Gündəm, BİZ
02.03.2016 / 12:14

TopAzqulu və bozbaşxanım, yoxsa cihadçı...

TopAzqulu və bozbaşxanım, yoxsa cihadçı...
Azər Sariyev


Kitab oxumamanın faydaları barədə

“29 saylı” marşrut avtobusunda gənc qız və oğlan söhbətləşirdi. İxtilat düz qulağımın dibində getdiyindən söhbəti eşitməyə bilmirdim. Söhbətin şirin yerində, kəsdirə bilmədim, oğlan nə dedisə, qız cin vurmiş kimi “Yok ya” deyə qışqırdı. Bütün avtobus əhli də dönüb qıza baxdı. O da başını aşağı salıb donquldandı: “Allah, Allah ya. Nə baxırlar? Görgüsüzlər...”.
Belə hadiəslərlə yəqin ki, siz də qarşılaşırsınız. Küçədə, avtobusda, metroda gedərkən gənc qızların bir çoxu bəzi sözləri, hətta cümlələri Anadolu türkcəsində söyləyir. Məsələn, "yok ya" , "aşkım" və s. Fikirəri öz dilimizdə ifadə edə bilməməyin, yaxud gənc yelbeyinlərə xas formazonluğun nəticəsi olan bu cür əttökənliyin kompleks səbəbləri var. Əsas səbəb isə məncə, kitab oxumamaq və Türkiyə kanallarının təsirində olmaqdır.
Kitab oxumamaq insanda başıboşluq yaradır, başıboşluq isə insanın, xüsusən gənc insanın mənfi təsirlərə düşməsinə gətirib çıxarır. Kimsə deyə bilər ki, bu tendensiya tələbələr arasında da geniş yayılıb, onlar ki, kitab oxuyurlar. İmtahan verib kursdan-kursa keçmək üçün məcburiyyətdən dərslik oxumaq mütaliə anlamına gəlməz. Əmin olun ki, o tələbələrin çoxu universitetə qədər ali məktəbə girməkdən ötrü, ali məktəbdə isə diplom almaq üçün məcburiyyətdən əllərinə kitab alırlar. Diplom alan kimi olurlar orta statistik yelbeyinlər yığnağının bir parçacığı. Belələri, harada işləyirlər işləsinlər, oğlanlar Topazqulu, qızlar isə Bozbaşxanım olurlar.
Ancaq mütaliə ilə bağlı mübahisəli bir məqam da yaranır. Xaricdən ölkəmizə idxal olunmuş dini cərəyanların təsirinə düşən gənclərin beyinlərinin korlanmasında məhz kitablar böyük rol oynayır. Onlar ki, kitabı məcburiyyətdən yox, könüllü, istəyərək oxuyurlar. Yox, kimsə razılaşmayıb desə ki, hər yazılan və çap edilən kitab sayılmaz, orası mübahisələndirilə bilər. Həmin kitabları yazanlar və oxuyanlar, o nəşrlərdə yazılanları müdafiə və təbliğ edənlər sizinlə nə qədər desəniz, höcətləşərlər ki, onların oxuduqları cəmiyyət və bəşəriyyət üçün daha faydalıdır. Lap elə Suriyada döyüşə gedənlər və getməyə hazırlaşanları, yaxud onların bir az mötədil hissəsi. Bir çox valideyni danışdırsanız, övladının kitab oxumayıb Topazqulu olmasına, avtobusda formazonluq edən yelbeyin bozbaşxanımlığına daha çox tərəfdar çıxar, nəinki kitab oxuyub “cihadçılıq” etməsinə. Əlbəttə, hər ikisi pisdir, amma seçib qarşısında qalanda, əksəriyyət birincini istəyər. Bəs nə etməli, gənclərə necə yol göstərməli? Zənnimcə, hələlik mümkün olmayacaq. Əvvəlcə daha vacib məsələləri həll etməliyik. Məsələn, şəhid mədəniyyət xadimlərimizin xatirəsini əbədiləşdirmək kimi vacib məsələləri…

İnform.az

Baxış sayı: 501