuatımızın inkişafındakı xidmətlərini yada saldı. Ahıl Jurnalistlər Məclisinin sədri kimi gördüyü işləri yüksək dəyərləndirdi.
Məclisdə Yusif Kərimovun qələm dostları Məzahir Süleymanzadə, Fazil Güney, Zemfira Məhərrəmli, Şakir Yaqubov, Atababa İsmayıloğlu, Adil Cəmil, Firuz Mustafa, Şəddad Cəfərov və b. çıxış edərək "Sarı gəlin…"in məziyyətlərindən, iki gəncin nakam məhəbbətinin timsalında xalqımızı 20 Yanvar faciəsinə məruz qoyan ictimai-siyasi hadisələrin bədii boyalarla təsvirindən söhbət açıb. Çıxışçılar əsərdə xalqla ordunun dili ilə, dəyənəklə danışan dövlətlər və onun başçıları yazıçılar tərəfindən belə məhşər ayağına çəkilir, vaxt gələndə lənətlərdən yaxalarını qurtara bilmədikləni bildiriblər.
20 Yanvar gecəsində də sovet ordusu xalqla bu dildə danışdı, onun istək və arzularına məhəl qoymadı. Əsərin bu xüsusiyyətini nəzərə alaraq onun rus dilinə (lazım gələrsə başqa dillərə də) tərcümə olunması tövsiyə olundu. Bu yolla 20 Yanvar hadisələri vaxtı əliyalın insanlara müasir hərbi texnika ilə təcavüz edən keçmiş sovet ordusunun əsgərləri vicdan məhkəməsinə çəkilə bilər, bu digərlərinə də dərs olar.
Yığıncaqda "Sarı gəlin…"in təqdimatının Xocalı soyqırımının ildönümü ərəfəsində keçirilməsi xüsusilə vurğulandı. Bu soyqırımın elə 20 Yanvar hadisələrindən qaynaqlandığı, eyni mənbədən alovlandığı yada salındı.
Çıxışçılar yazıçı-publisist Yusif Kərimovun mükafatlarını və onlarla bədii və publisistik kitablarını, əsərlərini yada saldılar.
Məclis Yusif Kərimovun toplaşanlara, təşkilatçılara təşəkkürü ilə sona çatdı.
A.Xiləli

Baxış sayı: 330