Ədəbiyyat
05.03.2016 / 13:46

Möhtəşəm şeir şöləni keçirilib- İtaliyada

Möhtəşəm şeir şöləni keçirilib-
Təranə Turan Rəhimli/DGTYB Məsləhət Şurasının üzvü, ADPU-nun dosenti

Türkiyənin sayğın ədəbi qurumlarından olan, geniş ölçəkdə tanınıb-sevilən şair, yazar, alim, çevirmənləri öz çevrəsində toplayan, onların yaradıcılıqlarını uluslararası ortamda tanıdan KİBATEKin (Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumu) üzvləri İtaliyada Uluslararası Ədəbiyyat festivalnda bir araya gəldilər. İtaliyanın Pablo Neruda Mədəniyyət Mərkəzinin və KİBATEKin birlikdə düzənlədiyi 39-cu Uluslararası Ədəbiyyat Şöləni müxtəlif ölkələrin – İtaliya, Türkiyə, Azərbaycan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İraq, Hindistan, İrlandiya, Kanada, Rumıniya, Hollandiya, Almanya, Albaniya, Belçika, Filippin, Çili, Bosniya-Hersoqovinya ədəbiyyatçılarını, aydınlarını İtaliyada bir araya gətirdi. KİBATEK Yönətim Kurulu üzvlərinin 17 şubatda Roma gəzintisindən başlayaraq, ölkənin mədəni, tarixi abidələri ilə tanışlığı dərin təəsüratlarla yadda qaldı. Romanın Kolizey, Vatikan, Fontane Truve kimi (dünyaca dəyərli) mədəni-tarixi abidələrindən sayılan qədim məkanları ziyarət edildi.
18 şubatda qatarla Romadan Bari şəhərinə gələn KİBATEK heyəti Pablo Neruda Mədəniyyət Mərkəzinin rəsmi nümayəndəliyi tərəfindən böyük sayğı ilə qarşılandı. Şölən qatılımçılarının onuruna Taranto şəhərində İtalyan Dəniz Qüvvələri Komandanlığının “Circolo Ufficiali”sində verilən “Şölən açılış ziyafəti”ndə müxtəlif ölkələrin ədəbiyyatçıları bir-birilə tanış oldu. Pablo Neruda Mədəniyyət Mərkəzinin prezidenti prof. Saverio Sinopoli, onun müavini Maria Miraqlia, KİBATEK-in qurucusu, fəxri başqan Fəyyaz Sağlam, Şölənin bədii işlər üzrə direktoru Massimiliano Raso qonaqları bir-birinə təqdim etdi.
19 fevralda Bari Aldo Moro Universitetində “Sala del Centro Polifunziole Konfrans Salonu”nda KIBATEK Uluslararası Ədəbiyyat Şöləni öz işinə başladı. Lino Patrunonun aparıcılığı ilə keçirilən şöləndə Maria Miraqlia giriş sözü ilə söyləyərək, bu gözəl ədəbi tədbirin keçirilməsi zərurətini yaradan amillərdən danışdı. O, uluslararası düzeydə keçirilən belə tədbirlərin qlobal üzüntülərin baş alıb getdiyi bir vaxtda, daha səmərəli olduğunu, müxtəlif millətlərin ədəbiyyat adamlarının sözə, söz yiyəsinə sevgisiylə… əslində dünyaya barış toxumu səpdiyini vurğuladı. Xanım Maria Miraqlia bu Şölənin İtaliya-Türkiyə, İtaliya-Azərbaycan, İtaliya-Kanada, İtaliya-Filippin… və eləcə də, tədbirə qatılan digər ölkələrlə ədəbi ilişkilərin genişlənməsi baxımından böyük töhfələr verəcəyinə əmin olduğunu qeyd etdi. Bari şəhər Bələdiyyəsinin Mədəniyyət işləri müdiri Silvio Maselli öz çıxışında ədəbi ilişkilərin dünya xalqlarının qaynayıb-qarışmasında, bir-birini yaxından tanımasında ciddi önəm daşıdığını bildirdi. Köklü təhsil gələnəkləri ilə Avropada özünəxas mövqeyi olan Bari Aldo Moro Universitetinin rektoru prof. dr. Antonio Felice Urıcchıo Uluslararası Şölənin, başçılıq etdiyi universitetdə gerçəkləşməsindən böyük fəxarət duyduğunu, tələbələrin dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində belə tədbirlərin böyük önəm daşıdığını vurğuladı. Rektor prof. Antonio Felice Urıcchıo Bari Aldo Moro Universitetinin uluslararası təhsil aləmində tutduğu mövqe, başlıca uğurları, eləcə də, universitetin yertləşdiyi şəhər haqqında bilgilərlə qonaqların təsəvvürlərinə aydınlıq gətirdi. KIBATEK başqanı dr. Mevlut Kaplan, Bosniya-Hersoqovinyanın İzmirdəki baş konsulu Ahmet Kemal Baysak, Türkiyənin Brindisidəki baş konsulu Pınar Uğursal Bolognini çıxışlarında bu Şölənin dünya xalqlarının təkcə ədəbi ilişkilərinə deyil, bu ilişkilər üzərindən, siyasi münasibətlərinin də yaxşı anlamda dəyişməsinə təsir aspektlərindən söz açdılar. Çıxışlarda 39-cu Uluslararası Ədəbiyyat Şöləni yalnız söz sənətinin təntənəsi tək yox, həm də insanlığın bayramı kimi qiymətləndirildi.
