Ədəbiyyat
01.03.2016 / 11:23

Saz havasında xəyala dalan şair...

Saz havasında xəyala dalan şair...
Rəhim Mehnət

25 dekabr 1958 ci ildə, soyuq bir qış günündə, Quba rayonunun Çartəpə kəndində bir uşaq dünyaya gəldi. Gələcəkdə söz aləmində bütün Türk dünyasının qibtə edəcəyi bir şəxs formalaşırdı. Həmzəyev Ramiz Mürsəl oğlu. 8 illik təhsilini doğulduğu kənddə, orta təhsilini Bakıda, fizika-riyaziyyat təmayüllü məktəbdə aldı. Sonra hərbi xidmət, ali təhsil.
Beynində həmişə Vətən simvolları ilə zəngin olan, dərin düşüncəli, cümlələr gəzdirən bir gənc.
Xalq şairi Osman Sarıvəlli 17 yaşında bu gəncə bir təxəllüs verdi- Qusarçaylı. O təxəllüs altında Türk dünyasına tanınan bir şair oldu Ramiz Qusarçaylı. Adı gələndə ayağa durub, imzası qarşısında baş əydiyimiz Ramiz Qusarçaylı.
Saz havasında xəyala dalan şair...

Ramiz müəllimlə ilk dəfə 2014 cü ilin oktyabr ayında, Hüseyn Cavid günlərində, BMM də keçirilən tədbirdə tanış olmuşam. İlk tanışlıqdan səmimi və mehriban münasibət yarandı. Zaman keçdikcə onu daha yaxından tanıdım. Tanınmış bir şair olmaqla yanaşı onun insani keyfiyyətləri məni heyran edib. Hər kəsi öz dili ilə dindirsən, danışdılar Ramiz müəllim zəngin ürək sahibidir. Misralarından dürr tökülən bu insan gənclər üçün istənilən zaman əlindən gələni etməyə hazırdır. Ramiz müəllim tanımadığı bir insanın yazdığı bir bəndi bəyənəndə ona yüksək reaksiya verir, onu qiymətləndirir, misra-misra dəyərləndirir. Kecən bu zaman kəsiyində Ramiz müəllimlə dəfələrlə görüşmüşəm. Hər görüşümüz gözəl, mənalı və səmimi olub. Hər görüşdə onu bir az yaxından tanımışam. Ramiz müəllimin yazılarında həmişə işiq axtarmışam. Misralarından özümə örnək götürmüşəm. Ramiz Qusarçaylının bir şair olmaqla yanaşı, onun musiqi duyumunun gözəl olması gözdən qaçmır. Azərbaycan muğamına həssas olması, muğamları, bölmələri bir şeir kimi, misra-misra duyur. SAZ musiqisi... Saz səsi gələndə Ramiz Qusarçaylı yaşadığı dünyadan üzülür. Ətrafdan təcrid olur. Saz ifa edənin, aşığın əllərinə baxır, barmaqların nizamla gedişinə fikir verir, bütün diqqətini sazın pərdələrində toplayıb, misra-misra, heca-heca gəzir. Saz havası, Ruhani sədaları altında deyilmiş möhtəşəm bir şeir.
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin,
O tayimda Savalan, bu tayimda Şah dağı, Azərbaycan bayrağı...
"Atamın xatirəsinə" yazılmış şeir.
Gözündən ölməyə başladı atam,
Gözündən düşməyə başladı dünya.
Saraldı gözünün ağ çiçəkləri,
Gəlib gözlərində qışladı dünya...
Səsləndikcə gözlərdən axan yaş damcıları, için-için atalı günlərin xatirələri. Ata gözlərində ölümü belə təsvir etmək?
Möhtəşəmdir. Və bütün mövzularında Vətəni tərənnüm edən dahi. Dahi sözünü əminliklə deyirəm. Çünki atam qədər mənim üçün dahidir Ramiz Qusarçaylı.
Əs Şuşadan Xan avazı,
Suyu yansın xan Arazın,
Durnatelli xan Eyvazın,
Həsrətindən xəstə Nigar, Bəstənigar..
Cahargah, Bəstənigar... Muğam duyğuları altında ərsəyə gələn şeir.
"Baş müxəmməs " şah beytimdi, " Baş sarıtel" ah beytimdi, "Kərəmi"mdi, "Dübeyti" mdi, Yar tələsi, ay Gilənar, ay Gilənar... Misralarda insanı valeh edən, xəyallara aparan sözlər cəmləşib.
Ramiz Qusarçaylı. Dəyərli insan. Mən əminəm ki, yaxın gələcəkdə sizin yaradıcılığınız haqda filologiya sahəsində mühüm araşdırmalar aparılacaq, elmi məqalələr, sizin tutduğunuz zirvə barədə dissertasiya işləri ərsəyə gələcəkdir. Azərbaycan ədəbiyyatında Ramiz Qusarçaylı imzası..
Sizə uğurlar, yeni-yeni misralar, həyat dolu, Vətən ovqatlı şeirlər arzulayıram.
İnform.az

Baxış sayı: 932