Möhtəşəm şeir şöləni keçirilib-
Ölkələr adından çıxış etmək üçün yeddi ölkənin iştirakçısına söz verildi. Hindistandan Jernail Singh Anand, Kanadadan Ashok Bharqava, Rumıniyadan Bruma Anka Mihaela, Azərbaycandan bu sətirlərin yazarı, İrlandiyadan Amy Barry, İraqdan Kemal Beyatlı, Quzey Kıbrıs Türk Cümhuriyyətindən Sevil Emirzade çıxış edərək bu tədbirin, savaşların tüğyan etdiyi, uluslar, dövlətlərarası münaqişələrin getdikcə artdığı bir dönəmdə, nə qədər böyük önəm daşıdığını, şeir diliylə, ədəbiyyat sevgisiylə insanlığı bir araya gətirmək kimi qutsal amala xidmət etdiyini vurğuladılar. İraqlı şair Kemal Beyatlının dünyaya səslənən “Cocuqlar ölməsin!” ismarıncı bütün salonu titrətdi. Azərbaycanı təmsil edən bu sətirlərin yazarı, öz çıxışında bu Şölənin Azərbaycan-İtaliya ədəbi ilişkilərininə töhfələr verəcəyindən söz açaraq, şölənöncəsi ədəbi tanışlıqlar sayəsində bələd olduğu çağdaş italyan ədəbiyyatçılarından çevrilər etdiyini bildirdi. O, italyan şairi Maria Miraqlianın şeirlərinin Azərbaycan mətbuatında yayımlanmasını, eləcə də, öz şeirlərinin Maria Miraqlianın çevirməsində İtaliyada (italyan və ingilis dillərində) çap edilməsini bu ilişgilərin genişlənməsi baxımından, ilkin uğur olaraq vurğuladı. Şölən qatılımçılarının şeirlərini özündə birləşdirən ingilis və italyan dilində şeirlərin və özkeçmişlərin yer aldığı “Poeziya antologiyası”nın da nəşrini ədəbi ilişgilər sahəsində önəmli addımlardan biri kimi dəyərləndirdi. Təranə Turan Rəhimli bu kimi çalışmaların gələcəkdə öz çevrəsini daha da genişləndirəcəyinə, şölən atılımçılarının hər birinin şeirlərinin Azərbaycanda, Azərbaycan şairlərinin yaradıcılıq örnəklərinin isə həmin ölkələrdə nəşrinə əminliyini vurğuladı.
Bari Aldo Moro Universitetində gerçəkləşən şeir şölənində Leyla İşık, Fəyyaz Sağlam, dr.Mevlüt Kaplan (Türkiyə), Maria Mıraqlıa (İtalya), dos.dr. Təranə Turan Rəhimli (Azərbaycan), Kornelia Marks (Almaniya), Nuri Can (Hollandiya), Sevil Emirzade (KKTC), Ashok Bhargava, Aida Bhargava (Kanada), Pen Pen Bugtong Takipsilim (Filippin), Anka Mihaela Bruma (Rumıniya), Amy Berry (İrlandiya), dr.Jernail Singh Anand (Hindistan), Aron Shele (Belçika), Shqiponja Duro (Albaniya), Kemal Beyatlı (Iraq) şeirlərini səsləndirdilər.
Tədbirdə KİBATEK qurucusu və fəxri başqanı, TC Dokuz Eylül Univesritetinin müəllimi Fəyyaz Sağlamın “Doğu şeiri – Batı şeiri bağlamında çağdaş Türk şeiri” mövzusunda məruzəsi dinləyicilərin böyük marağına səbəb oldu. Məruzəçi İtaliyanın yerli xalqı etruslarla türklərin kök bağlılığına aydınlıq gətirən məqamlara da toxundu. Festifalın fəxri fərmanlarını iştirakçılara təntənəli surətdə təqdim edən rektor prof.dr. Antonio Fellice Urıcchıoya müxtəlif ölkələrin nümayəndələri öz ölkələrinin simvolik hədiyyələri ilə minnətdarlıqlarını ifadə etdilər. Masaüstü Azərbaycan bayrağını, Bakı-İçərişəhər illüstrasiyalı hədiiyəni, həmçinin “Sevgimden tanıyacaklar” adlı Türkiyədə nəşr olunan kitabını rektora hədiyyə edən Azərbaycanlı şair Təranə Turan Rəhimli belə bir möhtəşəm Şölənin gerçəkləşməsində əməyi olan təşkilatlara, eləcə də Bari Aldo Moro Universitetinə dərin təşəkkürünü bildirdi. Bari Aldo Moro Universitetindəki tədbir rektorluğun KİBATEK heyətinin şərəfinə verdiyi ziyafətlə başa çatdı.
Şölən çərçivəsində hərəkət edən ədəbiyyatçılar İtaliyanın Puliya vilayətində Alberobello kommunasına səyahət etdilər. Alberobello Bələdiyyəsi başqanı Mikele Longo ilə görüşdən sonra qədim nağılvari evlərin yerləşdiyi, dünya turistlərinin axışdığı əfsanəvi Turilli evlərini gəzdilər. Daha sonra isə Martina Francanı ziyarət etdilər. Günün sonunda Crispiano Cty Bələdiyyə başqanı Goffiolio Jppolitonun KİBATEK heyəti şərəfinə Pizzicheridde restoranında ziyafət verdi.
20 fevralda KİBATEK-çilər Taranto Bələdiyyə başqanını ziyarət etmiş, Tarantonun mədəniyyət işləri üzrə müdürü Ippazıo Stefano ilə görüşmüş, italyan mədəniyyət işçisi festival iştirakçılarıyla yaxından tanış olmuşdur. İtaliya Dəniz Qüvvələri Komandanlığını və tarixən ölkəni yadellilərdən qorumaq üçün mühüm hərbi iqamətgah olmuş əzəmətli Taranto Qalasını (Castello Aronesse) ziyarət edən ədəbiyyatçılar admiral Françesko Riççinin qalanın tarixi, sirli konstruksiyası və hərbi əhəmiyyəti haqqında məlumatlarını böyük həvəslə dinləyiblər. Françesko Riççinin öz işinə sonsuz sevgisini müşahidə edən şaair-yazarlar bir gündə gəzib başa çatdırmağın qeyri-mümkün olduğu böyük qalanın əsas keçidlərini, sirli guşələrini, eləcə də bürclərdə qoyulmuş orijinal Vatikan toplarını geniş və dərin hərbi biliyə malik admiralın sayəsində tanıdılar. İtaliya Dəniz Qüvvələri Komandanlığının verdiyi günorta yeməyi ziyafətindən sonra Taranto gəzintisi davam etdi.
Bari Aldo Moro Üniversitetinin Taranto korpusunda (Salone Dell universita Degli Studi Vıa Duomu) Şölənin qala gecəsi reallaşdı. Foyedə KIBATEK Yayınları tərəfindən nəşr edilən kitablar sərgiləndi. Qala gecəsinin aparıcısı məşhur sunucu Rosaballa De Giorgi festival həyəcanını yüsək səviyyədə ifadə edən nitqi ilə rəğbət qazandı. Tədbirin əvvəlində ödül törənini gerçəkləşdirən festival mənsubları və iştirakçılar KİBATEKin və Pablo Neruda Mədəniyyət Mərkəzinin mükafatları, medalları ilə təltif olundular. Dünya Gənc Türk Yazarlar Birliyini ödüllərini ədəbi əlaqələr sahəsində xidmətlərinə görə Saverio Sinopoli, Fəyyaz Sağlam, Maria Miraqlia, Leyla Işık, Ahmet Kemal Baysak və Massimiliano Rasoya həmin birliyin məsləhət konseyinin üzvü dosent doktor Təranə Turan Rəhimli təqdim etdi.
“Qala gecəsi”ndəki uluslarası şeir şölənində daha çox diqqəti çəkən məqam bu idi ki, şölən qatılımçıları şeirlərini öz ana dillərində oxuduqdan sonra, həmin şeirlərin italyancaya çevrisi İtaliyanın tanınmış bədii qiraət ustaları və teatr xadimləri Rosanna Morrigan Papalia, Miriam Linciano, Adriano Calzolaro tərəfindən məharətlə ifa edildi. “Qala gecəsi”ni unudulmaz edən təkcə poeziya örnəkləri deyil, həm də italyan balet, rəqs, folklor və musiqi qruplarının ifaları oldu. Balet üzrə Avropa birincisi seçilmiş Roberto Di Laura, müğənni Lorenzo Sermon, folklor rəqqası Selva Cupina, trio üzvləri Armonie Esemble, M.Vincen Zo Zecca, Miriam Rizzo və başqaları əsrarəngiz çıxışları ilə “Qala gecəsi”ndə fərqli ölkələrin iştirakçılarının zövqlərini oxşayıb, zəngin təəssüratarla yaddaşlara həkk olundu. Gecənin sonunda Taranto İncəsənət Liseyinin şagirdlərinin şölənə qatılan şairlərin karikaturalarından ibarət maraqlı hədiyyələri təntənəli surətdə təqdim olundu. Şölən qatılımçılarının birgə foto çəkdirməsindən sonra “Qala gecəsi” başa çatdı. Lakin Şölənin könüllərdəki ömrü hələ çox davam edəcək… Hər bir şairin ədəbiyyata, insana sevgi ilə döyünən qəlbində, ruhunda İtalyan qonaqpərvərliyi və Şölənin son dərəcə zəngin təəəssüratları həmişəlik yaşayacaqdır…/bizimyazi.com

Baxış sayı: 579